Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin “Kimya” ixtisası üzrə IV kurs tələbələri AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda istehsalat təcrübəsi keçirlər.
Pandemiya ilə əlaqədar karantin rejiminin tələblərini gözləməklə tələbələr ayrı-ayrı qrup şəklində üç aylıq təcrübə müddətində institutun laboratoriyalarında son illərdə alınan cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi tədqiqat üsulları, laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə tanış olacaqlar. Tələbələr üçün qeyri-üzvi materialşünaslıq və kataliz sahəsində institutda prioritet istiqamətlər üzrə yerinə yetirilən elmi tədqiqatlar və əldə olunan mühüm nəticələrlə bağlı seminarların keçirilməsi də nəzərdə tutulur.
Təcrübə prosesinin may ayının 25-dək keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu elmlə təhsilin inteqrasiyası istiqamətində bir sıra ali təhsil müəssisələri, o cümlədən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransa-Azərbaycan Universiteti (UFAZ), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı ilə sıx əməkdaşlıq edir. Belə ki, qarşılıqlı təcrübə mübadiləsi olaraq, birgə magistr hazırlığı yerinə yetirilir, bakalavr tələbələrin və SABAH qruplarının təcrübə keçməsi təmin olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.