Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.02.2022 17:19
  • A-
  • A
  • A+

Ekoloji Effektivlik İndeksi üzrə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasına dair müzakirələr aparılıb

Ekoloji Effektivlik İndeksi üzrə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasına dair müzakirələr aparılıb

Fevralın 21-də AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim İmanovun sədrliyi ilə keçirilən tədbirə müəssisənin və bir sıra ali təhsil müəssisələrinin əməkdaşları qatılıblar.

Seminarda İqtisadiyyat İnstitutunun Maliyyə, pul-kredit siyasəti şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Sulduz Səlimov “Ekoloji Effektivlik İndeksi üzrə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması” mövzusunda məruzə ilə çıxış edib.

Ekoloji Effektivlik İndeksi (EEİ), onun metodologiyası və bu sahədə aparılan tədqiqatlar barədə məlumat verən məruzəçi bildirib ki, “EEİ-2020” 11 aspekt üzrə 32 göstərici və ətraf mühit, təbii ehtiyatların xidmət səviyyəsini əhatə edən ekosistemin dayanıqlılığı əsas olmaqla iki məqsədi özündə ehtiva edir. Hər bir səviyyə ümumi ballar hesablanmaqla faizlə göstərilir. Məlumatlar beynəlxalq idarəetmə qurumları, qeyri-hökumət təşkilatları və akademik tədqiqat mərkəzləri kimi etibarlı üçüncü tərəf mənbələrindən əldə edilir. Statistik məlumatlar, elmi ictimaiyyət tərəfindən nəzərdən keçirilmiş və ya beynəlxalq qurumlar tərəfindən təsdiqlənmiş toplama metodlarına əsaslanır. EEİ təbii ehtiyatların idarə edilməsi üzrə və insan sağlamlığını ətraf mühit risklərindən qorumaq üçün bir sıra göstəriciləri əks etdirir.  Biznes dairələri, sahibkarlar, vətəndaş cəmiyyəti institutları, araşdırmaçılar, qeyri-hökümət təşkilatları və KİV-lər ekologiya sahəsi haqqında məlumat almaq üçün ildə bir dəfə yayımlanan Ekoloji Effektivlik İndeksi hesabatına istinad edirlər.

Tədqiqatçı qeyd edib ki, dünyada ekoloji problemlərin arxasındakı mürəkkəblik təhlükəli və böyük ola bilər. Davamlı inkişafla bağlı müzakirələr ekoloji problemlərin təbiəti ilə bağlı qeyri-müəyyənlik və düzgün təyin olunmamış həll yolları ilə əlaqələndirilə bilər. Hesabatdakı sıralamalar ölkələr arasında sağlam rəqabəti inkişaf etdirmək üçün xüsusilə faydalıdır. 

Ekoloji Effektivlik İndeksi üzrə Azərbaycanın 180 ölkə arasında 72-ci yerdə olduğunu bildirən S.Səlimov reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması ilə bağlı təkliflərini səsləndirib, ətraf mühitə atılan sənaye tullantılarının azaldılmasının vacibliyini, tullantıların düzgün idarə edilməsinin əhəmiyyətini qeyd edib. Ətraf mühitin mühafizəsi ilə bağlı başlıca ekoloji amillər, məişət tullantılarının idarə olunmasının iqtisadi səmərəsi, pandemiyanın sənayeyə və ekologiyaya dolayı təsirləri, Azərbaycanda real ekoloji vəziyyət barədə danışıb.

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: