Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Közərmə lampaları niyə qadağan edilir?
27.11.2013 00:00
  • A-
  • A
  • A+

Közərmə lampaları niyə qadağan edilir?

Müasir dövrdə hər bir sferada olduğu kimi, işıqlandırma sahəsində də innovativ inkişaf sayəsində yeni texnologiyalar tətbiq edilməkdədir. Bu texnologiyaların yaradılmasında başlıca məqsəd enerji sərfiyyatına qənaət etməkdir. Son illər dünyada abadlaşmış küçə, park, idarə və təşkilat, yaşayış və ətraf ərazilərdə elektrik enerjisinə qənaət edən effektiv və ekoloji cəhətdən təhlükəsiz işıqlandırma vasitələrinə üstünlük verilir. Közərmə, civə əsaslı lüminessent lampaları və digər süni işıq mənbələrindən istifadəyə isə qadağa qoyulur. Artıq bir sıra ölkələrdə tətbiq edilən bu qadağalar digər ölkələrdə də vüsət almaqdadır.

Bu qadağaların geniş tətbiqi enerji xərclərinin azaldılması, resurslardan effektiv istifadə və səmərəli texnologiyaların tətbiqi məqsədlərinə xidmət edir. Bu gün işıqlanmada kompakt lüminessent və işıq-diod lampalarının tətbiqinə cüzi vəsait qoymaqla sərf olunan elektrik enerjisinin 80%-nə qənaət etmək olar. XIX əsrin ortalarında icad edilən və getdikcə təkmilləşdirilən közərmə lampalarının ən böyük mənfi cəhətlərindən biri də onların tez sıradan çıxması və faydalı iş əmsalının aşağı olmasındadır. Qeyd etmək lazımdır ki, közərmə lampalarında enerji itkisi daha çoxdur. Həmin lampalarda elektrik enerjisinin 90%-i istililk enerjisinə çevrilir ki, bu da faydalı iş əmsalının və digər göstəricilərin asağı olmasına gətrib çıxarır. Mütəxəssislərin fikrincə, enerjiyə qənaət edən və ekoloji baxımdan təhlükəsiz olan müasir işıqlandırma vasitələrinin tətbiqi və istifadəsi zərərli maddələrin, o cümlədən karbon-dioksid qazı tullantılarının faizinin azalmasına da rəvac verəcək ki, nəticədə ekoloji cəhətdən zərərli olan istilik və atom elektrik stansiyalarının tikintisinə ehtiyac qalmayacaq.

Bu gün dünyanın bir sıra ölkələrində müasir dövrün tələbləri və işıq texnikasının inkişaf prioritetləri nəzərə alınaraq, közərmə lampalarının istehsalı və satışına qadağa qoyulub. Transmilli korporasiyalar elektrik enerjisinə qənaət və atmosferə karbon qazı tullantılarının azaldılması məqsədilə dünyanın bir çox ölkələrində közərmə lampalarının istehsalı və idxalının qadağan edilməsinə nail olublar. Bu lampaların isə elektrik enerjisinə qənaət edən lampalarla - kompakt lüminessent və işıq diodları lampaları ilə əvəz edilməsi tövsiyə olunur.

Közərmə lampalarının dövriyyəsinin məhdudlaşdırılması məsələsini ilk dəfə Avropa Birliyi qaldırıb. Belə ki, quruma üzv ölkələrdə bu lampaların mağazalar tərəfindən alınmasına qadağalar qoyma müddətinin başlanmasını nizama salan, həmçinin elektrik enerjisi sərf edən cihaz və sistemlərin enerjiyə qənaətinin artırılması üçün təlimat verilib. Sənədə əsasən, közərmə lampalarının satışdan çıxarılması və istifadəsinə qadağa mərhələli şəkildə aparılmağa başlanılıb. 2009-cu ildən 100 Vt və ondan da yüksək gücə malik közərmə lampaları, 75 Vt-lıq tutqun kolbalı lampalar (2010-cu ilin sentyabrından) və digərləri qadağan olunub. Bu qadağa 2012-ci ilədək 100 Vt-dan aşağı olan közərmə lampalarına şamil edilib, 2016-cı ilədək isə halogenli közərmə lampalarına aid ediləcək.

Bu cür qadağalar Avstraliya və Yeni Zelandiyada 2008-ci ildən qüvvəyə minib.

Kubada isə 15 Vt-dan artıq gücə malik közərmə lampalarının dövriyyəsinə məhdudiyyət 2005-ci ildən qoyulub.

Hindistanda 2012-ci ildə 400 milyon közərmə lampası qənaətcil lampalarla əvəz edilib. Bu addımın karbon qazı tullantılarının həcminin azaldılması məqsədilə atıldığı bildirilib.

ABŞ-da 2007-ci ildə prezident Corc Buş ənənəvi közərmə lampalarının enerjiyə qənaət edən lampalarla əvəz edilməsinə dair qanun imzalayıb. Sənədə əsasən, 2012-ci ilədək 100 Vt-lıq, 2013-cü ildə 75 Vt-lıq lampalar istifadədən çıxarılıb, 60 və 40 Vt-lıq lampaların isə 2014-cü ilədək istifadəsinin dayandırılması nəzərdə tutulub.

Çində közərmə lampalarının satışına Milli İnkişaf və İslahatlar Komissiyası qadağa qoyub. 2012-ci il oktyabrın 1-dən 100 Vt-dan artıq közərmə lampaları qadağan edilib. Bu qadağalar 2014-cü ildən 60 Vt-lıq, 2016-cı ildən isə 15 Vt-lıq lampalara şamil ediləcək.

Malayziyada isə közərmə lampalarının dövriyyəsinə tam qadağaların 2014-cü ildə qoyulması nəzərdə tutulub.

Argentinada közərmə lampalarının dövriyyəsi 2010-cu ildə qadağan edilib.

Qonşu Rusiyada isə 100 Vt-lıq közərmə lampalarının satışına 2011-ci il yanvarın 1-dən yol verilmir. 2012-ci il 13 yanvar tarixli “Enerjiyə qənaət və enerji səmərəliliyinin artırılması haqqında” Qanun közərmə elektrik lampalarının ölkə ərazisində dövriyyəsinin azalması və enerjiyə qənaət edən lampaların istifadəsinə mərhələli keçidi nəzərdə tutur.

2012-ci il iyulun 1-dən 100 Vt və ondan yuxarı, 2013-cü ilin yanvar ayından 75 Vt, 2014-cü ilin əvvəlindən isə ümumiyyətlə, közərmə lampalarına qadağa qoyulub.

Ukraynada enerjiyə qənaət edən və ekoloji baxımdan təhlükəsiz olan işıqlandırma vasitələrindən istifadənin stimullaşdırılması üçün bəzi qanunlarda dəyişikliklərin edilməsi haqqında qanun layihəsi qeydiyyatdan keçib. Obyektlərin işıqlandırılması üçün közərmə və civə əsaslı lüminessent lampalarından istifadənin qadağan olunması təklif edilib.

Qazaxstanda “Enerjiyə qənaət və enerjinin səmərəliliyinin artırılması haqqında” Qanunda 25 Vt və daha böyük gücə malik elektrik közərmə lampalarının istehsalı və satışı qadağan edilib. Qanunvericiliyin müəyyən etdiyi tələblərə cavab verməyən materialların istehsalı, texnologiya və materiallardan inşa edilən binalarda, tikintilərdə istifadəyə yol verilmir.

Belarusda “Hər mənzildə 60 vatt enerjiyə qənaət” adı altında aksiya keçirilib. Məqsəd 75 Vt-lıq közərmə lampalarını enerjiyə qənaət edən 15 Vt-lıq lampalarla əvəz etməklə enerjiyə 60 Vt qənaət etməkdir. İstehsalçıların bildirdiklərinə görə, közərmə lampalarının istifadə müddəti 1000 saatdırsa, enerjiyə qənaət edən lampalarda bu göstərici 8000 saatdır.

Mütəxəssislərin hesablamalarına görə, aksiya şərtləri yerinə yetiriləcəyi halda il ərzində 467 mln. kVt/s elektrik enerjisinə qənaət etmək mümkün olacaq.

İsraildə enerjiyə qənaət edən işıqlandırma sisteminə keçidlə əlaqədar “80% daha qənaətcil” layihəsi 2009-cu ildən reallaşdırılmağa başlayıb. Layihə çərçivəsində iri ticarət şəbəkələrindən 1000 000 közərmə lampası toplanılıb. Mütəxəssislərin fikrincə, məişətdə enerji sərfiyyatının optimallaşdırılması atmosferə atılan parnik qazlarının azalmasına gətirib çıxaracaq. Aparılmış tədqiqatlara görə, hər il Tel-Əvivdə atmosferə 4,5 ton karbon-dioksid qazı (CO2) atılır ki, bu da ölkə üzrə ümumi həcmin 6%-ni təşkil edir. İldə orta hesabla 1800 saat işləyən 100 Vt-lıq lampa 133,2 kq karbon qazı “istehsal edir”. Buradan belə nəticəyə gəlmək olar ki, bir milyon közərmə lampasının qənaətcil lampalarla əvəz edilməsi ildə karbon qazı tullantılarının 106 min ton azaldılması deməkdir.

Qeyd edilənləri və görülən tədbirləri nəzərə alan istehlakçılar bu gün daha çox kompakt lüminessent lampalarına maraq göstərirlər. Bu lampaların elektrik enerjisinə beş dəfə artıq qənaət etməsi, uzun müddət xidmət göstərməsi, parlaq işıqlandırmaya malik olması onu digər enerji mənbələrindən fərqləndirir. Hesab edilir ki, 100 vatlıq közərmə lampalarını 20 vatlıq kompakt lüminessent lampaları ilə əvəz etməklə, elektrik enerjisinə 80% qənaət etmək olar.

Lampaların digər üstünlüyü daha uzun yararlılıq müddətinin olması (adətən 6-12 min saat təşkil edir) ilə bağlıdır. Kompakt lüminessent lampa analoji közərmə lampalarından fərqli olaraq 5-6 dəfə az istilik verir. Kolbanın temperaturu isə 50-600 C-ni keçmir. Müqayisə üçün qeyd edək ki, közərmə lampaları 1300 C-dək qızır.

Mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də kompakt lüminessent lampanın içərisindəki civənin yarada biləcəyi təhlükə ilə bağlıdır. Məlumdur ki, civə ən müxtəlif materiallara asanlıqla hopur. Misal üçün, əgər lampa xalçanın üzərinə düşərək sınırsa, bu zaman onu civədən təmizləmək praktiki olaraq mümkün deyil, xalçanı atmaq daha məsləhətlidir.

Bu baxımdan, sıradan çıxmış kompakt lüminessent lampalarının utilizasiyası (məhvi) hazırda həlli mühüm olan problemlərdən biridir. Məlumdur ki, hər bir lampada buxar şəklində aqreqat vəziyyətində 3-5 mq civə olur. Buna görə də təkcə emal edilmiş lampaların utilizasiyası prosesi deyil, həm də onlarla səhlənkar rəftar təhlükəli vəziyyətlərə gətirib çıxara bilər. Lampanın sınmış və ya zədələnmiş kolbası civə buxarı buraxır ki, bu da ağır zəhərlənmələrə səbəb ola bilər. Civənin orqanizmə daxil olması sayəsində sinir sistemi, qara ciyər, böyrək, mədə-bağırsaq traktı zədələnir. Gigiyena baxımından, civə ən təhlükəli kimyəvi maddələr qrupuna daxildir. Bu nöqteyi-nəzərdən, utilizasiya olunmamış lüminessent lampalarının ekologiyaya vurduğu zərəri təsəvvür etmək elə də çətin deyil.

Kompakt lüminessent lampalarının əsas istehlakçıları əhalidir, bu məhsulların 70%-i əhalinin payına düşür. Lakin, ticarət şəbəkələrində satılan civə tərkibli lampaların əksəriyyətinin nişanı üzərində lampanın tərkibində civənin olması, kimyəvi maddənin ətraf mühitə düşməsi ehtimalı ilə bağlı risklər, lampa zədələnərkən istehlakçının əməl etməli olduğu qaydalar, emal edilmiş lampaların xüsusi qəbul məntəqələrinə təhvil verilməsi haqda informasiya yoxdur.

Hazırda lampaların mərkəzləşdirilmiş şəkildə toplanması və emalı şəbəkəsinin, həmçinin vətəndaşların bu sahədə məlumatlı olmaması və məsuliyyətsizliyi ucbatından bu lampalar digər tullantılarla birgə atılır. Əhali bu lampaları məişət tullantıları ilə birgə atmaqla zibil borularını, konteyner ərazilərini, bərk məişət tullantıları poliqonunu və ətraf mühiti civə ilə çirkləndirir. Qeyd edək ki, sivil ölkələrdə kompakt lüminessent lampalarının toplanması üçün konteynerlər mövcuddur.

Məlumat üçün onu da qeyd edək ki, hələ 1998-ci ildə Almaniyada batareyaların utilizasiyası haqqında qərar qüvvəyə minmişdir. Bu sənədin əsasında batareya satışını təşkil edən bütün mağazalara bu məhsulları əhalidən pulsuz qəbul etmək göstərişi verilmişdir.

Ümumiyyətlə, köhnə elektrik və elektron cihazların, o cümlədən batareya və lampaların təhvili üçün Azərbaycanda da qəbuletmə məntəqələri olmalı və bu cihazların təhvili həcmindən asılı olmayaraq ödənişsiz olmalıdır. İstehlakçının əldə etdiyi məhsul haqda etibarlı informasiya almasına gəlincə isə, bu sahədə ölkəmizdə mövcud vəziyyət qanunvericiliyin tənzimlənməsini tələb edir. Bununla əlaqədar olaraq, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərin edilməsi zəruridir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: