Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.12.2021 15:26
  • A-
  • A
  • A+

Elm Tarixi İnstitutu 2021-ci ilin yekunlarına dair illik hesabatını təqdim edib

Elm Tarixi İnstitutu 2021-ci ilin yekunlarına dair illik hesabatını təqdim edib

AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) Elmi şurasının 2021-ci ilə dair illik hesabat iclası keçirilib.

Hesabatı müəssisənin baş direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli təqdim edib. Qeyd olunub ki, 2021-ci ildə institutun əməkdaşları pandemiya dövrünün çətinliklərinə baxmayaraq, səmərəli elmi fəaliyyət göstərmiş, elmi müəssisənin profil istiqamətləri üzrə araşdırmalar aparmış və elmi-tədqiqat planında nəzərdə tutulmuş bütün işləri yerinə yetirmişlər. Bildirilib ki, cari ildə institutda beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, elmi tədqiqatların ölkəmizin sosial-iqtisadi problemlərinin həllində rolu, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və digər istiqamətlərdə əhəmiyyətli işlər görülmüş, elmin inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir.

ETİ-nin baş direktoru bildirib ki, 15 oktyabr 2021-ci il tarixində “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çin, Meksika, Kuba olmaqla, ümumilikdə 10 ölkədən 100-ə yaxın yerli və xarici alimin qatıldığı II beynəlxalq elmi konfrans uğurla reallaşdırılıb, təqdim edilən tezis və məqalələr konfrans materialı kimi nəşr  edilib.

Qeyd olunub ki, il ərzində müəssisənin mühüm yeniliklərindən biri “Azərbaycanlı alim Nəsirəddin ət-Tusinin əlyazma irsi/Рукописное наследие азербайджанского ученого Насир ад-дина ат-Туси” kitabının Sankt-Peterburqda nəşr edilməsidir. Alimin həyat yolu və yaradıcılığının əsas mərhələlərinin araşdırıldığı kitabda Nəsirəddin ət-Tusinin “Risalətüt-Tibb” əlyazmalarının ərəb və fars dillərində faksimilələri mövcuddur və bu əlyazmalar tarixşünaslığımızda ilk dəfə olaraq Azərbaycan və rus dillərinə tərcümə edilib. Əlavə edilib ki, 2021-ci ilin uğurlu nəticələri olaraq, 2 cilddən ibarət olan “Akademiya - sənədlər külliyatı, qərarlar, protokollar  və yazışmalar (1920-1991)”, “Qarabağ tarixinin aktual problemləri”, “XIII-XIV əsrlərdə Azərbaycanda elm və mədəniyyət (farsdilli mənbələr əsasında)” olmaqla 8 kitab nəşr edilib, 5 kitab isə çapa təqdim olunub. Çapa təqdim edilmiş kitablar “Azərbaycan Tibb tarixi”, “XIII-XV əsrlər Azərbaycan mədəniyyət tarixi”, “İrəvan quberniyasının tarixi: 1850-1917-ci illər (ərazi, əhali, elm, təhsil, inzibati idarə və müəssisələr”, “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində hüququn rolu” və “Azərbaycanda riyaziyyat elminin tarixi” adlı tədqiqat əsərləridir.

Vurğulanıb ki, cari ildə institutun “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalının “Nizami Gəncəvi İli” nə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb, jurnal, həmçinin beynəlxalq xülasələndirmə və indeksləşdirmə sistemlərindən olan “Assos”, “Advanced Sciences Index”, “Academic Recourse Index”, “Index Copernus”  kimi beynəlxalq elmi nəşrlər bazasında da qeydiyyata alınıb. İnstitutun 2-ci elmi nəşri olan “Sosiologiya. Sosial psixologiya. Siyasət elmi araşdırmalar jurnalı” isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınıb, 2 sayı dərc olunub.

Qeyd olunub ki, qurumun əməkdaşları tərəfindən ümumilikdə yerli və xarici elmi jurnallarda 64 məqalə işlənilib ki, bunlardan 5-i “Web of Science” və “Scopus” bazalarında indeksləşən xarici jurnallarda dərc edilib.

Hesabatda bildirilib ki, institut əvvəlki fəaliyyətinin davamı olaraq 2021-ci ildə də beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət ayırıb, Rusiya Elmlər Akademiyasının S.İ.Vavilov adına Təbii Elmlər və Texnika Tarixi İnstitutu, İtaliyanın Qalileo Qaliley Elm Tarixi Muzeyi (Florensiya), Çin İctimai Elmlər Akademiyasının Dünya Tarixi İnstitutu, Çin Elmlər Akademiyasının Təbiət Elmləri Tarixi İnstitutu, Ukrayna Milli Elmlər Akademiyasının Q.M.Dobrov adına Elmi Texniki Potensialın Tədqiqi və Elm Tarixi İnstitutu, Polşa Elmlər Akademiyasının Elm Tarixi İnstitutu ilə əməkdaşlığı daha da inkişaf etdirib. Cari ildə institutla Rusiya Elmlər Akademiyasının S.I.Vavilov adına Təbiətşünaslıq və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialı, Rusiya Elmlər Akademiyasının Arxivi, Ukrayna Milli Elmlər Akademiyasının Q.M.Dobrov adına Elmi Texniki Potensialın Tədqiqi və Elm Tarixi İnstitutları arasında növbəti 5 illik dövr (2021-2026-cı illər) üçün  müqavilələr yenilənib.

Elm və Texnologiyanın Tarixi və Fəlsəfəsi üzrə Beynəlxalq İttifaqa (IUHPS) assosiativ üzv qəbul edilən institut cari ildə bu əlaqələri daha da inkişaf etdirib. M.Seyidbəyli elmi əlaqələrin dinamik inkişafına görə Ukrayna Milli Elmlər Akademiyası Q.M.Dobrov adına Elmi Texniki Potensialın Tədqiqi və Elm Tarixi İnstitutunun Elmi şurasına və Ukrayna və Azərbaycanda iki beynəlxalq elmi jurnalın redaksiya heyətinə üzv seçilib. İnstitutun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev isə Braziliyada nəşr edilən beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib.

Bildirilib ki, cari ildə M.Seyidbəyliyə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix elmləri sahəsində “Vətən tarixi” ixtisası üzrə professor elmi adı verilib, bundan əlavə, baş direktor AMEA Rəyasət Heyəti tərəfindən səmərəli elmi fəaliyyətə, rəhbərlik etdiyi elmi müəssisənin yüksək göstəricilərinə görə Fəxri fərmanla təltif olunub. Professor, həmçinin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfələrə görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı, eləcə də Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı tərəfindən ölkələrarası dostluq əlaqələrinin, elmi əməkdaşlığın zənginləşdirilməsindəki xidmətlərinə görə Fəxri fərman və qızıl ordenlə təltif olunub.

İl ərzində institutun əməkdaşları beynəlxalq və respublika səviyyəli elmi konfranslarda da fəal iştirak ediblər. Baş direktor M.Seyidbəyli Çin, Türkiyə və Rusiyada keçirilən 4 beynəlxalq konfransda məruzə edib. Elmi müəssisənin digər əməkdaşları – elmi katib, dosent Zaur Əliyev, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov, Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski, elmi işçilər – Röya Mirzəbəyova, Elxan Quliyev Türkiyə, Kanada, Rusiya, İsrail, Qazaxıstanda keçirilmiş bir sıra virtual beynəlxalq elmi konfrans və seminarlarda  iştirak edərək məruzələr təqdim ediblər.  

Elmi müəssisənin həyata keçirdiyi digər tədbirlər barədə məlumat verən baş direktor vurğulayıb ki, hesabat ilində Elm Tarixi İnstitutu və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığıy ilə “Nizami Gəncəvi İli”nə həsr olunmuş “Mədəniyyətlərin dialoqu və Nizaminin fəlsəfi irsi” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib. Eyni zamanda “Nizami Gəncəvinin irsi Azərbaycan elmi tarixində”, Elm Gününə və 44 günlük Zəfər müharibəsinin ildönümünə həsr olunmuş “Qarabağ zəfərinə gedən yol”, “Xalqımızın zəfər tarixi” mövzularında elmi seminarlar, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə, Uşaq Səfirlər Məclisinin iştirakı ilə 20 yanvar Ümumxalq Hüzn Gününə, Xocalı soyqırımının 29-cı ildönümünə, 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbirləri keçirilib.

M.Seyidbəyli bildirib ki, öz fəaliyyətində elmi istiqaməti əsas götürməklə yanaşı, vətəndaşlıq mövqeyini də unutmayan institut əməkdaşları postmüharibə zamanı da kollektiv və fərdi olaraq əllərindən gələn maddi və mənəvi dəstəyi əsirgəməyiblər.

İl ərzində müəssisənin əməkdaşlarının mütəmadi olaraq müxtəlif yerli və xarici platformalarda çıxış etdiyini, müsahibələr verdiyini qeyd edən M.Seyidbəyli bildirib ki, elmi müəssisənin fəaliyyəti sosial şəbəkələrdə və  KİV-də intensiv işıqlandırılmış, media ilə əməkdaşlıq davam etdirilmiş, institutun veb saytı (https://historyofscience.az) mütəmadi olaraq yenilənmişdir.

Sonra Elmi şuranın digər üzvləri çıxış edərək hesabata münasibət bildiriblər. Tədbirdə Elm Tarixi İnstitutunun elmi tədqiqat predmeti, problematika və metodologiyası və digər nəzəri məsələrlə bağlı müəyyən təkliflər səsləndirilib.

Müzakirələrdən sonra səs çoxluğu ilə institutun 2021-ci il üzrə fəaliyyəti uğurlu hesab olunub.

Tədbirin sonunda bir sıra institut əməkdaşları səmərəli elmi fəaliyyətə və yüksək göstəricilərə görə rəhbərlik tərəfindən Fəxri fərmanlarla təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: