Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.02.2022 16:45
  • A-
  • A
  • A+

Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin və AMEA-nın Qadınlar Şurasının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva açaraq 30 il əvvəl Azərbaycanın əzəli və əbədi torpaqları olan Dağlıq Qarabağı işğal etmək üçün Ermənistanın apardığı məkrli siyasətdən bəhs edib. Akademik bu proseslərin 1991-ci ildən daha intensiv xarakter aldığını və 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdiyini bildirib.

“Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş hadisələr arasında ilk sıralarda dayanır”, - deyə bildirən G.Baxşəliyeva bəşəri cinayət olan Xocalı soyqırımının Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyinin təşkilatçılığı ilə həyata keçirildiyini xatırladıb. O Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qısa müddət ərzində bütün müdaxilələrin qarşısının alındığını, ölkənin gündən-günə inkişaf etməsinə nail olunduğunu, həmçinin ordu quruculuğu sahəsində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə atılan məqsədyönlü addımlar, həyata keçirilən beynəlxalq siyasət Azərbaycanın bugünkü qələbəsinə zəmin yaradıb.

Akademik G.Baxşəliyeva rəhbərlik etdiyi Şərqşünaslıq İnstitutunun da öz üzərinə düşən vəzifələri icra edərək Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində gördüyü işlərdən bəhs edib. Alimin sözlərinə görə, institut tərəfindən Xocalı qətliamına həsr edilmiş kitablar fars, ingilis və ərəb dillərində nəşr olunaraq bütün Şərq ölkələrinə təqdim edilib, eləcə də bir sıra digər tədbirlər həyata keçirilib.

AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə çıxış edərək bildirib ki, Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Şura sədri Xocalı faciəsinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması və günahkarların dünyaya tanıdılması istiqamətində səylərin birləşdirilməsinin vacibliyini qeyd edib.

Sonra çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin rəhbəri, tarix elmləri doktoru Zemfira Hacıyeva Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda əsrlər boyu keçdiyi mübarizə və azadlıq yolu olduğunu deyib. O, Xocalı soyqırımı nəticəsində vətəndaşlarımızla yanaşı, şəhərlərimiz, kəndlərimiz, mədəni abidələrimizin də də məhv edildiyini vurğulayıb.

Z.Hacıyeva ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin gərgin əməyi nəticəsində hazırda dünyanın əksər dövlətlərinin Xocalı qətliamını əsl soyqırım kimi tanıdığını vurğulayıb.

Daha sonra çıxış edənlər Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli hadisə, bəşəriyyətə qarşı yönəlmiş mənfur cinayət olduğunu bildiriblər. Xocalı soyqırımının hələ keçən əsrin əvvəllərindən xalqımıza qarşı törədilən kütləvi qırğınların davamı olduğu vurğulanıb.

Qeyd edək ki, tədbirdə AMEA-nın bir sıra institut və təşkilatlarının Qadınlar Şuralarının sədrləri də iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: