Martın 18-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda İraq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, İraq – Azərbaycan Dostluq Cəmiyyətinin sədri, İraqda nəşr olunan “Sadaka” qəzetinin baş redaktoru, Dr. Mumtaz Muhiddin Abdelhamedlə görüş keçirilib.
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva iraqlı qonağı görüş iştirakçılarına təqdim edərək tanınmış alim və ictimai xadim Mumtaz Muhiddin Abdelhamedin İraq – Azərbaycan əlaqələrinin möhkəmlənməsində xidmətlərindən danışıb. G.Baxşəliyeva iraqlı alimin 10-a yaxın tarixi əsərin, Qarabağ müharibəsi ilə bağlı kitabın və 50-yə yaxın məqalənin müəllifi olduğunu qeyd edib.
Mumtaz Muhiddin Abdelhamed çıxış edərək İraq və Azərbaycanın dostluq əlaqələrinin möhkəmləndirilməsində görülən işlərdən söz açıb. İraqlı qonaq təmsil etdiyi qurumların Şərqşünaslıq İnstitutu ilə əməkdaşlığının qurulmasının, birgə konfransların keçirilməsinin əhəmiyyətli ola biləcəyini qeyd edib.
Mumtaz Muhiddin Abdelhamed müəllifi olduğu “Qarabağ – münaqişənin tarixi” kitabını akademik Gövhər Baxşəliyevaya təqdim edib. O, həmçinin G.Baxşəliyevanın iki həftə öncə İraqda keçirilmiş “Azərbaycan ədəbiyyatında mütaliə - şair Füzuli əl-Bağdadi nümunəsində” adlı beynəlxalq konfransda iştirakı ilə bağlı İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyinin sertifikatını təqdim edib.
Mumtaz Muhiddin Abdelhamed 44 günlük müharibə ilə bağlı da kitab yazdığını və yaxınlarda bu kitabın çap olunacağını diqqətə çatdırıb.
Daha sonra Şərqşünaslıq İnstitutunun ərəbşünas əməkdaşları apardıqları tədqiqatlar barədə qonağa məlumat veriblər.
Mumtaz Muhiddin Abdelhamed sonda institut əməkdaşlarını maraqlandıran sualları cavablandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.