AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov 20 Yanvar hadisələrinin dəhşətlərindən danışıb. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında qanlı qırğınlar törətdiyini bildirib.
Tədbirdə iştirak edən şair, publisist, Əməkdar incəsənət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani çıxışında bildirib ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.