Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.02.2022 10:02
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunun Elmi seminarında “Azərbaycan folkloru və dövlətçilik şüuru” adlı məruzə dinlənilib

İqtisadiyyat İnstitutunun Elmi seminarında “Azərbaycan folkloru və dövlətçilik şüuru” adlı məruzə dinlənilib

AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim İmanovun sədrliyi ilə keçirilən tədbirə Folklor İnstitutunun, ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.

Tədbirdə Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov “Azərbaycan folkloru və dövlətçilik şüuru” adlı məruzə ilə çıxış edib.

Rəhbərlik etdiyi institutda aparılan tədqiqatlar barədə məlumat verən baş direktor tarixən böyük inkişaf yolu keçmiş zəngin milli folklorumuzdan, dastanlarımızdan, oğuznamələrdən, folklor qəhrəmanlarımızdan, milli təfəkkürün formalaşmasında folklorun rolundan, qədim dövlətçilik tariximizin və milli ənənələrimizin müxtəlif formalarda dastanlarda, eposlarda, nağıllarda, rəngarəng obrazlarda öz əksini tapmasından, folklor nümunələrində torpağa, vətənə, ailəyə, qadına, anaya, ataya, uşağa, təbiətə sevgidən, Azərbaycanın regionlarında folklor nümunələrinin toplanması sahəsində görülən işlərdən danışıb.

Akademik qeyd edib ki, folklorşünaslıq bütün dünyada xalqların azadlıq mübarizəsinin  əks olunduğu xalq yaradıcılığının mühüm bir sahəsi kimi qəbul olunur. Tarixən toplumların əsas məqsədi siyasi müstəqillik ideyasıdır, bu yolda aparılan mübarizədir. Azərbaycan xalqının yaratdığı eposlar, dastanlar, xüsusən də “Dədə Qorqud” bu qəbildən olan nümunələrdir. Xalqımızın yaratdığı folklor nümunələrində dövlətçilik ənənələrimiz, dövlətin və toplumun vahidliyi, xalqın birliyi, ədalətə əsaslanan idarəetmə, dövlətin qorunması və gücləndirilməsi, insanların yaşayışı, milli düşüncəsi, adət-ənənələri, qədim türklərin dünya görüşündə ədalət, din, dövlət, xalq, ordu anlayışı, toplumu birləşdirən amillər, xeyir və şər obrazları öz əksini tapıb.  

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Müasir qloballaşan dünyada tarixən formalaşmış zəngin milli xüsusiyyətlərimizi, özünəməxsusluğumuzu qorumaqla dünyaya inteqrasiyanın vacibliyi, dövlətçiliyimizin möhkəmləndirilməsində onun rolu və əhəmiyyəti vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: