Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.02.2022 11:38
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunda növbəti elmi seminar keçirilib

İqtisadiyyat İnstitutunda növbəti elmi seminar keçirilib

AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti onlayn seminar keçirilib.

İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim İmanovun sədrliyi ilə keçirilən tədbirə bir sıra dövlət qurumlarının, AMEA-nın digər institutlarının, ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.

Tədbirdə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov “Azərbaycanın dövlətçilik tarixi - 20 dəqiqədə” adlı məruzə ilə çıxış edib. Azərbaycanın keçdiyi mürəkkəb tarixi inkişaf yolu, dövlətçilik tarixi barəsində danışan alim bildirib ki, coğrafi məkan baxımından yanaşılanda Azərbaycan ərazisində ilk dövlətlərin yaranması eramızdan əvvəl III minillikdən başlayır. O dövrdən bu coğrafiyada çoxsaylı mürəkkəb tarixi hadisələr baş verib, dövlətlər yaranıb, bir-birini əvəz edib.

Tarixçi proalim e.ə. yaranmış Manna, Midiya, Əhəmənilər dövlətləri və Makedoniyalı İsgəndərin yürüşləri nəticəsində süquta uğraması, bütövlükdə Azərbaycanın cənub və şimal torpaqlarında baş verən tarixi hadisələr barədə geniş məlumat verib. Eramızdan əvvəl IV əsrdə şimalda Albaniya (VII əsrə qədər davam edib), Cənubda Atropatena dövlətlərinin (III əsrə qədər) yaranmasını və inkişafını tariximizdə mühüm mərhələ kimi qeyd edib. İslam dininin meydana gəlməsi və yayılması ilə VII-IX əsrlərdə Azərbaycanda yeni bir dövr başlayıb, mühüm hadisələr baş verib. Şimalda 861-ci ildə Şirvanşahlar dövləti yaranıb və 1538-ci ilə qədər mövcud olub. Cənubda isə Sacilər, Salarilər dövləti formalaşıb. 1038-1157-ci illərdə hökmranlıq edən Səlcuqlar dövləti zamanında mərkəzi Gəncə olan Atabəylər dövrü Azərbaycanın tarixində qızıl dövrdür. Onun da varlığına 1225-ci ildə monqol imperiyası son qoyub. Cənubda isə Qaraqoyunlu, Ağqoyunlu dövlətləri yaranıb. Nəhayət, 1501-1736-cı illəri əhatə edən Səfəvilər dövləri qurulub. 1538-ci ildə Səfəvilərin Şirvanşahlar dövlətini də öz ərazisinə qatması ilə böyük əraziləri əhatə edən vahid dövlət formalaşıb. 1736-1747-ci illər Nadir şahın hökmranlıq etdiyi, sonra isə xanlıqlar dövrüdür.

1801-1828-ci illərdə baş verən hadisələrə diqqət çəkən Kərim Şükürov bildirib ki, Türkmənçay müqaviləsi ilə tarixi Azərbaycan torpaqları bölüşdürülüb. Onun sözlərinə görə, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan adının dövlətin adı kimi təsbit olunmasında mühüm rolu var.

Sonra mövzu ətrafında, xüsusən də biz kimik, hansı tarixi inkişaf yolu keçmişik, dövlətçilik ənənələrimiz necə və hansı prinsiplər əsasında formalaşıb, milli kimliyimiz kimi məsələlərlə bağlı geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Professor Kərim Şükürov qeyd edib ki, Azərbaycan tarixinin öyrənilməsinə və yazılmasına yeni kontekstdə yanaşmalıyıq. Çünki zəngin 5000 illik dövlətçilik tariximiz var, tariximiz daha dərindən araşdırılmalıdır. Xüsusən milli kökümüz, milli kimliyimizlə bağlı həqiqətlər tarixi reallıqlar konteksində verilməlidir. Tarix İnstitutu tərəfindən yeni yazılan Azərbaycan tarixi ilə bağlı kitabda bir çox suallara, o cümlədən dövlətçilik tariximiz, millik kimlik məsələlərinə də tam aydınlıq gətiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: