Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.02.2022 16:53
  • A-
  • A
  • A+

AMEA-nın Yüksək Texnologiyalar Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

AMEA-nın Yüksək Texnologiyalar Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Fevralın 25-də AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə YT Parkın baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov çıxış edərək insanlığa qarşı törədilmiş dəhşətli cinayət olan Xocalı faciəsi haqqında məlumat verib. Qeyd edib ki, Xocalı soyqırımı XX əsrin sonunda təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilən ağır cinayət kimi tarixə düşüb. 

“Prezident İlham Əliyevin yanvarın 28-də “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” imzaladığı Sərəncamda qeyd olunduğu kimi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü”, - deyə baş direktor bildirib.

Vasif Abbasov ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasına başlandığını söyləyib. Vurğulayıb ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib və fevralın 26-sı Xocalı Soyqırımı Günü elan olunub.

Baş direktor çıxışının sonunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisasının alındığını deyib.

Tədbirdə YT Parkın icraçı direktoru Zaur Nəhmətov və digərləri çıxış edərək Xocalı faciəsinin baş vermə səbəblərindən və acı nəticələrindən danışıb, həmin günlərin xalqımızın yaddaşında silinməz izlər qoyduğunu və heç zaman unudulmayacağını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: