Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.03.2022 11:43
  • A-
  • A
  • A+

“Azərbaycanın tarixi ərazilərindəki yaşayış məntəqələri adlarının erməniləşdirilməsi” kitabının təqdimatı olub

“Azərbaycanın tarixi ərazilərindəki yaşayış məntəqələri adlarının erməniləşdirilməsi” kitabının təqdimatı olub

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarında aqrar elmləri doktoru Yasin Azərtürkün (Kərimovun) “Azərbaycanın tarixi ərazilərindəki yaşayış məntəqələri adlarının erməniləşdirilməsi” kitabının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən institutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov kitabın AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətini təsdiqləyən xarici arxiv materiallarının toplanması və nəşri” layihəsi çərçivəsində aqrar elmləri doktoru Yasin Kərimov tərəfindən hazırlandığını diqqətə çatdırıb. Baş direktor Rusiyanın  arxivlərinə yol taparaq əhəmiyyətli sənədləri üzə çıxaran və Azərbaycanın tarixi ərazilərindəki (indiki Ermənistan) adların dəyişdirilərək erməniləşdirilməsini sübut edən kitabın böyük əhəmiyyətini qeyd edib. O bildirib ki, Y.Azərtürkün əldə etdiyi Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 60-dan artıq fərman və digər sənədlərində 1946-1968-ci illər ərzində müxtəlif bəhanələrlə 300-dən artıq türk mənşəli adın erməni adı ilə dəyişdirilməsi sübut olunub (bu günə qədər belə adların sayı 1000-i ötüb). Alimin sözlərinə görə, ermənilər tarixin izini ört-basdır etmək məqsədilə əzəli türk adlarını özünküləşdirərkən müxtəlif bəhanələrdən istifadə ediblər. Məsələn, fərmana əlavə olunmuş arayışda deyilir: “Ermənistanda xarici işğalçıların hakimiyyəti dövründən qalmış təhqiramiz məna daşıyan yaşayış məntəqələrinin türk mənşəli adlarının dəyişdirilməsi üzrə işlər gedir. Həmçinin, imkan olduqca erməni tarixi adları bərpa edilir”. Yaxud digər bir fərmanda deyilir: “Əhalisi Azərbaycana köçməsi ilə əlaqədar adları göstərilən yaşayış məntəqələri ləğv edilsin”.

Nərşin müəllifi Yasin Azərtürk isə çıxışında qrant layihəsi əsasında başa gələn kitabın yaranmasında qabaqcıl ziyalılarımızın, dövlət işçilərinin, alimlərin ona verdiyi mənəvi dəstəyin, müsbət fikirlərin rolunu xüsusi qeyd edib, onu ermənilərin öz əlləri ilə özlərini ifşa edən rəsmi dövlət sənədlərinin toplanaraq kitab halına salınmasına  ruhlandırdığını diqqətə çatdırıb.

Kitabın ön səhifələrində vaxtı ilə (1521-ci ildə) Azərbaycan Səfəvilər dövlətinin malik olduğu 3 500 000 km2-lik əraziyə sahib olduğundan bəhs edilir, böyük ərazisinin zaman-zaman qonşu dövlətlər tərəfindən işğalına və parçalanmasına gətirib çıxaran hadisələr haqqında xroniki şəkildə məlumat verilir. Sonda həqiqi adları və tarixi göstərilməklə, dəyişdirilmiş yaşayış məntəqələrinin, eləcə də 1988-1991-ci illərdə bütün azərbaycanlıların öz tarixi ərazilərindən qovulmasından sonra  Ermənistanda adları dəyişdirilmiş yaşayış məntəqələrinin siyahısı verilir.

Mövzu ətrafında çıxış edən şöbə müdirləri, coğrafiya üzrə fəlsəfə doktorları - Şamil Əzizov, Habil Haqverdiyev və İsmayıl Quliyev fikirlərini bölüşüb, nəşrin ingilis dilinə tərcümə edilməsinin vacibliyini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: