Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.03.2022 16:26
  • A-
  • A
  • A+

Görkəmli memar Ənvər Qasımzadənin 110 illiyinə həsr olunan elmi sessiya keçirilib

Görkəmli memar Ənvər Qasımzadənin 110 illiyinə həsr olunan elmi sessiya keçirilib

Martın 14-də Memarlıq və İncəsənət İnstitutunda Əməkdar inşaatçı, görkəmli memar, AMEA-nın müxbir üzvü Ənvər Qasımzadənin 110 illiyinə həsr olunmuş onlayn elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın görkəmli memarlarından biri, böyük elm xadimi Ənvər Qasımzadənin fəaliyyətindən bəhs edib. Akademik qeyd edib ki, Ə.Qasımzadə Azərbaycanda memarlığın inkişafına böyük töhfələr verib, uzun müddət memarlıq üzrə rəhbər vəzifələrdə dövlət qulluqçusu kimi xidmət göstərib, həmçinin memarlıq istiqamətində bir çox layihələrin həyata keçirilməsinə müvəffəqiyyətlə nail olub. Akademikin sözlərinə görə, Ə.Qasımzadə eyni zamanda şəhərsalma sahəsində də böyük xidmətlər göstərib və Azərbaycanın bir çox tanınmış memarları onun məktəbinin yetirmələridir.

Sonra institutun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə  Ənvər Qasımzadənin elmi yaradıcılığı mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, görkəmli memar, bacarıqlı təşkilatçı, pedaqoq kimi tanınan Ə.Qasımzadə elmi fəaliyyəti dövründə 7 monoqrafiya və 70-ə yaxın elmi əsər ərsəyə gətirib. Həmin əsərlər müasir Azərbaycan memarlığının bir sıra aktual problemlərinə həsr olunub: “Ə.Qasımzadənin tədqiqatlarının böyük elmi əhəmiyyəti var və onun elmi irsi sənətşünaslıq elmində xüsusi yer tutur. Görkəmli memar Ə.Qasımzadə qısa, lakin çox mənalı bir ömür sürmüşdür”.

Daha sonra müəssisənin şöbə müdirləri - memarlıq üzrə elmlər doktoru, professor Rayihə Əmənzadə və memarlıq üzrə fəlsəfə doktoru, dosent Rahibə Əliyeva Ə.Qasımzadənin memarlıq sahəsində və sənətşünaslıq elmində göstərdiyi misilsiz xidmətindən bəhs ediblər. Çıxışlarda Bakıda və Azərbaycanın digər bölgələrində milli memarlıq üslubunda tikilən yaşayış və ictimai binaların onun layihələri əsasında həyata keçirildiyi vurğulanıb.

Sonda görkəmli memar Ənvər Qasımzadənin oğlu Elbay Qasımzadə elmi sessiyanın təşkilatçılarına minnətdarlığını bildirib və atası haqqında xatirələrini iştirakçılarla bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: