AMEA-nın Folklor İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Muxtar İmanov açaraq bildirib ki, 1987-1988-ci illərdə Ermənistanda Azərbaycana qarşı təzyiqlər başlayıb və bizim soydaşlarımız oradan vəhşicəsinə çıxarılıb. Qanlı Yanvar günlərinə toxunan M.İmanov qeyd edib ki, bu faciənin törədilməsi Azərbaycan xalqının iradəsini sındırmaq cəhdi idi. Akademik vurğulayıb ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini, ərazi bütövlüyümüz, müstəqilliyimiz uğrunda mübarizəmizi göstərən bir hadisədir: “Digər tərəfdən 20 Yanvar bizim üçün nə qədər faciəli gün olsa da, bizim sonrakı qələbələrimizin, mübarizəmizin bir başlanğıc nöqtəsidir”.
Akademikin çıxışından sonra Folklor Studiyasının 20 Yanvar faciəsi ilə bağlı hazırladığı sənədli film nümayiş olunub.
Filmin nümayişindən sonra çıxış edən professor Seyfəddin Rzasoy bildirib ki, xalqımız öz azadlığını rahat əldə etməyib, bunun üçün mübarizə aparıb, 20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsini ortaya qoyub.
Dosent İlhamə Qəsəbova isə qeyd edib ki, 20 Yanvar hadisəsi əslində 1989-cu il dekabr ayının 1-də Qarabağda Azərbaycan atributlarını götürüb yerinə erməni bayrağının və gerbinin asılması ilə başlayıb. Bunun ardınca da düşmən olan qonşularımız öz dədə-baba torpaqlarımızdan insanlarımızı işgəncələr verə-verə çıxarıblar. Məruzəçi daha sonra ictimaiyyətə naməlum qalan 90-cı ilin daha ağır bir faciəsi haqqında məlumat verib. Bildirib ki, 1990-cı il martın 23-dən 24-ə keçən gecə Qazaxın Bağanıs-Ayrım kəndini ermənilər zirehli maşınlar və silahlarla mühasirəyə alaraq evləri talan edib, insanları diri-diri yandırıblar: “Bir ailənin yeddi üzvü - ən böyüyü 75, kiçiyi isə 39 günlük olan körpə diri-diri yandırılıb. Kənd əhalisinin köməyinə gedən Bəxtiyar, Kamran qardaşları və Xəqani adlı yaxın qohumları erməni pusqusuna düşüblər, onları da ermənilər ot tayasının altında yandırıblar”.
Sonda çıxış edən dosent Şakir Albalıyev isə qeyd edib ki, 20 Yanvar hadisələri əsarət boyunduruğundan xilas olmaq istəyən Azərbaycan xalqının və bizi bu boyunduruqdan çıxarmaq istəməyən silahlı imperiyanın toqquşma məqamı idi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.