AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və eləcə də vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri institutun baş direktoru, professor Abbas Seyidov açaraq vurğulayıb ki, Xocalı soyqırımı XX əsrdə bəşəriyyətə qarşı törədilmiş öz amansızlığı və qəddarlığı ilə seçilən cinayətdir.
Sonra professor Əsədulla Cəfərov məruzə ilə çıxış edərək Xocalı soyqırımı haqqında geniş məlumat verib. Bildirib ki,1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən 613 mülki Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. İtkin düşən 150 nəfərin - 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyev 1 mart1994-cü ildə Xocalı soyqırımı haqqında xüsusi Fərman imzalayıb, həmçinin Milli Məclisin qərarı ilə fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilib.
Diqqətə çatdırılıb ki, bu gün də Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün mühüm işlər davam etdirilir. Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşündə işğal altında olan torpaqlarımızı geri qaytardı.
Anım tədbirində, həmçinin professorlar Hidayət Cəfərov və Şirin Bünyadova çıxış edərək bu qanlı tarix haqqında öz fikirlərini bölüşüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.