Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.05.2015 06:28
  • A-
  • A
  • A+

Gəncədə “Heydər Əliyev və müasir elmi gənclik” mövzusunda elmi-praktik konfrans keçirilib

Gəncədə “Heydər Əliyev və müasir elmi gənclik” mövzusunda elmi-praktik konfrans keçirilib

Mayın 6-da Gəncədəki Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyəti, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası və YAP Gəncə Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir elmi gənclik” mövzusunda elmi-praktik konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları dahi liderin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Konfransı giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq, Azərbaycan elminin inkişafında ulu öndərin tarixi xidmətlərindən danışıb. "Azərbaycan elminin və təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri" mövzusunda məruzə ilə çıxış edən E.Vəliyev  dahi liderin müdrik siyasi irsinin bütün dünya üçün örnək olduğunu bildirib.

Sonra AMEA Gəncə Bölməsinin sədri, Əməkdar Elm Xadimi, akademik Fuad Əliyevin “Qərb bölgəsində elm və təhsildə Heydər Əliyev ideyalarının həyata keçirilməsi” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, Azərbaycanın gələcək inkişafının elm və təhsillə bağlı olması strategiyasının təməlləri ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hələ Sovet dövründə Azərbaycanda elmin və təhsilin inkişafında böyük xidmətləri olmuş dahi rəhbər müstəqillik şəraitində mövcud imkanlardan istifadə etməklə, qazanılmış nailiyyətləri daha da möhkəmləndirmək və inkişaf etdirmək mövqeyindən çıxış edib.

“Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov görkəmli dövlət xadimi Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən, Azərbaycan elminin və təhsilinin inkişafındakı böyük rolundan danışıb. Bildirib ki, bu gün Azərbaycanda aparılan gənclər siyasəti, gənc nəslin inkişafına hərtərəfli dəstəyin verilməsi Heydər Əliyev siyasətinin düşünülmüş müasir transformasiyası baxımından atılmış mühüm və zəruri addımlardan biridir.

Tədbirdə Gəncə şəhər şagird parlamentinin sədri Valeh Əsədov “Avropanın Gənclər Paytaxtı 2016-Gəncə”, AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov “Gəncədə elm və təhsilin inkişafı Heydər Əliyevin ideyalarının təntənəsidir” və başqaları müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Konfransda AMEA Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Qədimalıyeva, AMEA Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, elmi işçi Leyla Hüseynova, Azərbaycan Dövlət Aqrar Universitetinin Gənc Alimlər Şurasının sədri Fariz Ələkbərov, AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, elm üzrə Prezident mükafatçısı Elnur Həsənov və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan elminin inkişafı və dünya elminə inteqrasiyası üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirdiyini bildiriblər. Qeyd edilib ki,  Gənc nəslin, o cümlədən elmi gəncliyin inkişafına hərtərəfli dəstək nümayiş etdirən ulu öndərin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfransdan sonra iştirakçılar Gəncənin maddi-mədəni abidələri, həmçinin müasir inkişafı ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: