Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.12.2021 12:58
  • A-
  • A
  • A+

Saleh Rüstəmovun 110 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Saleh Rüstəmovun 110 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Əməkdar elm xadimi, coğrafiya elmləri doktoru, professor Saleh Rüstəmovun 110 illik yubileyinə həsr olunmuş “Azərbaycan hidrometeorologiyası və ətraf mühit” mövzusunda elmi-praktik konfrans keçirilib. 

Tədbir AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Yığıncağı Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov giriş sözü ilə açaraq Azərbaycanda coğrafiya elminin, xüsusilə hidrologiya elminin formalaşmasında, elmi-metodoloji yanaşmaların təkmilləşməsində görkəmli hidroloq alim, professor Saleh Rüstəmovun xüsusi xidmətləri olduğunu diqqətə çatdırıb. Bildirilib ki, alimin elmi yaradıcılıq fəaliyyətinin əsasını müasir coğrafiya elminin ən aktual və qlobal problemi olan Azərbaycan hidroqrafıyasının elmi-metodoloji və elmi-nəzəri ideyalarının işlənilməsi təşkil edir. 

Saleh Rüstəmovun çoxillik və çoxsahəli elmi yaradıcılıq fəaliyyətinin əsasını bilavasitə Azərbaycanın su ehtiyatlarının, çaylarının axım rejiminin su balansının öyrənilməsi problemi təşkil edib. İlk dəfə olaraq Azərbaycanda dağlıq bölgələrdə hündürlüyə görə su balansının dəyişməsi prinsipi və qanunauyğunluğu S.Rüstəmov tərəfindən işlənilməsi coğrafiya elmində mühüm elmi yenilik kimi qiymətləndirilir. Bu problemin həlli sahəsində yağış, çay sularının çay hövzələrindən buxarlanma şəraiti, yeraltı suların, səth sularının və s. rolu ayrı-ayrılıqda təhlil olunub və ölkənin potensial su ehtiyatları qiymətləndirilib.

Hidroloq alim Azərbaycan ərazisində ilk dəfə olaraq sellərin təsnifatını və rayonlaşmasını aparıb. “Kiçik Qafqaz çaylarının su balansı”, “Azərbaycanın su balansı”, “Azərbaycanın su ehtiyatları” əsərlərindəki elmi - metodoloji ideyalar Azərbaycanda hidrologiya elminin zənginləşməsində xüsusi rol oynayır.

S.Rüstəmov dəfələrlə keçmiş Sovet məkanında hidroloji problemlərə həsr olunmuş beynəlxalq elmi konfranslarda özünün perspektivli məruzələri ilə Azərbaycanı yüksək səviyyədə təmsil edib. Azərbaycanda milli coğrafiyaçı kadr potensialının hazırlanmasında onun əvəzsiz xidmətləri olub.

Konfrans öz işini  “Su ehtiyatları və sudan istifadə” və “İqlim dəyişmələri və ətraf mühit” sessiyalarında davam etdirib.

Zakir Eminov “Azərbaycanın su ehtiyatlarından istifadənin əsas xüsusiyyətləri”, c.e.d. Fərda İmanov həmmüəllif olduğu “Böyük Qafqaz dağ-qırışıqlıq zonasının yeraltı sularının qiymətləndirilməsi”, c.e.d. Vaqif Məmmədov “Azərbaycanda limnoloji tədqiqatlar və onların əsas inkişaf istiqamətləri”, c.e.d. Rza Mahmudov “Azərbaycanda regional iqlim dəyişmələri və onun hidrometeoroloji şəraitə təsiri”, c.e.d. Səid Səfərov “2017-ci ilin iyun ayında Azərbaycanın qərb ərazilərində baş verən güclü ildırım-dolu hadisələri”, c.e.d. Əmir Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda buzlaşma hadisələri”, c.ü.f.d. İsmayıl Quliyev həmmüəllif olduğu “Qarabağın arid, semi-arid ərazilərinin ekocoğrafi şəraiti və aqrar-sənaye kompleksinin prioritet istiqamətləri”, c.ü.f.d. Rəşail İsmayılov “Qarabağ iqtisadi rayonunun su potensialı”, c.ü.f.d. Habil Haqverdiyev həmmüəllif olduğu “Tanınmış coğrafiyaçı alim Saleh Rüstəmovun elmi yaradıcılıq fəaliyyəti” və s. mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: