Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.02.2022 10:52
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim risklərin qiymətləndirilməsi mövzusunda keçirilən tədbirdə iştirak edib

Coğrafiyaçı alim risklərin qiymətləndirilməsi mövzusunda keçirilən tədbirdə iştirak edib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri, c.ü.f.d., dosent Zaur İmrani Gürcüstanın Tbilisi şəhərində PPRDEsat3 proqramı çərçivəsində “Fəlakət riskinin qiymətləndirilməsi üzrə regional təlimatların hazırlanması” mövzusunda keçirilən seminarda  iştirak edib.

Tədbirdə İtaliya, İsveç, Türkiyə, Azərbaycan, Gürcüstan, Ukrayna, Ermənistan nümayəndə heyətləri iştirak edib. Seminarda tərəfdaş ölkələr və Avropa İttifaqına üzv dövlətlərindən olan ekspertlər arasında regional səviyyədə təhlükələrə məruz qalmalar və fəlakət riskləri haqqında müxtəlif qiymətləndirilmə meyarlarına aydınlıq gətirilib.

Coğrafiyaçı alim “Azərbaycanda təbii fəlakətlərin coğrafiyası və regional fəlakət riskinin qiymətləndirilməsi” adlı məruzə ilə çıxış edərək fəlakət risklərinə qarşı mübarizə tədbirlərinin elmi əsaslarla həyata keçirilməsindən, proqnozlaşdırılmanın üstünlüklərindən danışıb. Alim təbii fəlakətlərin mənşəyinə görə əmələgəlmə səbəbləri, texnogen təsirlər zamanı onların areallarının genişlənməsi və intensivliklərinin artması barədə bəzi məqamlara toxunub. Z.İmrani Azərbaycanda daha çox müşahidə edilən təbii fəlakət hadisələri: zəlzələ, palçıq vulkanları, sel, sürüşmə, leysan yağışları və s. barədə iştirakçılara məlumat verib, professor Neron Babaxanlı ilə birgə tərtib etdikləri “Azərbaycanda təbii fəlakətlər xəritəsi”ndən söz açıb.

Tədbir zamanı fəlakət riskləri müzakirə edilib, təcrübə mübadiləsi aparılıb. İştirakçılar gələcək əməkdaşlıq üçün ölkələr arasında təcrübə mübadiləsi qurmaq məqsədilə vahid şəbəkənin yaradılmasının vacibliyini qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: