Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.12.2021 17:12
  • A-
  • A
  • A+

MEK əməkdaşları Şəki şəhərində elmi ezamiyyətdə olublar

MEK əməkdaşları Şəki şəhərində elmi ezamiyyətdə olublar

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova, əməkdaşlardan Alidə Həsənova, Həbibə Əliyeva, Gülbahar Abdullayeva, Kəmalə Cavadova və Röya İsrafilova Şəki şəhərində elmi ezamiyyətdə olublar.

MEK əməkdaşları əvvəlcə Şəkidə Şəhidlər xiyabanını ziyarət ediblər.

Səfər çərçivəsində Mərkəzi Elmi Kitabxananın, Şəki Regional Elmi Mərkəzinin və Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialının birgə təşkilatçılığı ilə görkəmli mütəfəkkir şair Nizami Gəncəvi yaradıcılığına dair AMEA tərəfindən dərc edilmiş 20-dən artıq elmi tədqiqat nəşrlərinin təqdimatı keçirilib. Təqdimat Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən təşkil edilib.

Yığıncağın açılışında çıxış edən Şəki Regional Elmi Mərkəzinin direktoru, f.ü.f.d., dosent Yusif Şükürlü dahi şair Nizami Gəncəvi yaradıcılığının əhəmiyyətindən söhbət açıb, böyük mütəfəkkirin irsinin tədqiq olunması istiqamətində görülən işlərdən və aparılan elmi tədqiqatlardan danışıb.

Sözügedən tədbirdə MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müəllifi olduğu “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində”, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” (on dildə), AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovun “Мыслитель затменный славой поэта о научном мировоззрнии Низами Гянджеви” və digər alimlərin müəllifi olduğu şairin zəngin irsini özündə əks etdirən nəşrlər haqqında məlumat verib.

Səyyarə Məmmədova, həmçinin Nizami Gəncəvi irsinin toplanılması, saxlanılması və cəmiyyətə çatdırılması istiqamətində cari il ərzində Mərkəzi Elmi Kitabxananın gördüyü işlərdən də danışıb, elmi redaktoru MEK-in baş direktoru, professor Məmməd Əliyev olan və özünün müəllifliyi ilə ərsəyə gələn “Nizami Gəncəvi irsinin kitabxanalarda təbliği” adlı metodik vəsait haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. 

Tədbirdə MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin baş mütəxəssisi Alidə Həsənova Mərkəzi Elmi Kitabxana tərəfindən tərtib edilən, Ön sözünün müəllifi AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, redaktoru MEK-in baş direktoru, professor Məmməd Əliyev olan “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” adlı biblioqrafik göstəricidən, “Qarabağ müharibəsi qəhrəmanları” fondunun əməkdaşı Həbibə Əliyeva sözügedən fondun yaranması, fəaliyyəti və cəmiyyətə düzgün aşılanması istiqamətində görülən işlərdən danışıb. Tədbir ərzində fondun fəaliyyətini əks etdirən videoçarx da nümayiş olunub.

Tədbirdə, həmçinin Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialının elmi katibi, Şəki Regional Elmi Mərkəzinin Folklorşünaslıq və el sənətləri şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d. Kamil Adışirinovun, ADPU-nun Şəki filialının elmi işlər üzrə direktor müavini, dosent Nurəli Çələbiyevin və pedaqoq Pakizə Əliyevanın mövzu ətrafında çıxışları dinlənilib. Çıxışlarda Nizami Gəncəvinin hər zaman yaşayacağı, yaradıcılığının bəşəri dəyər kimi hələ bundan sonra da neçə-neçə nəsillərə ötürüləcəyi qeyd olunub.

Qeyd edək ki, hər üç təşkilat bir-birinə mübadilə əsasında Nizami Gəncəvi yaradıcılığına dair və digər elmi mövzuları əhatə edən ədəbiyyatlar hədiyyə ediblər.

Həmçinin ezamiyyə zamanı MEK əməkdaşları Şəki şəhər Mərkəzi Kitabxanasının əsas fəaliyyət istiqamətləri ilə tanış olub, əlaqələrin genişləndirilməsi baxımından fikir mübadiləsi aparıb, nəşrlər təqdim ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: