Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.01.2022 12:42
  • A-
  • A
  • A+

“Zəngəzur folkloru: elmi araşdırmalar və perspektivlər” mövzusunda konfrans keçirilib

“Zəngəzur folkloru: elmi araşdırmalar və perspektivlər” mövzusunda konfrans keçirilib

AMEA-nın Folklor İnstitutunda “Zəngəzur folkloru: elmi araşdırmalar və perspektivlər” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, akademik Muxtar İmanov şanlı zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı tarixi mərhələdə folklorşünasların qarşısında yeni üfüqlərin açıldığını və onların tərtib, nəşr və elmi araşdırma sahəsində məsuliyyətinin birə-beş artdığını vurğulayıb. M. İmanov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün təmin olunması, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qarabağa, o cümlədən Zəngəzura Böyük Qayıdış Proqramının elan olunması və bu Proqramın vaxt itirmədən icrasına başlanması - müasir standartlara cavab verən yolların çəkilməsi, yeni-yeni müəssisələrin və yaşayış məntəqələrinin təməlinin qoyulması, Füzuli hava limanının istifadəyə verilməsi və s. kimi möhtəşəm quruculuq işləri bütün digər ictimai-siyasi, milli-mədəni tərəfləri ilə bərabər, itirilmiş folklor mühitlərinin tədricən bərpa edilməsi baxımından da xüsusi tarixi əhəmiyyət daşıyır.

Konfransda f.e.d. Əfzələddin Əsgər “Sonuncu qızılbaşlar: Sobu kəndi” mövzusunda məruzə edib. Alim bildirib ki, Azərbaycan türklərinin, eləcə də Azərbaycanda yaşayan başqa xalqların inanc sisteminin formalaşmasında Şeyx Səfiyəddinin yaratdığı Səfəviyyə təriqətinin inanc sisteminin, yəni qızılbaşlığın rolu böyük olmalıdır. Məruzəçi bildirib ki, məsələnin geniş və hərtərəfli şəkildə öyrənilməsi son dərəcə əhəmiyyətlidir. Birincisi səfəvi-qızılbaş inancı Azərbaycan türklərinin inanc tarixidir və Azərbaycan türkləri bu inanca söykənərək siyasət meydanına atılıb. Deməli qızılbaş inancı həm də siyasi tariximizin bir parçasıdır. İkincisi ənənəvi xalq inancları ilə qovuşması hesabına qızılbaş inancı xalq kütlələri arasında geniş yayılıb. Bu baxımdan, bu inanc sisteminin öyrənilməsi xalqın islam düşüncəsinin və folklor həyatının öyrənilməsinə əhəmiyyətli dərəcədə yardım edə bilər.

Daha sonra f.ü.f.d., dosent Sərxan XavəriQarabağ və Zəngəzur folklor materiaları əsasındabənövşə” oyununun strukturu və funksional semantikası” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, Azərbaycanın zəngin folklor mühitlərindən biri də Zəngəzur folklor arealıdır. Bu areal istər növ və janr müxtəlifliyi, formal poetik özəllikləri baxımından, istərsə də məzmun zənginliyinə görə xüsusilə fərqlənir. Zəngəzur folklor örnəkləri içərisində xalq oyunlarının xüsusi rolu və yeri vardır. Belə ki, indiyədək bu bölgədən toplanmış folklor nümunələri içərisində xalq oyunlarının həm digər regionlarla anologiya təşkil edən, həm də sırf bu areala məxsus oyun nümunələrinə rast gəlinir. Zəngəzur folklor arealına məxsus xalq oyunlarının, həmçinin digər bölgələrla anologiya təşkil edən “Bənövşə” oynunun funksional semantikasının araşdırılması elmi baxımdan xüsusi əhəmiyyətə malikdir. Çünki məhz funksional aspektdən yanaşdıqda hər hansı bir janrın mənsub olduğu sosial kontekstdə oynadığı rolu, həmin sosial mühitdə olan ayrı-ayrı sosial qrupların kollektiv emosional maraqlarını və dünyagörüşünü necə əks etdirdiyini də müəyyənləşdirmək mümkün olur. Alim sözlərinə davam edərək bildirib ki, istər Zəngəzur folklor mühiti, istərsə də digər bölgələrə məxsus xalq oyunlarının funksional strukturunun araşdırılması ilk növbədə, ümumiyyətlə, xalq oyunlarının nəzəri-metodololoji baxımdan izahını tələb edir. Xalq oyunlarının funksional strukturu mürəkkəb elmi problemdir və özünə münasibətdə ilk növbədə “funksional struktur” anlayışının aydınlaşdırılmasını tələb edir.

“Zəngəzur folklorunda seyidliyin folklor semantikası: müdrik qoca arxetipi kontekstində sakral simvollaşdırma” mövzusunda çıxış edən fil.ü.f.d., dosent Hikmət Quliyev isə bildirib ki, müasir dövrdə, informasiya-kommunikasiya texnologiyalarının geniş yayıldığı şəraitdə, antropoloji tədqiqatların əsas vəzifələrindən biri də transformasiya prosesində əvvəlki ilə yeninin təmasındakı güc mərkəzlərinin araşdırılmasıdır. Bu halda ənənəvi mədəni stereotiplərin sistemli ifadə olunduğu regionların araşdırılması xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan bu gün çox hissəsi Azərbaycanın sərhədləri daxilində olmayan tarixi Zəngəzur mahalının folklordan, xalq yaddaşından görünən mənzərəsi daha aydın və genişdir. Şühbəsiz ki, Zəngəzur folklor mühitində bir tərəfdən məkana - yerə-yurda, digər tərəfdən isə, adət-ənənələrə söykənən mədəni yaddaş laylarından biri də seyidlik ənənəsi, seyidlər haqqında hekayətlər, onların bağlı olduğu ocaq və pirlər barədə təsəvvürlər sistemidir. Məruzəçi H.Quliyev daha sonra bidlirib ki, müdrik qoca arxetipinin obraz təcəssümlərinin əsas xüsusiyyətləri müdriklik və yaşlılıqla xarakterizə olunur. Zəngəzur regionunda, o cümlədən, bütövlükdə, Azərbaycan sosial-mədəni mühitində yaşlı, ağsaqqal, nurani şəxslər dərin hörmətlə yad edilməklə yanaşı, eyni zamanda bu kultun canlı örnəklərinə hazırki çağda da rast gəlinməkdədir. Belə ki, müdrik qoca arxetipi özünü yalnız obraz yaradıcılığında deyil, həmçinin ictimai, sosial və əxlaqi münasibətlər fonunda da qoruyub saxlamaqdadır.

“Toy mərasimindəki ritual elementlərin simvolik semantikası (Qarabağ və Zəngəzur materialları əsasında)” başlıqlı məruzə ilə çıxış edən f.ü.f.d., dosent Səfa Qarayev isə bildirib ki, toy (düyün) mərasimi cəmiyyətdə kosmik və sosial nizamın qorunmasına xidmət edən mərasimlərdəm biridir. Bütün mərasimlər kimi, bu mərasimin də həyata keçirilmə məzmunu və texnikası var. Toy mərasimi cəmiyyətin bir üzvünün status dəyişməsini digərlərinə təqdim etmək funksiyası daşıyır. Amma bu məzmun öz dəyərini mifik təsəvvürlədən alıb ki, bu onun həyata keçirilmə texnikasında da aydın şəkildə görünür. Məruzəçi sonda bildirib ki, toy mərasiminin məzmun və teknikasını daha ətraflı öyrənmək üçün Qarabağ və Zəngəzur ərazisində müşahidə etdiyimiz toy mərasiminin simvolik-metaforik baxımdan analizini məqsədəuyğun hesab edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: