Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.12.2021 15:32
  • A-
  • A
  • A+

“Nizami Gəncəvi dövrü maddi-mədəniyyətinin işığında” mövzusunda elmi konfrans keçirilib

“Nizami Gəncəvi dövrü maddi-mədəniyyətinin işığında” mövzusunda elmi konfrans keçirilib

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunan “Nizami Gəncəvi dövrü maddi-mədəniyyətinin işığında” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-da “Nizami Gəncəvi İli” çərçivəsində görülmüş işlər, əldə olunmuş nəticələr, eləcə də nizamişünaslıq ilinin inkişaf mərhələləri haqqında məlumat verib. O qeyd edib ki, Nizami Gəncəvi irsinin öyrənilməsinin ən yeni mərhələsi dövlət başçısı İlham Əliyevin adı ilə bağlıdır. Akademikin sözlərinə görə, dövlət başçısının Nizami Gəncəvinin 880 illiyinin keçirilməsi ilə bağlı Sərəncamından sonra dahi şairin ölkəmizdə və beynəlxalq miqyasda tanıdılması istiqamətində ciddi addımlar atılıb. Belə ki, Nizami irsinin yenidən araşdırılması, öyrənilməsi və təbliği istiqamətində yeni hərəkata start verilib, fundamental tədqiqatlar aparılıb.

Akademik İsa Həbibbəyli AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin institutlarında “Nizami Gəncəvi İli”nə həsr olunmuş 45 kitabın (14-ü xaricdə) çap olunduğunu, 104 məqalənin yazıldığını (41-i xaricdə), həmçinin 46 konfransın (onlardan 20-si respublika, 16-sı beynəlxalq) keçirildiyini diqqətə çatdırıb.

Tədbirdə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov bildirib ki, milli-mənəvi dəyərlərə hörmət ölkə başçısının apardığı siyasətin mühüm tərkib hissələrindən biridir. “Nizami dövrünün ictimai-siyasi mühiti” adlı məruzə ilə çıxış edən A.Seyidov konfransın “Nizami ili”nə töhfə olduğunu deyib və tədbirdəki məruzələrin kitab şəklində çap olunacağını söyləyib.

Konfransın plenar iclasında institutun şöbə müdiri, professor Hidayət Cəfərovun “Nizami vətəni Gəncənin həmdövrü olan Əbdülməkarim Mücirəddinin yurdu Beyləqan şəhəri haqqında”, t.ü.f.d. Akif Quliyevin “Şirvanşahların son iqamətgahı Buğurt qalasında arxeoloji tədqiqatlar”, t.ü.f.d. Bəhlul İbrahimlinin “Xaraba Gilanın Nizami dövrü memorial abidələri” və t.e.d. Güllü Məmmədlinin “Nizami Gəncəvinin əsərlərinin rus dilinə tərcüməsində ərmən məsələsi” adlı məruzəsi dinlənilib.

Plenar iclasdan sonra çıxışlar seksiyalar üzrə davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: