AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda qan yaddaşımız Xocalı soyqırımının 30 illiyinə həsr edilmiş xatirə tədbiri keçirilib.
Bakı Avrasiya Universitetinin tələbələrinin də iştirak etdiyi tədbirdə Xocalı soyqırımına aid nəşrlərdən ibarət sərgiyə baxış olub və slayd nümayiş etdirilib.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin dəmir iradəsi, böyük diplomatik bacarığı, mükəmməl dövlətçilik siyasəti sayəsində qazanılmış Qarabağ zəfəri Azərbaycanın daha sürətlə hərtərəfli inkişaf edəcəyinə, ölkəmizdə dinc və firavan həyatın bərqərar olacağına qəti şəkildə inanmağımıza əsas verir.
“Bu cür tədbirlər bizim hər birimiz, o cümlədən yeni nəsillər üçün vətənpərvərlik tərbiyəsi baxımından əhəmiyyətlidir. Eyni zamanda bizim diqqətimizin Qarabağ və Xocalı mövzusuna tədqiqat baxımından daha dərindən yönləndirilməsi üçün özünəməxsus əhəmiyyət daşıyır. Bu mövzu ədəbiyyat mövzusudur, bədii yaradıcılıq mövzusudur”, - deyə akademik İsa Həbibbəyli əlavə edib.
Sonra filologiya elmləri doktoru Mərziyyə Nəcəfova “Ədəbiyyatda 30 illik Xocalı fəryadı” adlı məruzə ilə çıxış edib. Fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Qəşəmoğlu isə yaradıcılığında həm Şuşa, həm də Xocalı mövzusunda əsərlərə yer verdiyini diqqətə çatdırıb.
Tədbirdə, həmçinin filogiya üzrə fəlsəfə doktoru Fəridə Hicran, şair İbrahim Yusifoğlu, filogiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı və Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin IV kurs tələbəsi Nəzakət Pirverdiyeva vətənpərvərlik və Xocalı soyqırımı mövzusunda şeirlərini səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.