Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.02.2022 11:03
  • A-
  • A
  • A+

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının yaranmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2022-ci il üçün İş Planına əsasən, AMEA-nın Naxçıvan Bölməsi və muxtar respublikadakı ali təhsil müəssisələrinin iştirakı ilə baş tutub.

Yığıncağı giriş sözü ilə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Alim çıxışında Naxçıvan Muxtar Respublikasının keçdiyi mürəkkəb tarixi inkişaf yoluna nəzər salıb, muxtariyyət statusunun qazanıldığı ərəfədə bölgədə mövcud olan ağır siyasi vəziyyətdən bəhs edib. Tarixin müxtəlif dövrlərində Azərbaycan torpaqlarına köçürülən ermənilərin sonradan Naxçıvanı Azərbaycandan qoparmaq üçün irəli sürdükləri əsassız ərazi iddiaları və naxçıvanlıların əzmkar, inadlı mübarizəsini dinləyicilərin diqqətinə çatdırıb.

“Naxçıvanın muxtariyyət statusu və beynəlxalq müqavilələr” mövzusunda məruzə edən akademik beynəlxalq Moskva və Qars müqavilələrinin muxtariyyət statusunun qazanılmasındakı mühüm rolundan söz açıb. Qeyd edib ki, bu müqavilələr sayəsində Naxçıvanın sərhədləri bir daha dəqiqləşdirilib, ermənipərəst havadarların səylərinə, daşnakların ciddi cəhdlərinə, silahlı təxribatlarına rəğmən, Naxçıvan əhalisinin qətiyyəti, qardaş Türkiyənin göstərdiyi dəstək nəticəsində Naxçıvan Azərbaycanın tərkibində saxlanılıb.

1920-ci il dekabrın 2-də Rusiya ilə Ermənistan arasında bağlanmış hərbi-siyasi sazişə əsasən, qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi ilə Naxçı­van məqsədli şəkildə Azərbaycanın əsas ərazisindən ayrı salınıb, ərazilərini başqa dövlətlər hesabına artırmağa alışmış erməni qəsbkarlarının növbəti təxribatları üçün zəmin hazırlanıb. Lakin zərurətdən doğan mux­ta­riyyət məsələsinin gündəliyə gəlməsi tarixi torpaqlarımıza yönəlik gələcək işğal planlarının qarşısını alıb, - deyə akademik bildirib.

Məruzədə muxtariyyətin qazanılmasında Xalq Ədliyyə komissarı Behbud ağa Şahtaxtinskinin misilsiz xidmətlərindən, onun təşəbbüsü ilə Naxçıvanda keçirilən ümumxalq səsverməsinin prob­lemin həllindəki mühüm rolundan bəhs olunub. Moskva və Qars müqavilələrinin imzalanması ərəfəsində aparılan danışıqlar, tərəflərin mövqeyi və Naxçıvan məsələsinin mühümlüyü vurğulanıb. Müqavilələrin böyük tarixi önəmindən danışan alim bildirib ki, 1921-ci il referendumu, eləcə də Moskva və Qars müqavilələri bölgənin gələcək taleyini müəyyənləşdirib, həmin bu sənədlər əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikası yaradılıb.

Akademik, həmçinin Moskva və Qars müqavilələri ilə müəyyənləşdirilən ərazilər, geosiyasi maraqlar nəzərə alınmaqla o dövrün böyük dövlətlərinin Naxçıvanla bağlı planlarını təhlil edib.

Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev isə “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində” başlıqlı məruzəsində muxtar respublikanın 30 illik inkişafına nəzər salıb. Vurğulanıb ki, ötən müddət ərzində muxtar respublikanın gələcək inkişafı istiqamətində atılan uzaqgörən addımlar sayəsində həyatın bütün sahələrində yüksək göstəricilər qeydə alınıb. Onun sözlərinə görə, ərazi, ərzaq, enerji təhlükəsizliyi sahəsində görülən ardıcıl tədbirlər, kənd təsərrüfatı, iqtisadiyyat, sənaye və başqa önəmli sahələrdə həyata keçirilən islahatların nəticəsi qazanılan uğurlarda əksini tapıb.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov tədbirdə “Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı” mövzusunda məruzə edib. Məruzəçi ötən əsrin 20-ci illərindən başlayaraq Naxçıvanda elm və təhsilin inkişafından söz açıb. Naxçıvanda təhsil sisteminin keçdiyi inkişaf yoluna nəzər salan rektor muxtar respublikada fəaliyyət göstərən ali, orta, ümumi və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı statistik göstəriciləri diqqətə çatdırıb, həyata keçirilən elm və təhsil siyasətinin mahiyyətindən söz açıb.

“Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva isə “Muxtariyyət dövründə Naxçıvan ədəbi mühiti” mövzulu məruzəsində muxtariyyət dönəmində Naxçıvanda fəaliyyət göstərmiş ədəbi məclis və birliklərdən, Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndələrindən, onaların yaradıcılığının ümumi cəhətlərindən danışıb. Qazanılan hərtərəfli inkişafın mədəniyyət sahəsində də aydın təzahür etdiyini söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: