Müsahibimiz bu günlərdə 60 illik yubileyini qeyd etməyə hazırlaşan akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, akademik Şahin Mustafayevdir. Həmsöhbətimiz 40 illik elmi fəaliyyəti dövründə apardığı tədqiqatlar, həyata keçirdiyi layihələr, eləcə də UNESCO-nun İpək Yolu layihəsinin Azərbaycan üzrə əlaqələndiricisi kimi fəaliyyətindən ətraflı danışıb.
Müsahibəni təqdim edirik:
- Şahin müəllim, öncə sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir, elmimizin inkişafı yolunda yeni müvəffəqiyyətlər arzu edirik. Bildiyimiz kimi, artıq 40 ilə yaxındır ki, elmlə məşğul olursunuz. Elmi fəaliyyətinizin əsas istiqamətlərindən bəhs edərdiniz.
- Artıq 37 ildir ki, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda çalışıram. Bu illər ərzində tədqiqatlarımı əsasən Şərq və türk xalqlarının orta əsrlər tarixinin tədqiqinə həsr etmişəm. Elmi yaradıcılığımda bir neçə istiqamət əsas yer tutur. Elmi fəaliyyətimin böyük bir qismi Böyük Səlcuq İmperiyası dövründən sonra orta əsrlər dövründə Osmanlı dövlətinin tarixi və Azərbaycanla olan əlaqələrini əhatə edir.
1985-ci ildə Moskvada Şərqşünaslıq İnstitutunun aspiranturasına qəbul olduqdan sonra Ağqoyunlu hökmdarı Uzun Həsənin Qanunnamələrinin tarixi və hüquqi baxımdan təhlili ilə məşğul olmuşam və namizədlik dissertasiyam bu məsələlərə həsr olunmuşdur. Bu mövzunu mənə mərhum akademik Ziya Bünyadov təklif etmişdi.
Məlum olduğu kimi, Ağqoyunlu hökmdarı Uzun Həsən orta əsrlər Azərbaycan tarixində mühüm yer tutan hökmdarlardan biridir. Uzun Həsənin hərbi-siyasi fəaliyyəti ilə əlaqədar kifayət qədər məlumat var, lakin bu böyük dövlət xadimi qanunvericilik fəaliyyəti ilə də şöhrət qazanmışdır. Onun qoyduğu qanunlar Azərbaycanda və İranda Səfəvi dövlətinin süqutuna qədər qüvvədə qalmaqda idi. Bu qanunnamələrin Azərbaycan və Türkiyə tarixindəki yeri, hüquqi şüurumuzdakı rolu hər zaman böyük marağıma səbəb olub.
Qeyd edim ki, Moskva Dövlət Universitetində namizədlik dissertasiyamı müdafiə etdikdən sonra, onunn materialları əsasında yazdığım “Ağqoyunlulardan Osmanlılara qədər Şərqi Anadolu” adlı ilk kitabım 1994-cü ildə Moskvada işıq üzü görüb. Bu əsərdən Rusiya universitetlərinin Şərq tarixi ilə bağlı fakültələrində tədris materialı kimi bu gün də istifadə olunur.
Bu problemləri araşdırarkən çoxlu sayda orta əsrlər mənbələri ilə işləməli idim. Bəzən hər hansı bir tarixi mövzuya maraq mənbələrdən birində rast gəldiyiniz bir söz və ya ifadədən də doğa bilər. Yadımdadır ki, XV əsrə aid mənbələrin birində Osmanlı yeniçərilərinin Ağqoyunlu döyüşçülərinə “türkman” kimi müraicət etmələrinə rast gəldikdə xeyli heyrətlənmişdim. Çünki o zamanlar, hələ gənc aspirant olduğum vaxtlarda Anadolu və Azərbaycanın orta əsrlər türk mühitində baş verən etnik proseslər barədə məlumatım məhdud idi. Mənbədə qaqrşılaşdığım o ifadə mənim diqqətimi bu problemə cəlb etdi. Və bu məsələləri böyük həvəslə araşdırmağa başladım. Təbii ki, mənbələrdə belə informasiyaya nisbətən az rast gəlinir. Ona görə də ilkin mənbələri təhlil etmək üçün uzun illər tələb olunur. Demək olar ki, 20 il ərzində mənbələrdə lazımi məlumatların toplanması ilə məşğul oldum, elmi ədəbiyyatla tanış oldum. Bu tədqiqatların nəticəsi olaraq 2010-cu ildə “Səlcuqilərdən Osmanlılara. XI-XV əsrlərdə Anadolunun türk mühitində etno-siyasi proseslər” adlı kitabım işıq üzü gördü. 2017-ci ildə bu kitabın genişləndirilmiş və təkmilləşdirilmiş variantı Moskvada Şərqşünaslıq İnstitutu tərəfindən rus dilində nəşr olundu və həm rus, həm də Qərb tarixçilərinin marağına səbəb oldu. Hesab edirəm ki, bu sahədə elmdə müəyyən söz deməyə müvəffəq olmuşam.
Elmi işlərimdə ikinci əsas istiqamət Osmanlı təhrir dəftərləri ilə bağlıdır. Bu mövzuya dair 2018-ci ildə AMEA Rəyasət Heyətinin iclasında “Azərbaycanın orta əsrlər tarixinə dair Osmanlı arxiv mənbələri (təhrir dəftərləri): əhəmiyyəti və tədqiqat perspektivləri” mövzusunda məruzə ilə də geniş çıxış etmişəm.
Osmanlı dövləti fəth etdiyi torpaqlarda vergi toplama praktikasını həyata keçirmək üçün bu ərazilərdə vergi ödəyən əhalini və digər obyektləri siyahıya alırdı və bunun nəticələri də reyestrlərdə öz əksini tapırdı. Osmanlı dəftərxanasında əlyazma şəklində hazırlanan bu reyestrlər “təhrir dəftərləri” adlanırdı.
Qeyd edim ki, Azərbaycan ərazisinə dair də belə dəftərlər mövcuddur və onlar İstanbulda Osmanlı Arxivində saxlanılmaqdadır. Bu təhrir dəftərlərinin Azərbaycan, Cənubi Qafqaz və İran tarixinin öyrənilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini tanınmış Qərb şərqşünasları da qeyd etmişlər. Bu mənbələri ilk dəfə Azərbaycan şərqşünaslığına gətirən, bu istiqamətin əsasını qoyan akademik Ziya Bünyadov olmuşdur. Tanınmış tarixçilər akademik Ziya Bünyadov və Hüsaməddin Məmmədovun səyləri nəticəsində Azərbaycanda bu istiqamətdə hələ keçən əsrin 80-ci illərində sistemli araşdırmalara başlanıldı. Demək istərdim ki, bu əlyazma mənbələrinin tədqiqi, tərcüməsi və nəşri mənim də elmi işlərimdə əsas istiqamətlərdən birini təşkil etdi.
2017-ci ildə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə böyük bir elmi-tədqiqat layihəsinə başladıq. Layihə çərçivəsində Təbriz, Urmiya, və Marağaya aid Osmanlı dəftərlərininin mükəmməl surətlərini İstanbuldan gətirdik və onların üzərində işlədik. Bu dəftərlərin əhəmiyyəti ondan ibarətdir ki, bu sənədlər müəyyən bir bölgənin sosial-iqtisadi tarixi, demoqrafik durumu və toponimikasını ilkin mənbə əsasında tədqiq etməyə imkan verir. Qeyd edim ki, bu mənbələrin oxunması da olduqca çətin bir məsələdir. Onlar ərəb əlifbasının “siyaqət” adlanan məxsusi bir xətti ilə yazıldığı üçün oxunuşu böyük zəhmət tələb edir. Bütün bunlara baxmayaraq biz bu işləri həyata keçirmişik və bu istiqamətdə tədqiqatlar hələ də davam edir.
Bundan əlavə, UNESCO-nun dəstəyi ilə İpək Yolu problemlərini dərindən tədqiq edirəm.
Qeyd etdiyim bu üç istiqamət elmi yaradıcılığımda mühüm yer tutur.
- Azərbaycanın tanınmış şərqşünası, tarixçisi Dövlət mükafatı laureatı və Əməkdar elm xadimi, akademik Ziya Bünyadovun yetirməsisiniz. Akademik Z.Bünyadovun elmi potensialınızın inkişaf etdirilməsində nə kimi rolu olub?
- Şərqşünaslıq elminə gəlməyimdə akademik Ziya Bünyadovun çox böyük rolu olub. Hələ universitetin 3-cü kursunda təhsil aldığım dövrdə akademik Ziya Bünyadov məni Şərqşünaslıq İnstitutuna dəvət etdi və iki il bu institutda keçirilən seminarlarda iştirak etdim. Universiteti bitirdikdən sonra bu institutun Z.Bünyadovun rəhbərlik etdiyi “Şərqin orta əsrlər tarixi” şöbəsində fəaliyyət göstərməyə başladım. İlk günlərdən apardığım tədqiqatlara Ziya müəllim rəhbərlik etdi və 1985-ci ildə onun tövsiyəsilə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda bir il tədqiqatçı kimi fəaliyyət göstərdim. Daha sonra həmin institutun aspiranturasına qəbul olundum.
Ziya müəllimin təklif etdiyi mövzu əsasında Moskvada namizədlik dissertasiyamı müdafiə etdim və bir neçə il sonra bu mövzuda kitabım nəşr olundu. Yadımdadır ki, bu kitabı Moskvadan Azərbaycana gətirib Ziya müəllimə təqdim etdikdə onun gözlərindəki sevincin şahidi oldum.
Ümumiyyətlə, Ziya müəllimin təkcə tövsiyələri deyil, bu institutda bizə hər mənada dəstək olması, onun yanında yetişməyimiz, belə bir şəxsiyyətlə daimi ünsiyyətdə olmağımız bizim üçün həm böyük məktəb, həm də böyük qürur idi. 1997-ci ildə dəyərli alimimizin faciəli şəkildə həyatdan köçməsi bütün Azərbaycan xalqı üçün ağır bir zərbə oldu və təbii ki, məni də dərindən sarsıtdı.
- Bir az da UNESCO-nun İpək Yolu layihəsinin Azərbaycan üzrə əlaqələndiricisi kimi fəaliyyətiniz, İpək Yolu tarixinin tədqiqi ilə bağlı araşdırmalarınız barədə məlumat verərdiniz.
- Hələ 1990-cı illərin sonunda UNESCO-nun bir konfransına dəvət aldım. Bu zaman UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun fəaliyyəti ilə yaxından tanış oldum. Bir neçə ildən sonra Azərbaycan bu institutun üzvü oldu. 2007-ci ildə Azərbaycan nümayəndəsi olaraq bu institutun direktoru vəzifəsinə seçildim və 6 il bu vəzifədə çalışdım. Bu qurumun əsas fəaliyyət istiqamətlərindən biri Mərkəzi Asiya ölkələrinin tarixi-mədəni mirası və İpək Yolu ilə əlaqələrinin tədqiqidir. Bu illər ərzində bir çox beynəxalq tədqiqat layihəsi həyata keçirildi, elmi konfranslar təşkil olundu, ingilis və rus dillərində kitablar nəşr edildi. Məsələn, “Mərkəzi Asiyanın İpək Yolu üzərindəki arxeoloji abidələri”, “Osmanlı mənbələrində Mərkəzi Asiya tarixi” adlı 3-cildlik, “İpək Yolu və Mərkəzi Asiyada mədəni transfer” və s. kimi bir sıra dəyərli tədqiqat əsərləri nəşr olundu.
İnstitutun əsas tədqiqat istiqamətlərindən biri də UNESCO-nun Mərkəzi Asiyada həyata keçirdiyi proqramlara dəstək vermək, onlara elmi yardımlar etməkdən ibarət idi.
İnstitut UNESCO-nun İpək Yolunun Transmilli Seriya Nominasiyası adlı böyük bir layihəsində də yaxından iştirak edirdi. Təşəbbüsümüzlə 2018-ci ildən Azərbaycan da rəsmi olaraq bu layihəyə qoşulub və hazırda bu istiqamətdə də fəaliyyətimizi davam etdiririk.
- 2020-ci ildə Azərbaycanda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi çərçivəsində ingilis və rus dillərində “Azərbaycan İpək Yolu üzərində” adlı fundamental monoqrafiyanız işıq üzü görüb. Monoqrafiyanın Azərbaycan dilində nəşr edilməsi nəzərdə tutulurmu?
- Həqiqətən, son illərdə daha çox İpək Yolu problemləri ilə məşğul oluram. Bu problemlər UNESCO-nun dəstəyi ilə dərindən tədqiq olunub. Bu məqsədlə UNESCO-nun bir sıra layihələrində iştirak etmişik.
Hazırda bu istiqaməti Azərbaycanda da davam etdirirəm. 2020-2021-ci illərdə elmi rəhbərliyim ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi həyata keçirildi. Layihənin nəticəsində bir sıra tanınmış arxeoloq və tarixçilərimizn həmmüəllifliyilə ingilis və rus dillərində “Azərbaycan İpək Yolu üzərində” adlı fundamental monoqrafiya nəşr olunub. Bu monoqrafiyada təkcə Azərbaycan elmində deyil, mən deyərdim ki, dünya elmində ilk dəfə olaraq Azərbaycan tarixinin təxminən 1700 illik dövrü İpək Yolu və ticarət-karvan yollarının inkişafı kontekstində tədqiq olunub. Bu günlərdə monoqrafiyanın Azərbaycan dilində də tərcüməsinin çap olunması nəzərdə tutulub.
- Şahin müəllim, dünyanın aparıcı elmi-tədqiqat müəssisələrində elmi fəaliyyətlə məşğul olmusunuz. Böyük Britaniyanın Oksford İslam Araşdırmaları Mərkəzində və Bodlean Kitabxanasında, ABŞ-ın İndiana Universitetində və s. tədqiqatlar aparmısınız. Bu istiqamətdə fəaliyyətiniz elmimiz üçün hansı yenilikləri gətirib?
- 1998-ci ildə UNESCO-nun Hirayama/İpək Yolu təqaüdünü aldım və bu təqaüdlə üç ay ərzində Böyük Britaniyanın Oksford İslam Araşdırmaları Mərkəzində elmi ezamiyyətdə oldum.
Burada həm Oksford Şərqşünaslıq İnstitutunda, həm də dünyada məşhur olan Bodlean Kitabxanasında çalışdım. Buradan ölkəmizə Səfəvi tarixi və s. ilə bağlı olduqca maraqlı mənbələr və elmi ədəbiyyatla tanış oldum.
Təbii ki, bu Mərkəzdə ezamiyyətdə olduğum zaman müasir şərqşünaslıqda, xüsusilə Şərqin orta əsrlər tarixi sahəsində baş verən yeni nailiyyətlər və istiqamətlərlə tanış olmaq imkanı əldə etdim və xeyli mənbələr topladım. Bu ədəbiyyatla tanış olmağımın mənim bir tarixçi kimi yetişməyimdə böyük rolu olub.
Bundan əlavə, 2005-2006-cı illərdə ABŞ-ın İndiana Universitetində Fulbrayt təqaüdü ilə ezamiyyətdə oldum. Məlum olduğu kimi, İndiana Universiteti nəzdində şərqşünaslıq üzrə dünyanın ən mötəbər elmi mərkəzlərindən biri fəaliyyət göstərir. Orada olduğum dövrdə universitetin kitabxanasında olduqca zəngin materiallara rast gəldim.
- Mərkəzi Asiya xalqlarının tarixi və mədəniyyətinə dair elmi-araşdırma layihələrinin icrası zamanı bu ölkələrin xalqlarının tarixi və mədəniyyəti ilə bağlı nə kimi maraqlı faktlara rast gəlmisiniz?
- Altı il ərzində Orta Asiyada işləmək və bu ölkələr, onların tarixi və mədəni abidələri ilə yaxından tanış olmaq elmi həyatımda mühüm bir mərhələ idi. O cümlədən diqqətimi çəkən, marağıma səbəb olan önəmli məqamlardan biri ondan ibarət olub ki, öz təcrübəmdə Azərbaycan və Orta Asiya xalqları arasında mövcud olan çoxsaylı ortaq cəhətlərin şahidi oldum, onları öz gözlərimlə gördüm. Bu da təbiidir. Azərbaycanın buradakı xalqlarla həm tarixi, həm etnik, həm də mədəni baxımdan sıx bağlılığı var.
Orta Asiyadakı fəaliyyətimin əsas istiqamətlərindən biri də Azərbaycan və Orta Asiya xalqlarının mədəniyyəti və tarixi arasındakı ortaq cəhətlərin araşdırılmasından ibarət olub. Bu istiqamətdə bir neçə tədqiqat layihəsini icra etdik və IX-XV əsrlərdə Azərbaycan və Orta Asiyanın bədii sənəti ilə bağlı 4 cildlik nəşr olundu. Bu kitabların nəşrində Azərbaycan alimləri də yaxından iştirak edib. Hesab edirəm ki, UNESCO-nun dəstəyi ilə rus və ingilis dillərində nəşr olunan bu əsərlər Azərbaycan və Orta Asiya ölkələri arasındakı əlaqələrə çox böyük töhfədir. Digər mühüm layihələrdən biri XIX əsrin sonu – XX əsrin əvvəlində maarifçilik sahəsində Azərbaycan və Orta Asiya xalqları arasında ortaq cəhətlər, ziyalı təbəqələri arasındakı əlaqələrin tədqiqinə həsr olunub. Bu məsələlərə həsr olunmuş, UNESCO-nun nəşri hesab olunan kitab da rus və ingilis dillərində işıq üzü görüb. Bu kitab elmi ictimaiyyət arasında böyük əks-sədaya səbəb olub.
- Kadr hazırlığı sahəsində gördüyünüz işlərdən bəhs edərdiniz. Rəhbərliyiniz altında neçə fəlsəfə və elmlər doktoru yetişib?
- Etiraf etmək lazımdır ki, tarix, xüsusilə mediyevistika sahəsində kadr yetişdirmək o qədər asan məsələ deyil. Xüsusilə Şərqin orta əsr tarixi ilə məşğul olan gənclərin Şərq dillərinə yiyələnməsi, mənbələrlə, əlyazmalarla işləmək bacarıqlarına malik olması vacibdir. Bu, böyük əmək və zəhmət tələb edən prosesdir. Təəssüf hissi ilə qeyd edim ki, son dövrlərdə gənclər bütün bu əziyyətləri dərk edərək bu sahəyə böyük maraq göstərmir. Eyni zamanda fəxr edə bilərəm ki, bir neçə tələbəm bu sahədə fəaliyyət göstərir.
Kadr hazırılığı istiqamətində həm yerli, həm də xarici ölkə vətəndaşlarından ibarət doktorantlarımız olub. Məsələn, Şimali Kipr Türk Respublikasının baş nazirinin müavini vəzifəsində çalışmış şəxs vaxtı ilə mənim doktorantım olub və Osmanlı təhrir dəftərlərinin tədqiqi ilə məşğul olub. Onun kitabı 2004-cü ildə Bakıda Azərbaycan dilində çap etdirib.
Əlbəttə, istərdim ki, tələbələrimizin sayı daha çox olsun, gənclər bu sahəyə böyük maraq göstərsinlər. Gənclərə tövsiyəm odur ki, daha zəhmətlə çalışsınlar, çətinliklərdən çəkinməsinlər, elmə həqiqi sevgi göstərsinlər. Elmlə yalnız bu işi dərindən sevən, ona qəlbən bağlı olan insanlar məşğul ola bilər. Əgər qəlbən bu bağlılığı hiss edirlərsə elmlə məşğul olmağa dəyər.
- Gələcək fəaliyyətinizin əsas istiqamətlərindən də bəhs etməyinizi istərdik.
- Nəzərdə tutduğum bir sıra mövzular var, o cümlədən Azərbaycanın orta əsrlər tarixilə bağlı. Gələcək fəaliyyətimdə bu mövzulara diqqət ayırmaq əsas hədəflərimdəndir. Hazırda nəzərdə tutduğum mövzular üzrə ciddi elmi mənbələr mövcuddur və onların tədqiqinə böyük ehtiyac var.
Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin sektor müdiri
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.