AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Qəbələ rayonu Nic qəsəbəsində yerləşən Azərbaycan Respublikası Alban-Udi Xristian icmasının təşkilatçılığı ilə Elm günü çərçivəsində Qəbələ rayonu Nic qəsəbəsində yerləşən Müqəddəs Yelisey adına Cotari kilsəsində dəyirmi masa keçirilib.
Tədbiri açan Alban-Udi Xristian icmasının sədr müavini Rafiq Danakari Qəbələ rayon İcra Hakimiyyətinin rəhbərliyinin salamlarını çatdırıb və dəyirmi masanın işinə uğurlar arzulayıb. O, belə mühüm tədbirin həyata keçirilməsində əməkdaşlığa görə ŞREM-in rəhbərliyinə səmimi təşəkkürlərini bildirib.
Sonra ŞREM-in elmi katibi Elşən Abdurahmanov ölkə başçısının 27 mart tarixinin Elm günü kimi qeyd olunması haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı və AMEA-nın Rəyasət Heyətinin 11 mart 2022-ci il tarixli qərarının mahiyyətindən bəhs edib.
Daha sonra dəyirmi masada AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarixi irs və etnoqrafiya şöbəsinin müdiri Rahim Həsənov “Şimal-qərbi Azərbaycanda erməni təxribatları, udinlərin qriqoryanlaşdırılması cəhdləri”, həmin şöbənin əməkdaşı Habil Xəlilov “Qurani-Kərimdə İsa Məsih anlayışı” və ŞREM-in elmi katibi E.Abdurahmanov “Albanşünaslıqda Udin məsələsi: tarixi-mədəni, etnoqrafik araşdırma” mövzularında məruzələrlə çıxış ediblər.
Həmçinin Alban-Udi Xristian icmasına Şəki Regional Elmi Mərkəzinin kitab və monoqrafiyaları, eləcə də icma rəhbərliyinə təşəkkürnamə təqdim edilib.
Sonda iştirakçılar “Udin ocağı” etnoqrafik muzeyi və Müqəddəs Məryam Ana Bulun kilsəsini ziyarət ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.