Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.03.2022 14:33
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzdə Novruz bayramı münasibətilə tədbir keçirilib

Seysmoloji Mərkəzdə Novruz bayramı münasibətilə tədbir keçirilib

Martın 18-də AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Novruz bayramı münasibəti ilə tədbir keçirilib.

Mərkəzin Həmkarlar Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli çıxış edərək əməkdaşları Novruz bayramı münasibəti ilə təbrik edib və onlara ən xoş arzularını çatdırıb.

Novruz bayramının xalqımızın ən gözəl bayramlarından olduğunu qeyd edən baş direktor keçmiş sovetlər dönəmində Novruz bayramının keçirilməsinə qadağaların olmasına baxmayaraq, bu bayramın xalqımız tərəfindən hər zaman qeyd edildiyini deyib. Onun sözlərinə görə, Novruz bayramının milli bayram kimi ölkəmizdə ən yüksək səviyyədə qeyd olunması ulu öndərimizin adı ilə bağlıdır. Hər il Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunduğunu bildirən baş direktor artıq bayram tonqallarının işğaldan azad olunmuş torpaqlarımızda da yandırıldığını deyib.

“Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Qarabağımız öz azadlığına qovuşdu. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda möhtərəm Prezidentimizin rəhbərliyi altında sürətli quruculuq işləri aparılır. Kəndlərimiz, şəhərlərimiz yenidən qurulur. İnsanlarımız öz yurd-yuvalarına qayıdandan sonra Qarabağımızda yenə həyat qaynayacaq. Bu bayram günündə torpaqlarımızın azadlığı uğurunda öz canlarından keçən şəhidlərimizin xatirəsini böyük ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayırıq. Biz bir xalq olaraq iki ildir ki, işğaldan azad olunmuş torpaqlarımızda Novruz tonqallarını yandırırıq. Bu, böyük xoşbəxtlikdir. Çünki biz torpaqlarımızı azad edərək həm dünyada bir xalq kimi nəyə qadir olduğumuzu göstərdik, həm də 30 ildir ki, öz yurd-yuvasından köçkün düşmüş insanlarımızın torpaq nisgilinə son qoyduq”.

Baş direktor sonda bir daha mərkəz əməkdaşlarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: