Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Görkəmli geobotanik alim Vahid Hacıyevin anadan olmasından 94 il ötür
14.02.2022 14:19
  • A-
  • A
  • A+

Görkəmli geobotanik alim Vahid Hacıyevin anadan olmasından 94 il ötür

Fevralın 14-ü görkəmli geobotanik alim, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, 20 il ərzində - 1988-ci ildən 2008-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutuna rəhbərlik etmiş Vahid Hacıyevin anadan olmasının 94 ili tamam olur.

Vahid Hacıyev 1928-ci ildə Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində dünyaya göz açıb. 1943-cü ildə Tərtər şəhərində orta məktəbi bitirdikdən sonra Gəncə şəhərində Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutuna qəbul olub.

Elmi tədqiqatlarını daha dərindən davam etdirmək arzusu onu 1949-cu ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki keçmiş SSRİ EA-nın V.L.Komarov adına Botanika İnstitutunun aspiranturasına istiqamətləndirir. Burada o, geobotanikanın nəzəri problemlərini hərtərəfli öyrənərək məşhur florist professor Y.Q.Bobrovun elmi rəhbərliyi altında “Azərbaycanın quraqlığa davamlı paxlalı yem bitkiləri və onlardan qış otlaqlarında istifadə imkanları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycana qayıdır. Respublika ərazisində yüksək dağ çəmənlərinin geobotaniki tədqiqatının çox səthi və aşağı səviyyədə olduğunu dərk edən Vahid Hacıyev geobotanikanın məhz bu sahəsini əsaslı surətdə öyrənməyi və inkişaf etdirməyi qərara alır. Gərgin elmi axtarışlar öz bəhrəsini verir. 1966-cı ildə o, “Böyük Qafqazın yüksək dağ bitkiliyi (Azərbaycan SSR daxilində), onun dinamikası və təsərrüfat əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edir.

Vahid Hacıyevin elmi-təşkilati fəaliyyəti çoxpilləli olub. O, 1952-1957-ci illər ərzində Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda kiçik və daha sonra baş elmi işçi vəzifələrində çalışıb. Hələ gənc ikən gözəl təşkilatçılıq bacarığını nəzərə alaraq ona 1957-1958-ci illərdə Botanika bağının direktoru vəzifəsini icra etmək həvalə olunub. Artıq çəmənçilik üzrə yeganə mütəxəssis və geniş diapozonlu tədqiqatçı kimi tanınan Vahid Hacıyev Kənd Təsərrüfat Nazirliyi tərəfindən 1972-1973-cü illərdə Botanika İnstitutunda əsasını qoyduğu Geobotanika şöbəsinin müdiri vəzifəsində qalmaq şərti ilə Yemçilik və Otlaqlar Elmi-Tədqiqat İnstitutuna direktor təyin edilir. Vahid Hacıyev 1958-1972-ci və daha sonra 1978-1988-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Uzun illərdən bəri həmin vəzifədə çalışması və işlədiyi müddətdə botanika elminin respublikada hərtərəfli inkişafına xüsusi diqqət yetirməsi akademik Vahid Hacıyevi bacarıqlı və yaxşı elmi təşkilatçı kimi səciyyələndirməyə əsas verib. Alimin elmi səviyyəsi, gözəl təşkilatçılıq bacarığı EA Rəyasət Heyətinin nəzərindən yayınmamış və 1988-ci ildə institutun direktoru vəzifəsinə yüksəlməsinə təkan verib. Onun rəhbərlik etdiyi müddət ərzində institutda aparılan elmi-tədqiqat işləri daha müasir istiqamət alıb və bu da öz növbəsində yeni ixtisaslar üzrə laboratoriyalar açılmasını zəruri edib. Akademikin rəhbərliyi və bilavasitə iştirakı ilə 1992-ci ildə yenidən hazırlanan və sonrakı illərdə rus və ingilis dillərində nəşr edilən “Azərbaycanın bitki örtüyü” xəritəsi respublikanın bitki örtüyünün tam aynasıdır.

Alimin geniş elmi tədqiqatları bitkilərin təsnifatı sahəsini də əhatə edib. Belə ki, müəlliflərindən biri olduğu 8 cildlik “Flora Azərbaycana” əsərinin V-VIII cildləri üçün o, 5 fəsilə, 25 cinsə aid işlədiyi 84 növün elmi təsvirini verib. O, həmçinin 1989-cu ildə kollektivin ümumi səyi nəticəsində tərtib olunaraq, nəşr edilən Azərbaycan florasının nadir, relikt, endemik növlərindən olan 140 bitkini əhatə edən “Azərbaycanın Qırmızı Kitabı” əsərində həmin bitkilərin yayılmasına, qorunmasına dair kifayət qədər əməli təkliflər verib.

Vahid Hacıyev respublikamızda və həmçinin keçmiş Sovet İttifaqı və digər xarici ölkələrdə nəşr edilmiş 350-dən çox elmi əsərin, o cümlədən 7 monoqrafiyanın müəllifi, flora, bitki örtüyü və bitki ehtiyatlarına həsr edilmiş 30-dan yuxarı kitabın, o cümlədən dərslik və terminoloji lüğətlərin elmi redaktoru idi.

Elmi nailiyyətlərinə görə 1970-ci ildə professor elmi adını alıb, 1983-cü ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1989-cu ildə isə Azərbaycan SSR EA-nın həqiqi üzvü (akademiki) seçilib.

Alimin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib və o, “Şöhrət”, “Şərəf nişanı” ordenlərinə, “Əmək veteranı” medalına, Azərbaycan Respublikası Ali Sovetinin Fəxri fərmanına, eləcə də Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 1 qızıl, 2 gümüş medalına layiq görülüb. İntensiv elmi və ictimai fəaliyyətinə görə akademik Vahid Hacıyev dəfələrlə bir sıra beynəlxalq elmi təşkilatların Fəxri fərmanları və görkəmli elm xadimlərinin adına təsis edilmiş medallarla mükafatlandırılıb.

Akademik Vahid Hacıyev 2008-ci il aprelin 7-də vəfat edib. Onun əziz xatirəsi tələbələrinin qəlbində daim yaşayır.

Səyyarə İBADULLAYEVA, AMEA-nın Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: