Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.02.2022 12:15
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Radiasiya Problemləri İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə soyqırım qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra giriş sözü ilə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Azərbaycan xalqının son 200 il ərzində davamlı olaraq erməni millətçi-şovinistlərinin ənənvi etnik təmizləmə və soyqırımı siyasətinə məruz qaldığını bildirib. İ.Mustafayev qeyd edib ki, bütövlükdə Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı öz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixinə qanla yazılıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə 7 min əhalisi olan tarixi Xocalı şəhərində genosid aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər soydaşımız vəhşicəsinə qətlə yetirilib, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından sağlamlığını itirib. Soyqırım zamanı 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər isə valideynlərindən birini itirib. Bu vandalizm aktı baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-nin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıq və ağlasığmaz vəhşiliklə həyata keçirilib.

İ.Mustafayev xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verildiyini, 1994-cü ildə məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan parlamentinin 26 fevralı “Xocalı soyqırımı günü” kimi qəbul etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İ.Mustafayev çıxışının sonunda bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının təşəbbüskarı Leyla Əliyeva Xocalı soyqırımının tanıdılması istiqamətində mühüm işlər görürlər. Bunun nəticəsi olaraq Xocalı soyqırımı bir çox ölkələrdə, ABŞ-ın 21 ştatında qətliam kimi tanınıb. Həmçinin Xocalı hadisələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bu gün də ciddi addımların atılır, Azərbaycan diasporası mühüm işlər görür.

Tədbirdə daha sonra çıxış edən institutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva qeyd edib ki, XX əsrdə Azərbaycan xalqının yaşadığı faciələri, soyqırımları, qətliamları demək olar ki, heç bir xalq yaşamayıb. Əgər biz keçən əsrin əvvəlindən danışmağa başlasaq, 1918-ci ildə Azərbaycan xalqı soyqırıma, 1948-ci ildə deportasiyaya məruz qalıb. 1988-ci ildə xalqımız yenidən həm deportasiya, həm də faciəli günlar yaşadı. Ötən əsrin ən böyük faciələrindən hesab olunan Xocalı hadisəsi isə erməni şovinistlərinin törətdiyi böyük bir cinayətdir. Üzərindən illərin keçməsinə baxmayaraq faciənin ağrıları hələ də hiss olunur. R.Mehdiyeva ildönüm tədbirlərinin dünyanın bir çox ölkələrində də qeyd edildiyini bildirib və soyqırım həqiqətlərinin təbliği işində hər bir həmvətənlimizin aktiv iştirak etdiyini vurğulayıb.

Tədbirin sonunda çıxış edən digər natiqlər Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacağını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: