Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.02.2022 09:40
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzdə aparılan tədqiqatların hazırki vəziyyəti müzakirə olunub

Seysmoloji Mərkəzdə aparılan tədqiqatların hazırki vəziyyəti müzakirə olunub

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində seminar keçirilib. Seminarda mərkəzdə aparılan kompleks seysmoloji - geofiziki tədqiqatların hazırki vəziyyəti, yeni elmi istiqamətlərin müəyyən edilməsi, yeni seysmik stansiyaların quraşdırılmasına dair məsələlər müzakirə olunub.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, seysmik monitorinq şəbəkəsinin genişlənməsi mərkəz əməkdaşları qarşısında yeni vəzifələr qoyur. Hazırda ölkəyə gətirilən seysmik stansiyaların quraşdırılması prosesinin davam etdirildiyini qeyd edən baş direktor stansiyaların quraşdırılmasından sonra görüləcək işlər haqqında da danışıb.

Seminarda, həmçinin stansiyalardan alınan məlumatların emalında tətbiq olunan proqramlar və onların texniki imkanları haqqında müzakirələr aparılıb. Eləcə də Türkiyə DİN-nin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin Zəlzələ Departamenti (AFAD) ilə RSXM arasında əməkdaşlıq məsələlərinə toxunulub.

Seminarda mərkəzin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, Geodinamika şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov çıxış ediblər. Məruzəçilər Türkiyədə tətbiq olunan emal proqramları və onların Azərbaycanda istifadəsinin mümkünlüyü, eləcə də seysmik monitorinq şəbəkəsinin genişlənməsi və yeni seysmik stansiyaların quraşdırılması haqqında danışıblar.

Baş direktor Q.Yetirmişli mərkəzin fəaliyyət planına Qarabağda kompleks seysmik tədqiqatların aparılmasının da daxil olduğunu bildirib. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə kompleks seysmoloji-geofiziki tədqiqatlar aparılacaq. “Şuşa ili” çərçivəsində Şuşa şəhəri yaxınlığında seysmik stansiyanın quraşdırılması da nəzərdə tutulur.

Bundan başqa, bu ilin may ayında Şamaxı zəlzələsinin 120 illiyinə həsr olunmuş beynəlxalq  konfrans keçiriləcək. RSXM-nin baş direktoru bildirib ki, konfrans Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dəstəyi və mərkəzin təşkilatçılığı ilə baş tutacaq. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Müzakirələrdə, həmçinin təşkilatdaxili digər məsələlərə də toxunulub.

Qeyd edək ki, AFAD-ın Zəlzələ Departamenti ilə RSXM arasında birgə əməkdaşlıq sazişinə əsasən tərəflər arasında zəlzələlərə dair məlumatların qarşılıqlı mübadiləsi haqqında razılaşma var. Razılaşmaya əsasən, seysmik stansiyaların məlumatlarının emal olunmasında tətbiq olunan proqramların istifadəsi və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: