AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda bu təşkilatın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Gənc kimyaçıların görüşü” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Dilqəm Tağıyev açaraq gəncləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Akademik AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətinin bu günə kimi qənaətbəxş olduğunu vurğulayaraq bildirib ki, yeni seçilən idarə heyəti və onun sədrindən gözləntilər çoxdur. Dilqəm Tağıyev qeyd edib ki, hazırda elmə marağı olan gənclərin yetişdirilməsində AMEA geniş imkanlara malikdir və Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda gənc tədqiqatçıların yüksək səviyyədə elmi araşdırmalar aparmaları üçün onlara hər cür şərait yaradılıb. Akademik ölkə başçısının gənclər siyasətinə uyğun olaraq respublika səviyyəsində gənclərə göstərilən hərtərəfli diqqət və qayğının, onlara verilən geniş imkanların gənclərin inkişafına, onların potensial qüvvəsindən səmərəli istifadə olunmasına, hər gün yeni nailiyyətlər qazanmasına geniş şərait yaratdığını söyləyib. O, gənclərə yaradılan şəraitdən maksimum yararlanmağı, qrant layihələrində, xaricdə təhsil proqramlarında iştirak etməyi, xarici dilləri yüksək səviyyədə mənimsəməyi tövsiyə edib.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d. Elmir Babayevin moderatorluğu ilə davam edən tədbirdə AMEA-nın Aşqarlar Kimyası İnstitutunun əməkdaşı Mir Əli İsakov “Teta dalğaların insan kimyasına təsiri”, “Ltscientific” şirkətinin texniki meneceri İsmayıl Qarazadə “Kimyəvi analizlərdə istifadə olunan cihazlara tələbat və onların sıradan çıxmasına təsir edən faktorlar”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Aygün Hüseynzadə “Neft-kimya məhsulları və ətraf mühit amili” və Bakı Dövlət Universitetinin magistrantı Aysel Nəbiyeva “Karbonun vəsiyyəti” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Sonda k.ü.f.d. Elmir Babayev qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün fəlsəfəsi ilə səsləşən belə tədbirlərin keçirilməsi və qarşılıqlı görüşlərin təşkili gənclər üçün elmi əlaqələrin qurulması və inkişaf etdirilməsi baxımından faydalıdır.
Qeyd edək ki, tədbirdə AMEA-nın Aşqarlar Kimyası, Polimer Materialları, Neft-Kimya Prosesləri, Radiasiya Problemləri institutlarını, ADNSU, BDU, Azərbaycan Kimya Cəmiyyəti, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, “Ltscientific”, CMT group, EPO kimya, Evrika liseyi və s. təşkilatları təmsil edən gənclər iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.