Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.02.2022 11:04
  • A-
  • A
  • A+

MEK-də Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir keçirilib

MEK-də Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Öncə Xocalı soyqırımında, o cümlədən Vətən uğrunda şəhid olan oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən MEK-in baş direktoru, professor Məmməd Əliyev 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalıya ağır hərbi texnika yeritdiyini, şəhərin əhalisinə qarşı misli görünməmiş qəddarlıqla divan tutduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb, genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu qanlı faciənin soyqırımı aktı kimi tanınması istiqamətində görülən silsilə tədbirlərin davamı olaraq, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu soyqırımın təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından yüksək qiymətə layiqdir.

“Artıq Xocalı faciəsini məyusluqla yad etmirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq torpaqlarımızı geri aldı. Böyük Zəfərimizin nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qanı yerdə qalmadı”- deyə baş direktor vurğulayıb.

AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva erməni hərbi birləşmələrinin yerli əhaliyə qarşı törətdiyi cinayətlər haqqında faktları diqqətə çatdırıb. Akademik bildirib ki, dövlətimizin səyi, şəxsən Prezident İlham Əliyevin mahir diplomatiyası sayəsində artıq dünya Xocalı həqiqətlərini etiraf etməyə başlayır.

“Cənab Prezidentimizin ətrafında bir yumruq tək birləşərək qalib gələn xalq olaraq bu qan yaddaşımız - Xocalı soyqırımını heç zaman unutmamalı, gələcək nəsillərə təbliğ etməliyik” – deyə millət vəkili Jalə Əhmədova çıxışı zamanı bildirib.

Tədbirdə iştirak edən Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım çıxışı zamanı bildirib ki, Xocalı faciəsi qəlbimizin daim sızlayan yarasıdır, heç kəs bizim ürəyimizdəki həmin yanğını anlaya bilməz.

Xocalı faciəsinin canlı şahidi Dürdanə Ağayevə faciə günü və faciə sonrası yaşadığı, yaddaşına həkk olunmuş dəhşətli anları tədbir iştirakçılarının nəzərinə çatdırıb. Çıxışçı Xocalı soyqırımı zamanı Azərbaycan qızının, qadınının, ümumən bir insanın başına gətirilən dəhşətlərdən faktlarla söhbət açmaqla, ermənilərin iç üzünü, qəsbkarlığını, qəddarlığını bir daha vurğulayıb. O, işğalçı Ermənistan tərəfindən törədilən bu dəhşətli cinayətləri dünya ictimaiyyətinə daha geniş çatdırmaq üçün yaşadığı acı dolu anları qələmə alaraq kitablar şəklində çap etdirib və müəllifi olduğu həmin kitabları MEK-ə hədiyyə edib. MEK adından isə Xocalı sakini Dürdanə Ağayevaya bir illik oxucu kartı təqdim edilib.

Xocalı sakinləri Mehriban Əliyeva, Mürvət Məmmədov həmin gecənin canlı şahidləri olaraq üzərindən 30 il keçməsinə baxmayaraq, erməni terrorçuları tərəfindən törədilən o dəhşətli anları bu gün kimi xatırladıqlarını qeyd ediblər.

Şəhid Əlizamin Mustafanın anası Ülviyyə xanım, şairə Esmira Günəş çıxışları zamanı vurğulayıblar ki, tariximizin qanlı səhifəsi olan Xocalı qətliamı xalqımızın mübarizə əzmini daha da möhkəmləndirib.

Tədbir müddəti erməni vandalizmini faktlarla, sənədlərlə ortaya qoyan “Xocalı - bir millətin kədəri” adlı sənədli film nümayiş etdirilib, mövzu ilə əlaqəli MEK-in fondlarında qorunan nəşrlərdən və fotolardan ibarət sərgiyə baxış keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: