Şərqin tarixən milli mədəniyyət və elm mərkəzlərindən biri kimi şöhrət qazanmış Gəncə şəhərinin elmi mühitində minilliklər boyu xalqımızın bir çox alimləri, mütəfəkkirləri, memarları öz yaratdıqları əsərləri ilə dünya elmində xüsusi yer tutmuş, xalqımıza böyük şöhrət gətirmişlər.
Elmi kadrların yetişdirilməsində əvəzsiz xidmətləri ilə seçilən AMEA-nın Gəncə Bölməsinin fəaliyyətə başlamasının 40 ili tamam olur. Fəaliyyətə başladığı ilk gündən bölmədə regionun sosial-iqtisadi inkişafı və milli-mənəvi dəyərlərinin tədqiqi, bir çox mühüm regional problemlərin həlli ilə bağlı mühüm elmi-tədqiqat işləri aparılmışdır.
Ötən illər ərzində mərkəzin elmi və ictimai fəaliyyəti daha da genişlənmiş, elmi-tədqiqatların istiqamətləri müxtəlif sahələri əhatə etmişdir. Təsadüfi deyil ki, Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin səyyar iclası 1995-ci ildə Gəncə şəhərində keçirilmiş və Qərb bölgəsində elmi-tədqiqat işlərinin koordinasiya olunması, kadr hazırlığı, elm-təhsil-istehsalat problemlərinin həlli yolları müzakirə edilmiş və proqramlar hazırlanmışdır.
Müsahibimiz uzun illərdir ki, elm sahəsində fəaliyyət göstərən, öz həyatını Azərbaycanda kimya sahəsinin inkişafına, elmi nailiyyətlərini öz xalqının, dövlətinin rifahına həsr etmiş görkəmli alim, “Tərəqqi” medallı, “3-cü dərəcəli Vətənə xidmətə görə” və “Şöhrət” ordenləri ilə təltif edilmiş Əməkdar elm xadimi, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevdir.
- Fuad müəllim, bildiyimiz kimi, bu il AMEA-nın Gəncə Bölməsinin fəaliyyətə başlamasının 40 ili tamam olur. Bölmənin yaradılması, yeni kadrların yetişdirilməsi, müxtəlif elmi tədqiqatların aparılması istiqamətində müstəsna xidmətləriniz olub. Bu barədə nə deyə bilərsiniz?
- Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu ulu öndər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən başlayaraq milli kadrların hazırlanması məqsədilə regionlarda elmi mərkəzlərin yaradılmasına böyük əhəmiyyət vermişdir. Azərbaycanın Qərb bölgəsi də tarixən görkəmli elm adamları ilə zəngin olmuş və burada üç universitetin, müxtəlif problem laboratoriyalarının və konstruktor mərkəzlərinin olmasını nəzərə alaraq ulu öndər qədim Gəncə şəhərində də elmi mərkəzin yaradılmasına qərar vermişdir. 1981-ci ildən fəaliyyət göstərən bu elm ocağının bu gün artıq 40 yaşı tamam olur.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2012-ci il tarixli Sərəncamı ilə Gəncə Regional Elm Mərkəzinin əsasında Gəncə Bölməsi və onun tərkibində yeddi elmi tədqiqat institutu yaradılmış və bu gün də fəaliyyət göstərməkdədir. Bölmənin yaradılmasında məqsəd regionda sosial-iqtisadi sahədə həyata keçirilən böyük layihələrin elmi əsaslar üzərində yerinə yetirilməsi olmuşdur. XXI əsr mütərəqqi texnologiyaların həyata keçirilməsi, milli-mənəvi dəyərlərin öyrənilməsi və bunların əsasında elmi kadrların hazırlanması məqsədi daşıyan mühüm dövr kimi səciyyələndirilir. Gəncə Bölməsi də öz fəaliyyətini bu müasir tələblərə uyğun qurmağa istiqamətlənmişdir.
AMEA-nın Gəncə Bölməsinin elmi fəaliyyəti respublikamızın hüdudlarından kənarda da yayılmaqdadır və bölmə beynəlxalq elmi əlaqələrini inkişaf etdirir. Yarandığı ilk illərdən Gəncə Bölməsinin elmi-tədqiqat işlərinin nəticələrinin istehsalata tətbiq edilməsi, müxtəlif nazirliklər arasında əlaqələrin yaranması ümumi işimizin inkişafına dəstək göstərir. Gəncə Bölməsində fəaliyyət göstərən institutlar bir sıra xarici ölkələrin institutları ilə əməkdaşlıq müqavilələri imzalamışlar. Keçmiş SSRİ məkanının institut və müəssisələri Gəncə Bölməsi ilə birgə elmi əməkdaşlıqlar həyata keçirmişlər.
2018-ci ildə bölmənin əməkdaşları İtaliyanın Aralıq dənizi hövzəsi və Yaxın Şərq Tədqiqatları Mərkəzinin, Fransanın ikinci Lion Universiteti alimləri ilə birgə beynəlxalq arxeoloji və etnoqrafik tədqiqat işlərində iştirak etmişlər. Bu arxeoloji və etnoqrafik tədqiqatların elmi nəticələrinə və aşkar edilmiş çoxsaylı sənətkarlıq məmulatlarının tədqiqinə dair “Gəncə şəhərinin ənənəvi sənətkarlıq növlərinin innovativ üsullarla tədqiqinin əhəmiyyəti (Tarixi-etnoqrafik tədqiqat)” adlı monoqrafiya ingilis və italyan dillərində Çexiyanın paytaxtı Praqa şəhərində nəşr edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti ili elan edilmiş və bölmənin əməkdaşları tərəfindən bu tarixi məqamları əks etdirən beş monoqrafiya nəşr edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, Gəncə Bölməsi “Nizami Gəncəvinin 870, 875 və 880”, “Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyi”, “Mirzə Şəfi Vazehin 220 illik yubileyi” əməkdaşlarımız tərəfindən yüksək səviyyədə həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il tarixli Sərəncamı əsasında Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə Bölməsi və 56 ölkənin keçmiş prezident və baş nazirlərinin üzv olduğu dünyanın ən nüfuzlu siyasi klublarından olan “Madrid Klubu”nun birgə təşkilatçılığı ilə 2013-cü ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi keçirilmişdir.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi dünyanın tanınmış siyasi xadimlərinin, sabiq prezidentlərinin, baş nazirlərinin, eləcə də görkəmli alim və tədqiqatçılarının iştirakı ilə keçirilmiş və bölmənin əməkdaşları tərəfindən 5 cildlik “Ulu öndər – 90” kitabının təqdimatı olmuşdur.
Gəncə Bölməsi üçün əlamətdar hadisələrdən biri AMEA Rəyasət Heyətinin növbəti səyyar iclasının 2014-cü il fevral ayının 14-də Gəncə şəhərində keçirilməsi olmuşdur.
Bu gün bölmənin ən vacib məsələlərindən biri regionun sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası ilə yanaşı, həmçinin bölgədə olan universitetləri elmi kadrlarla təmin etməkdir.
- Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Bölmədə fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzi tərəfindən bu il çərçivəsində hansı işlər görülüb?
- Görkəmli şəxsiyyətlərin və mütəfəkkirlərin yubileylərinin keçirilməsi haqqında ölkə Prezidenti daim Sərəncam və qərarlar imzalayır, UNESCO səviyyəsində onların qeyd edilməsinə nail olur. Dünya poeziyasının sönməz ulduzu, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi məqsədilə ölkə Prezidenti Sərəncam imzalamışdır. Sərəncamın icrası istiqamətində respublikamızın bütün bölgələrində xalqımızı dünyaya tanıtdıran bu dahi şəxsiyyətin yubileyi qeyd edilir. Gəncə Bölməsində fəaliyyət göstərən alimlər də uzun illərdir ki, dahi şairin həyat və yaradıcılığını tədqiq etmək üçün mühüm elmi tədqiqatlar aparırlar. Bu tədqiqatların əsas elmi nəticələri kitablar, monoqrafiyalar, yüksək impakt faktorlu elmi jurnallarda çap edilmiş məqalələrdə öz əksini tapır. Dahi şairin 880 illik yubileyi ilə bağlı bölmədə cari ildə “Nizami Gəncəvi lirikası və...”, “Nizami Gəncəvinin şəcərə tarixi”, “Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda”, “Nizaminin musiqi dünyası”, “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı”, “Nizami Gəncəvi poeziyasının Azərbaycan bəstəkarlarının vokal əsərlərində təcəssümü” və “Musiqi Nizami “Xəmsə”sinin səhifələrində” adlı monoqrafiyalar nəşr edilmişdir. Bununla yanaşı, bölmədə çap olunan “Nizamişünaslıq” elmi jurnalının xüsusi buraxılışı işıq üzü görmüş və bölmənin alimləri 20-dən artıq yerli və beynəlxalq konfranslarda dahi şairin yaradıcılığı ilə bağlı müxtəlif mövzularda məruzələrlə çıxışlar etmişlər.
- Məlumdur ki, elmi fəaliyyətlə yanaşı, Gəncə şəhərinin ictimai-siyasi həyatında da fəal iştirak edirsiniz. Daim dövlətə və dövlətçiliyə fədakarlıq və əzmlə xidmət edən alim kimi elmi və ictimai fəaliyyətiniz gənclər üçün bir örnəkdir. Gördüyünüz işlər dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Bu sahədəki fəaliyyətinizdən bəhs edərdiniz.
- Bakıda elmi fəaliyyətimdən sonra Gəncə şəhərinə gəldiyim ilk günlərdən şəhər Partiya Komitəsində Təftiş komissiyasının sədri və Partiya Komitəsi Bürosunun üzvü, şəhər Xalq Deputatları Sovetinin 4 çağırış üzvü, YAP Gəncə şəhər Təşkilatının sədr müavini, Gəncə şəhər İcra Hakimiyyəti başçısı yanında daimi Komissiyanın üzvü, milli-mənəvi dəyərlərimizin tədqiqi və təbliğini əks etdirən bir çox layihələrin və komissiyaların rəhbəri vəzifəsində çalışmışam. Hesab edirəm ki, məni həyata gətirən valideynlərim mənim də böyüyüb inkişaf etməyimə zəmin yaratmışlar və hər bir Azərbaycan vətəndaşı kimi mən də bu torpağa borcluyam. Bütün bunlar ölkə başçısı cənab İlham Əliyev tərəfindən dövlət təltifləri ilə qiymətləndirilmişdir. “Tərəqqi” medalı, “3-cü dərəcəli Vətənə xidmətə görə” və “Şöhrət” ordenləri, “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilməyim Gəncə elmi mühitinə ölkə rəhbərliyinin diqqət və qayğısının nəticəsidir.
- Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafının yeni mərhələsində ölkənin intellektual gələcəyini təmin etməyin yolu elmin inkişafından keçir. AMEA-nın Gəncə Bölməsi və onun nəzdində fəaliyyət göstərən institutlarda regional problemlərin həlli ilə bağlı aparılan elmi-tədqiqat işləri barədə məlumat verərdiniz. Son illərdə hansı istiqamətlər üzrə elmi tədqiqatların aparılmasına üstünlük verilir?
- Hələ keçən əsrin 70-ci illərində dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev Azərbaycan gənclərini dünyanın müxtəlif nüfuzlu elmi mərkəzlərində təhsil almağa göndərmişdir. Ulu öndərin kəlamları ilə desək, “Gələcək bilikli, elmli insanların çiyinləri üzərində qurulacaqdır”.
Bu gün də ölkə Prezidentinin “Neft kapitalının əqli mülkiyyətə çevrilməsi” fikirlərinin icrası məqsədilə gənclərimiz dünyanın müxtəlif tanınmış universitetlərində təhsil alır, yeni innovativ texnologiyalarla tanış olur və bügünkü dinamik inkişafımızda mühüm rol oynayırlar.
Sözsüz ki, regionlarda fəaliyyət göstərən elmi mərkəzlərin ən vacib şərtlərindən biri müasir biliyə və mədəniyyətə malik gənclərin yetişdirilməsi, onların vətənpərvərlik ruhunda böyüdülməsidir. Ali Baş Komandanın torpaqlarımızın azad olunmasını 44 gündə həyata keçirməsi ölkəmizdə ağıllı, cəsur gənc nəslin yetişməsi ilə bağlıdır.
Bölmənin həyata keçirdiyi ən vacib elmi tədqiqat istiqamətlərindən biri də regionumuzda təbii resursların araşdırılması, uzun illər ərzində müxtəlif sənaye sahələrinin istehsalı nəticəsində toplanmış milyon tonlarla tullantıların təkrar emalı ilə ekoloji problemlərin həll edilməsi, alternativ enerji mənbələri istiqamətində tədqiqatların aparılması və qədim tarixə malik bölgəmizin milli-mənəvi dəyərlərinin öyrənilməsidir.
- Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrəti sayəsində 44 günlük Vətən müharibəsində Qarabağ torpaqları erməni işğalından azad edildi. Beləliklə, uzun illər tədqiqatlardan kənar qalmış bu ərazilərin zəngin təbii ehtiyatlarının, bioloji resurslarının öyrənilməsi zərurəti yarandı. Gəncə Bölməsi bu istiqamətdə hansı tədqiqatların aparılmasında yaxından iştirak edir?
- Gəncə-Qarabağ bəylərbəyliyi tarixən uzun əsrlər boyu birgə fəaliyyət göstərmiş və müxtəlif tarixi reformalar əsasında ayrılmış və erməni qəsbkarları bu torpaqları zəbt etdikdən sonra demək olar ki, bu əlaqələr tamamilə kəsilmişdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilən bu doğma torpaqlarımızda 30 il ərzində yalnız təbii sərvətlər istismar olunmuş, ekoloji tarazlıq pozulmuş və yaşayış məskənləri yerlə yeksan edilmişdir. Bu bölgələr bizə doğma və yaxın olduğu üçün bölmənin əməkdaşlarının əsas elmi istiqamətlərindən biri bölgədə vəhşicəsinə istismar olunmuş təbii sərvətlərin və onların tullantılarının araşdırılması, qədim tarixə malik bu torpağın görkəmli mütəfəkkirlərinin və şəxsiyyətlərinin həyat və yaradıcılığının tədqiq olunması istiqamətində tədqiqatlar aparmaqdır.
- AMEA-nın Gəncə Bölməsi azərbaycançılıq məfkurəsinin, milli dəyərlərimizin qorunması və təbliği, bölgənin maddi-mənəvi xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı aparılan tədqiqatların çəkisi ilə də hər zaman ön sıralarda dayanıb. Hazırda bu istiqamətdə nə kimi tədbirlər həyata keçirilir?
- Gəncə Bölməsində ictimai və humanitar sahələrdə aparılan elmi işlər birbaşa Qərb bölgəsinin milli-mənəvi dəyərlərinin öyrənilməsi, görkəmli şəxsiyyətlərin və mütəfəkkirlərin, millətimiz üçün ən vacib olan Azərbaycan dilinin, azərbaycançılıq məfkurəsinin tədqiqi edilməsinə yönəldilmişdir.
Bölgənin zəngin tarixi-arxeoloji və etnoqrafik irsinin, maddi-mədəni və mənəvi mühitinin araşdırılması istiqamətində fəaliyyət uğurla davam etdirilir. Gələcəkdə daha mühüm elmi istiqamətlərin yüksək nəticələr verəcəyinə ümid edirik.
Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.