Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.04.2022 09:46
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzində Elm gününə həsr olunan tədbir keçirilib

Lənkəran Regional Elmi Mərkəzində Elm gününə həsr olunan tədbir keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Elm gününə həsr olunmuş tədbir keçirilib.

Yığıncaqdan əvvəl mərkəzdə keçirilən “Açıq qapı” günü ilə bağlı rayonun Xanbulan kənd orta məktəbinin bir qrup yuxarı sinif şagirdi təşkilatın təcrübə bazasına gələrək görülən işlərlə tanış olublar.

Mərkəzin bitkiçilik şöbəsinin elmi işçisi Aqil Həsənov şagirdlərə AMEA barədə, burada aparılan elmi-tədqiqat işləri, əsasən də çayçılıq və sitrusçuluq sahəsində LREM-in əldə etdiyi uğurlardan ətraflı məlumat verib.

Mərkəzin əsas ofisində təşkil olunan tədbirə Lənkəran Dövlət Universitetinin (LDU) bir qrup magistrantı da qatılıb. Gələcəyin mütəxəssislərinə mərkəzdə aparılan elmi-tədqiqat işləri barədə məlumat verilib, təşkilatın təcrübə bazasında əldə edilən meyvə nümunələri, həmin meyvələrdən hazırlanmış konserv məhsulları, arxeloji tapıntılar, son illərdə təşkilat əməkdaşlarının çap olunmuş kitablarından ibarət sərgi təqdim olunub, təşkilatın fəaliyyətindən bəhs edən videorolik nümayiş etdirilib.

LREM-in elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev ölkə başçısının “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamından bəhs edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə digər sahələrdə olduğu kimi, elmin inkişafında da yeni mərhələ başlayıb. O, Azərbaycan elminin inkişafına dövlətin qayğısından, həmçinin ölkədə azərbaycançılıq ideyasının bərqərar edilməsindən ətraflı danışıb və “Müstəqillik dövründə humanitar elmin inkişaf istiqamətləri” məruzəsi ilə çıxış edib.

Mərkəzin Folklor, etnoqrafiya və arxeologiya şöbəsinin aparıcı elmi işçiləri, tarix üzrə fəlsəfə doktorları Mayis Cəfərov və Samir Kərimov isə müstəqil Azərbaycanın inkişafı yolunda görülən genişmiqyaslı işlər barədə məlumat veriblər.

Daha sonra LDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Fəxrəddin Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli və başqaları ölkə Prezidenti cənab İlham Əliyevin elmə verdiyi dəstəyi vurğulayıb və bu istiqamətdə icra olunan Dövlət proqramlarını sadalayıb, mərkəzin əməkdaşlarını Elm günü münasibətilə təbrik ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: