Yanvarın 28-də AMEA-nın Əsas binasının Akt zalında akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Yəhudi dininin müqəddəs kitabı “Tanax”ın ikinci hissəsi olan “Peyğəmbərlər” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva açaraq multikultural Azərbaycan cəmiyyətində Yəhudi dininin müqəddəs kitabı “Tanaxın”ın dilimizə tərcüməsinə böyük ehtiyac olduğunu bildirib. Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Teymur Sadıqovun 2019-cu ildə ölkəmizdə ilk dəfə olaraq “Tanax”ın birinci hissəsi olan “Tövrat”ı orijinaldan Azərbaycan dilinə tərcümə etdiyini xatırladan G.Baxşəliyeva hazırda təqdim edilən “Peyğəmbərlər” kitabının “Tanax”ın ikinci hissəsi olduğunu qeyd edərək, T.Sadıqovun bu tərcümələrinin işıq üzü görməsinin həm də Azərbaycan şərqşünaslıq elmində Hebraistika sahəsinin başlanmasının bir göstəricisi olduğunu vurğulayıb.
G.Baxşəliyeva bildirib ki, akademik səviyyədə yerinə yetirilmiş bu tərcümələrdən sonra Azərbaycan şərqşünaslıq elmində yeni-yeni müqayisəli elmi mövzular və tədqiqat işləri meydana çıxacaq.
“Peyğəmbərlər” kitabının da dünyanın bir neçə dillərinə tərcümə edildiyini, lakin Azərbaycan dilində ibri dilindən orijinal mətni ilə müqayisəli şəkildə tərcüməsinin indiyədək olmadığını vurğulayan G.Baxşəliyeva müqəddəs kitabın özündə cəmləşdirdiyi kitabların əsasən tarixin xronoloji bir dövrünü əhatə etdiyini, kitabın iki bölməyə bölündüyünü, birinci bölmənin əsasən tarixi xüsusiyyət daşıdığını, ikinci bölmənin isə əsasən təbliğçilik xüsusiyyətli peyğəmbərliklərdən ibarət olduğunu qeyd edib.
Təqdimat mərasimində çıxış edən Teymur Sadıqov “Tanax”ın tərcümə etdiyi birinci hissəsi “Tövrat” və ikinci hissəsi olan “Peyğəmbərlər” kitabı barədə məlumat verib və tərcümə kitablarının redaktorlarına, məsləhətçilərə, rəyçilərə və kitabın çapına dəstəyini göstərənlərə öz təşəkkürünü bildirib. T.Sadıqov “Tanax”ın üçüncü hissəsi “Yazılar” kitabının da tərcüməsi üzərində hazırda işlədiyini və ilin sonuna kimi bitirməyi planlaşdırdığını söyləyib.
Sonra “Tövrat” və “Peyğəmbərlər” kitablarının tərcümələri tədbirdə iştirak edən İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikə təqdim edilib. Səfir Corc Dik tədbirdə çıxış edərək Teymur Sadıqovu uğurlu işlərinə görə təbrik edib.
Daha sonra Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı, Şərqşünaslıq İnstitutunun əməkdaşlarından ilah.ü.f.d. Məmmədəli Babaşlı və f.ü.f.d. Laura Orucova çıxış edərək Teymur Sadıqovun ibrişünaslıq sahəsində dəyərli tədqiqatları və tərcümələri ilə seçildiyini, təqdim edilən uğurlu tərcümələri ilə bir ilkə imza atdığını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.