Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

23.12.2021 10:46
  • A-
  • A
  • A+

Beşbarmaq dağında arxeoloji qazıntılar davam etdirilir

Beşbarmaq dağında arxeoloji qazıntılar davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında 8 iyun 2020-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası üçün t.ü.f.d, dosent Səfər Aşurov və elmi işçi Sevinc Hüseynovanın rəhbərliyi ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Beşbarmaq” arxeoloji ekspedisiyası yaradılıb.

2021-ci ilin noyabr-dekabr aylarında Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə qoruq ərazisindəki abidələrin geniş arxeoloji tədqiqi davam etdirilib. Birinci terrasda 4 qala bürcü, qala divarlarının böyük bir hissəsi, 13 tikili qalığı, ikinci terrasda isə qala divarlarının qərb tərəfi, əlavə olaraq 1 qala bürcü və 4 tikili qalığı təmizlənib.

1-ci terrasın cənubunda nisbətən salamat qalmış qala divarlarından fərqli olaraq məscid ətrafında tədqiq edilən qala divarlarında bucaqlar, künclər, rizolitlər yoxdur və yalnız yarımdairəvi bürc qala divarına nisbətən önə çıxır. Birinci bürcün ətrafından əldə edilən saxsı məmulatı içərisində üzərlərində kəmərşəkilli yapmaları olan parçalar diqqəti cəlb edir. Bu tip keramika erkən orta əsrlər dövrünə (IV-VII) aid edilir.

4-cü evin şərq divarında iki taxça yeri, şimal divarda, giriş qapısının əks istiqamətində kürsü-buxarı yeri var. Evin geniş bir hissəsində qazıntılar davam etdirilərkən məlum olub ki, o daha erkən tikilinin və təndirlərin üzərində qurulub. Üç ədəd təndir yeri, ikisi bir-birini kəsmiş halda, biri isə ayrıca qurulub.

Bu sahədən əldə edilmiş ən maraqlı tapıntı isə təndirlər səviyyəsindən aşağıya doğru əldə olunmuş saxsı qab hissələri və dən daşı qalığıdır. Bu tapıntılar Erkən Tunc dövrünə, Kür-Araz mədəniyyətinin Azərbaycanın şimal-şərq bölgələrini də əhatə edən lokal variantına aiddir.

Cari ildə həyata keçirilən qazıntılar bir sıra maraqlı faktları üzə çıxarıb. Ərazidə məskunlaşma hələ Erkən Tunc dövründə başlayıb. Beşbarmaq qalasının dağın üzərindəki hər iki terrası əhatə etdiyi müəyyən edilib. Mənbələrdə deyildiyi kimi, heç də 4 yox, daha çox bürc olub.

Qala divarlarına bitişik evlər çox güman ki, qala öz əhəmiyyətini itirdikdən sonrakı tarixi mərhələyə aiddir. 1-ci terrasdakı evlər isə daha əvvəlki dövrlərə aid evlərin üzərində qurulub. Su tünglərinin, təsərrüfat küpləri hissələrinin və təndirlərin aşkar edilməsi təsdiq edir ki, qala hərtərəfli təmin olunmuş təsərrüfat və sənətkarlıq istiqamətlərinə malik olub. Yonulmuş daşların, kaşı parçalarının əldə edilməsi bir daha təsdiq edir ki, ərazidə inzibati və dini tikililər mövcud olub. Bu cür tikililər isə adətən şəhər xüsusiyyətlərinə malik yaşayış məskənlərində olur.

Qeyd edək ki, dekabrın 21-də Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, t.e.d., professor Abbas Seyidov və müəssisənin Arxeoloji abidələrin toplusu sektorunun müdiri, t.ü.f.d. Mikayıl Mustafayev arxeoloji qazıntı ilə yaxından tanış olmaq məqsədilə “Beşbarmaq” qalasında olublar.

Qazıntı prosesi, əldə olunmuş arxeoloji tapıntılarla tanışlıqdan sonra professor Abbas Seyidov abidədə qazıntıların növbəti tədqiqat ilində davam etdirilməsinin zəruriliyini vurğulayıb və abidənin təyinatı üzrə istifadəsi barədə tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: