Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.03.2022 15:48
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində soyqırımı qurbanlarının xatirəsi anılıb

Hüseyn Cavidin Ev Muzeyində soyqırımı qurbanlarının xatirəsi anılıb

AMEA Hüseyn Cavidin Ev Muzeyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı aktları nəticəsində qətlə yetirilən həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra muzeyin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı anım tədbirini açıb, 1918-ci ilin 31 mart tarixində Bakı və ətraf kəndlərdə erməni daşnak silahlı dəstələrinin Azərbaycan xalqına qarşı törətdikləri qətliamdan danışıb. O bildirib ki, qısa müddət ərzində ölkəmizin bütün regionlarını əhatə edən bu soyqırımı aktında Bakı şəhəri ilə yanaşı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər yaşayış məntəqələrində 20 mindən artıq dinc sakin, qoca, qadın, uşaq misli görülməmiş qəddarlıqla qətlə yetirilib, insanlar məscidlərə doldurularaq diri-diri yandırılıb, Azərbaycan şəhərlərində tarixi-memarlıq abidələri dağıdılıb, evlər qarət edilib, milyonlarla insan səfil vəziyyətinə düşüb, aclıq və səfalət üzündən dünyasını dəyişib.

Alim qeyd edib ki, 1918-ci ilin mart ayında daşnakların törətdiyi bu faciələr zamanı ölüm təhlükəsi ilə üz-üzə qalanlardan biri də dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid olub. Belə ki, qaniçən cəlladlar H.Cavidi və onunla bərabər “Təbriz” mehmanxanasında yaşayan yetmiş nəfərəcən dinc sakini silah gücünə əsir alıb, oradan çıxarıb və yol boyu bu insanlardan əksəriyyətini güllələyiblər. Hüseyn Cavid isə bir təsadüf nəticəsində ölümün pəncəsindən xilas ola bilib.

G.Babaxanlı daşnak və bolşevik silahlı birləşmələrinin törətdikləri bu insanlığa sığmayan vəhşiliyi uzun müddət sovet hakimiyyətinin “vətəndaş müharibəsi” kimi pərdələdiyini və yalnız ümummilli lider Heydər Əliyevin ölkədə ali hakimiyyətə qayıdışından sonra erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərə obyektiv hüquqi-siyasi qiymət verildiyini deyib. O, ulu öndərin tarixi ədaləti bərpa edərək 1998-ci ilin 26 martında imzaladığı Fərmanla Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı aktlarına hüquqi-siyasi qiymət verdiyini və 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü elan etdiyini diqqətə çatdırıb.

Daha sonra muzeyin Elmi ekspozisiya şöbəsinin hazırladığı “Hüseyn Cavid və müasirlərinin xatirələrində 1918-ci ilin qanlı hadisələri” mövzusunda videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: