Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2022 16:46
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Coğrafiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

AMEA-nın akademik  H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən institutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov Azərbaycan tarixində qara ləkə olan bu matəm gününü təkcə faciə kimi deyil, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq, əyilməzlik, mütiliyə, zorakılığa qarşı barışmazlıq nümunəsinin nümayişi kimi qiymətləndirib. O bildirib ki, sovet qoşunlarının Azərbaycana yeridilməsi xalqı qorxuda və onu əqidəsindən dönməyə məcbur edə bilmədi. Xalqımız həmin günlərdə çoxlu sayda şəhid versə də igid oğul və qızlarımızın sarsılmaz iradəsi qırılmadı. Canını ölkəmizin bütövlüyü uğrunda qurban verən şəhidlərimizin ruhu indi şaddır.

Sonra institutun Həmkarlar təşkilatının sədri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev çıxış edərək 20 Yanvar hadisələrinin baş vermə səbəbləri, tarixi əhəmiyyəti və nəticələrindən söhbət açıb.

Daha sonra sözügedən müəssisənin Coğrafi fikir tarixi şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Natiq Babayev bildirib ki, Azərbaycan televiziyasında işlədiyi vaxtlar şəxsən özü o müdhiş günlərin canlı şahidi olub. Onun sözlərinə görə, televiziya binasına soxulan sovet qoşunlarının əsgərləri əliyalın dinc xalqı qətlə yetirməzdən əvvəl yanvarın 19-u saat 19:26-da o vaxt yeganə kanal olan Dövlət Televiziyasının enerji blokunu partlatdılar. Məqsəd isə xalqı məlumatsız qoymaq idi. Bununla da xalq informasiyasız qaldı, çünki qəzet və jurnalların da nəşri dayandırılmışdı.

Tədbir Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin hazırladığı o qanlı günlərin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: