Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.02.2022 15:36
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Fevralın 10-da AMEA-nın Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq tədbirin gündəliyindəki məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.

Tədbirdə əvvəlcə institutda “Biofizika” ixtisası üzrə keçirilən qış imtahan sessiyasının nəticələri geniş müzakirə olunub.

Məsələ ilə bağlı çıxış edən O.Qasımov qeyd edib ki, müəssisədə qış imtahan sessiyasının şəffaf keçirilməsi məqsədilə bütün zəruri tədbirlər yüksək səviyyədə həyata keçirilib, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq, qərəzsizlik və obyektivlik təmin edilib. Alim əlavə edib ki, sessiya zamanı müəssisə rəhbərliyi imtahan prosesini diqqət mərkəzində saxlayıb və imtahanların gedişini izləyib. O, həmçinin təlim-tədris prosesinin effektivliyinin, eləcə də magistrantlar tərəfindən biliklərin mənimsənilmə səviyyəsinin öyrənilməsi məqsədi ilə onlarla mütəmadi görüşlərin keçirilməsinin zəruriliyini qeyd edib. Şura sədri bildirib ki, magistrantların elmi səviyyəsinin yüksəldilməsi məqsədilə dərsdənkənar laborator məşğələlər də təşkil olunmalıdır.

Sonra institutun Təhsil və beynəlxalq əlaqələr şöbəsinin müdiri, a.ü.f.d. Həmayil Adıgözəlzadə çıxış edərək magistrantların qış imtahan sessiyasının nəticələri və növbəti yaz semestrinə hazırlıq işləri barədə məlumat verib.

Daha sonra müəssisədə “Biofizika” ixtisası üzrə ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə Tədris planında II semestr üçün nəzərdə tutulmuş ixtisas və ixtisaslaşmaya ayrılan fənlərin proqram və sillabusları müzakirə olunaraq təsdiq edilib.

Sonda Gənclər Günü münasibətilə Biofizika İnstitutunda gənc alimlər arasında keçirilən müsabiqənin nəticəsi elan olunub.

İnstitutun elmi katibi, b.ü.f.d., dosent Florida Mehrəliyeva diqqətə çatdırıb ki, müsabiqə 2021-ci ildə nəşr olunan elmi məqalələrin sayı, eləcə də əldə edilmiş elmi nailiyyətlər üzrə aparılıb. Müsabiqənin nəticəsinə əsasən, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Molekulyar və hüceyrə biokimyası laboratoriyasının elmi işçisi Mətanət Baxışova 2021-ci ildə uğurlu fəaliyyətinə görə fəxri diploma layiq görülüb.

Mükafatı M.Baxışovaya təqdim edən iİnstitutun baş direktoru Oktay Qasımov müəssisənin rəhbərliyi və kollektivi adından gənc alimi təbrik edib, gələcək elmi və ictimai fəaliyyətində ona uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: