Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.12.2021 17:38
  • A-
  • A
  • A+

2022-ci ildə Qarabağda 4 seysmik stansiya quraşdırılacaq

2022-ci ildə Qarabağda 4 seysmik stansiya quraşdırılacaq

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) illik hesabat iclası keçirilib.

Tədbirdə çıxış edən RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli 2021-ci ildə mərkəzdə aparılmış kompleks seysmoloji - geofiziki tədqiqatlar və əldə olunmuş nəticələr, beynəlxalq seysmoloji təşkilatlar və xarici ölkələrin seysmoloji mərkəzləri ilə əməkdaşlıq, eləcə də bu il beynəlxalq qrant layihəsi çərçivəsində ölkəmizə gətirilən 22 ədəd seysmik stansiyalar və onların quraşdırılması haqqında danışıb. 

Baş direktor, həmçinin işğaldan azad olunmuş rayonlarımızda quraşdırılacaq yeni seysmik stansiyalardan da söz açaraq bildirib ki, Qarabağda 10 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulub. Hazırda işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi ilə bağlı problemlər tam aradan qalxmadığı üçün bu istiqamətdə işlərin bir qədər ləngidiyini qeyd edən Qurban Yetirmişli gələn il Qarabağda dörd seysmik stansiyanın quraşdırılmasının nəzərdə tutulduğunu, həmin stansiyalardan birinin qardaş Türkiyə Cümhuriyyəti tərəfindən veriləcəyini deyib. Həmçinin o, çıxışında respublikanın ayrı - ayrı bölgələrində yerləşən seysmik stansiyaların əməkdaşlarının qarşıda duran vəzifələri və təşkilatdaxili digər məsələlərə də toxunub.

Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov öz çıxışında yeni seysmik stansiyaların quraşdırılması və tətbiq olunan yeni texnologiyalarla bağlı məlumat verib.

Baş direktorun müavini Ramiz İsgəndərov isə seysmik stansiyaların işi, texniki - təminat və qışa hazırlıq məsələləri haqqında danışıb.

Daha sonra RSXM-nin Bərdə seysmik stansiyasının müdiri Gəray Əsədov, Gəncə seysmik stansiyasının müdiri Ağa Mustafayev, Şəki seysmik stansiyasının müdiri Aydın Abbaslı və digər seysmik stansiyaların rəhbərləri 2021-ci ildə görülən işlərə dair hesabatla çıxış ediblər.

Qeyd edək ki, illik hesabat iclasından sonra seysmik stansiyaların əməkdaşlarına yeni cihazların iş prinsipi və digər texniki məsələlərə dair treninq keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: