Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.04.2022 14:35
  • A-
  • A
  • A+

Elm Tarixi İnstitutu 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirib

Elm Tarixi İnstitutu 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirib

AMEA-nın Elm Tarixi İnstitutunda (ETİ) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirib.

Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Elm Tarixi İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəyli 1918-ci il 30 mart-3 aprel tarixləri arasında Bakıda və Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı törədilən kütləvi qırğınların təkcə bir millətə deyil, bütün insanlığa qarşı törədilmiş bəşəri cinayət olduğunu vurğulayıb.

İnstitut direktoru ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə hər il 31 mart tarixinin Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunmasının xalqımızın özünüdərki və vətənpərvərlik hisslərinin artırılması istiqamətində vacib addım olduğunu bildirib. M.Seyidbəyli  sözügedən hadisələrlə bağlı arxiv materiallarının araşdırılması, həmçinin respublika və dünya alimlərinin azərbaycanlıların soyqırımı barədə ərsəyə gətirdiyi elmi işlərin öyrənilməsi istiqamətində Elm Tarixi İnstitutunda aparılan tədqiqatlar barədə məlumat verib.

Sonra  ETİ Həmkarlar Komitəsinin sədri Aynur Nəzərova çıxış edərək tədbirdə qonaq qismində iştirak edən, faciəli həyat hekayəsinin İctimai televiziya tərəfindən “Son məktub” filmində sənədləşdirildiyi hərbçi Nadir Qədirovun oğlu İmran Qədirovu təqdim edib. İmran Qədirov I Qarabağ müharibəsində əsir düşərək Şuşa həbsxanasında saxlanılan və erməni cəlladlar tərəfindən dözülməz işgəncələrə məruz qalaraq intihar yolunu seçmiş atası Nadir Qədirovun məşəqqətli ömür yolu barədə danışıb, dəhşətli hadisənin onun uşaq hafizəsində iz qoyduğu travmaları yada salıb.

Sonra A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov çıxış edərək, tarix boyunca azərbaycanlılara qarşı törədilən soyqırımın kökündə hansı səbəblərin dayanması, eləcə də Azərbaycan xalqının təcavüzlərə qarşı apardığı mübarizə barədə ətraflı məlumat verib. Alim zəngin təbii ehtiyatlara, mühüm strateji və münasib coğrafi mövqeyə malik Azərbaycan ərazisinin daim işğalçı dövlətlərin diqqət mərkəzində olduğunu və bu ərazilərə sahib olmaq üçün “erməni kartı”ndan mütəmadi istifadə edildiyini təsdiqləyən faktlardan söz açıb.

Daha sonra institutun digər əməkdaşları elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski, Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşı, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Nazilə Soltanova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülşən Məmmədoğlu, elmi işçilər Elxan Quliyev, Solmaz Namazova çıxış edərək hadisəyə müxtəlif aspektlərdən münasibət bildiriblər.

Çıxışlarda XVIII-XIX əsrlərdə ermənilərin kütləvi surətdə Cənubi Qafqaza köçürülməsi və bu nankor zümrənin 200 ildən artıq davam edən əsassız ərazi iddialarının Azərbaycan xalqı üçün hansı faciələrlə nəticələndiyi barədə ətraflı məlumat verilib.

Soyqırımların Azərbaycanın şimalı ilə yanaşı, cənubunda da baş verdiyinə diqqət çəkən natiqlər aparılan araşdırmalar nəticəsində millətimizə qarşı törədilən cinayətlərin sistemli və məqsədyönlü şəkildə həyata keçirildiyini, imperialist dövlətlərin xalqımıza qarşı düşünülmüş siyasətin icraçı aləti olan erməniləri necə təşkilatlandırmasını, silahlandırmasını ortaya qoyan faktlar təqdim ediblər. Qeyd olunub ki, XX əsrdə silsiləviləşmiş olan bu soyqırımlar XXI əsrin əvvəlində də həm fiziki, həm mədəni formada davam etdirilib və bu gün Qarabağda işğaldan azad edilmiş bölgələrdə dağıdılmış yurd yerlərimiz, asimilə edilməyə cəhd edilmiş qədim abidələrimiz buna ən bariz sübutdur.

Mədəni dünyanın, beynəlxalq qurumların laqeydliyini, görməzdən gəldiyini qınayan tədbir iştirakçıları xalqımıza qarşı belə hadisələrin bir də baş verməməsi üçün yaxın və uzaq tariximizdən ibrət götürülməsinin vacibliyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: