Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.02.2022 11:24
  • A-
  • A
  • A+

Xərçəngin müalicəsində istifadə oluna biləcək potensial strategiyaları aydınlaşdırmaq üçün tədqiqatlar aparılır

Xərçəngin müalicəsində istifadə oluna biləcək potensial strategiyaları aydınlaşdırmaq üçün tədqiqatlar aparılır

AMEA-nın Biofizika İnstitutunda növbəti elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə institutun icraçı direktoru, biologiya elmləri doktoru Kərim Qasımov açaraq tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra institutun Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının kiçik elmi işçisi Ramiyyə Həsənova “Spin nişanlardan və spin zondlardan istifadə edərək xərçəng və normal hüceyrələri fərqləndirən bəzi faktorların tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Gənc alim məruzəsində qeyd edib ki, insanın ağciyər toxumasının sağlam və xərçəng hüceyrələrinin membranlarının lipid tərkibindəki fərqlər onların fiziki-kimyəvi xassələrinə təsir göstərir. Bu fərqlərə əsaslanaraq, xərçəngin müalicəsində istifadə oluna biləcək potensial strategiyaları aydınlaşdırmaq üçün insan ağciyərinin sağlam və xərçəng hüceyrələrin membranlarında 2,2,6,6-tetrametilpiperidin-1-oksil (TEMPO) spin zondun paylanması spin zond metodu ilə qiymətləndirilib. Onun sözlərinə görə, bu molekulların hüceyrələrə inkorporasiyası membranın termodinamik xüsusiyyətlərini müəyyən etmək üçün lazımdır: “Xərçəng və sağlam hüceyrələrin quruluşunda, həmçinin onların membranlarının ətraf mühitlərindəki fərqləri müəyyən etmək üçün spin nişan metodundan (16-doksil stearin turşusu, 5-doksil stearin turşusu) istifadə edilib. Alınan nəticələr göstərir ki, sağlam hüceyrələrə nisbətən xərçəng hüceyrələri üçün TEMPO-nun inkorporasiya koofisiyenti əhəmiyyətli dərəcədə yüksəkdir. Daha yüksək temperaturda həm sağlam, həm də xərçəng hüceyrələri üçün yüksək paylanma koofisiyentləri müşahidə edilir. Spin nişan fırlanması korrelyasiyasının zamanı haqqında və buna görə də membran mühitinin axıcılığı haqqında məlumat əldə edilib. Təcrübələr 283-317K temperatur intervalında, pH 7.3 və 6.2-də aparılıb”, - deyə R.Həsənova bildirib.

Sonda məruzə ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: