Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.02.2022 15:57
  • A-
  • A
  • A+

Ermənilərin üstündən bu ləkə heç vaxt silinməyəcək

Ermənilərin üstündən bu ləkə heç vaxt silinməyəcək

AMEA-nın M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Dilqəm Tağıyev bugünkü tarixin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Bildirib ki, üstündən 30 il keçməsinə baxmayaraq, Xocalı hadisəsi hələ də yaddaşlardan silinməyib və heç vaxt silinməyəcək: “Ermənilərin də üstündən bu qanlı ləkə heç vaxt silinməyəcək. Xocalı xalqımızın qan yaddaşına həkk edilmiş soyqırımdır”.

Vurğulanıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə artıq bir neçə ay mühasirədə saxlanılan Xocalı ermənilər və 366-cı motoatıcı alayın hərbi birləşmələri tərəfindən işğal olundu, əliyalın, dinc əhaliyə amansız divan tutuldu. Qaniçən düşmənlər 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfəri qəddarlıqla qətlə yetirdilər. Faciədə 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi, onlardan 76-sı uşaq olmaqla 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər Xocalı sakini itkin düşdü.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilib. 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə Milli Məclidə 26 fevral “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edilib. Sənəddə Xocalı hadisəsi, onun başvermə səbəbləri və əli qanlı günahkarları müfəssəl olaraq əksini tapıb. Lakin bu qanlı hadisənin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyasının və başqa mühüm tədbirlərin əhəmiyyəti vurğulanıb.

İnstitutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı çıxışında Xocalı soyqırımının ən yeni tariximizin qara səhifəsi, dünya tarixində görünməmiş faciəvi günlərdən biri olduğunu qeyd edib: “Bu 30 ildə Xocalının günahsız qurbanları nəinki unudulmamış, əksinə xalqımızı düşmən qarşısında daha da birləşdirmişdir. Ermənilər uzun tarixi dövr ərzində xalqımıza qarşı kin və nifrət bəsləmişlər, Xocalı soyqırımı isə bunun ən qanlı təzahürüdür. Lakin bizim xalqımız və dövlətimiz zaman keçdikcə güclənmiş və yaranmış tarixi şəraitdən düzgün istifadə edərək torpaqlarımızı düşmən tapdağından azad etmişdir. Bu gün dünyada baş verən hadisələr dövlət başçımız cənab İlham Əliyevin siyasətinin müdrik olduğunu və zamanında doğru və adekvat addımlar atdığını bir daha sübut edir. Akademiyada, həmçinin digər təhsil və elm ocaqlarında çalışan ziyalı təbəqə dövlət siyasətini dəstəkləyir, ölkəmizin siyasət və iqtisadiyyatının yüksələn xətlə inkişaf etməsini arzu edir”.

Müəssisənin Həmkarlar təşkilatının üzvü Elza Salahova və Qadınlar şurasının sədri Esmira Quluzadə isə çıxış edərək bildiriblər ki, bir Azərbaycan xanımı və anası üçün Xocalı soyqırımı çox ağrılı, acılı və dəhşətli xatirədir, lakin hər Azərbaycan xanımının öz övladlarına, onların qan yaddaşına Xocalı faciəsi kimi tarixi həqiqəti köçürmək kimi vətəndaşlıq borcu var. Çünki düşməni unutmaq, ona yenidən etibar etmək gələcəkdə xalqımızın bir daha arxadan zərbə almasına yol aça bilər.

Sonda iclas iştirakçıları Xocalı soyqırımını törədənlərin gec-tez ədalət mühakiməsi qarşısına çıxmasını, öz dəhşətli cinayətlərinə görə cavab verməsini arzulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: