Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.03.2022 12:52
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının iclası keçirilib

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) 2022-ci il üzrə Elmi şurasının ilk iclası onlayn formatda “Meetadore” platforması üzərindən baş tutub.

Tədbiri institutun baş direktoru, akademik Əli Abbasov açaraq qeyd edib ki, İSİ ilə elmi-texniki əməkdaşlığı olan “Meetadore” onlayn konfrans platforması müəssisədaxili onlayn və oflayn görüşlərin idarə olunmasında daha çevik və effektiv imkanlar təmin etməsi üçün geniş perspektivlər yaradır. Belə ki, sözügedən platforma video konfrans şəklində danışıqların təmin olunması ilə yanaşı, görüşlərin yaradılması, iştirakçıların əlavə edilməsi, görüşdən sonra videoyazının arxivləşdirilməsi, protokolun hazırlanması proseslərini də özündə əks etdirir. Ə.Abbasov geniş istifadə imkanlarına malik, müasir tələblərə cavab verən “Meetador”un Azərbaycanın ilk innovativ virtual platforma olduğunu və növbəti müəssisədaxili onlayn tədbirlərin məhz bu platforma üzərindən keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Oflyan formatda istifadə funksionalı görüşlərin təqvimlərə daxil edilməsinə, görüşqabağı məlumatlandırmaya və görüşün protokolunun hazırlanmasına imkan verir. Müasir informasiya təhlükəsizliyi standartlarına əsaslanan sistem əgər tələb olunarsa məlumatların məxfiliyini təmin edir. Azərbaycanın milli onlayn konfrans platforması olan “Meetadore” ölkədaxili müxtəlif səviyyəli görüşlərin, konfrans və seminarların, mühazirələrin keçirilməsi üçün xarici analoqlara alternativ kimi müəyyən olunub.

Sonra institutun icraçı direktoru, AMEA-nın müxbir üvzü Əminağa Sadıqov çıxış edərək müəssisənin Kütləvi xidmət və ehtiyatların idarə edilməsi sistemlərinin modelləşdirilməsi laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Ağası Məlikovun və İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının müdiri, r.ü.f.d., dosent Gülçin Abdullayevanın elmi fəaliyyətləri, Azərbaycan elminə bəxş etdikləri mühüm töhfələr haqqında tədbir iştirakçılarına ətraflı şəkildə məlumat verib. Konfrans iştirakçıları görkəmli alimlərlə bağlı xatirələrini bölüşüb, onlara zəngin elmi yaradıcılıqlarında yeni müvəffəqiyyətlər arzulayıblar. Sonra AMEA-nın müxbir üzvü A.Məlikovun 65 və G.Abdullayevanın 75 illik yubileylərinin keçirilməsi haqqında AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

Daha sonra gündəlikdən irəli gələn cari məsələlərə baxılıb, müzakirələr aparılaraq müvafiq qərarlar qəbul edilib və AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə veriləcək təkliflər səsə qoyulub.

Sonda institutun baş direktoru, akademik Əli Abbasov iclasa yekun vuraraq qarşıda duran əsas vəzifələrin yerinə yetirilməsi üçün müəyyən tapşırıqlarını və tövsiyyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: