Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.04.2022 15:37
  • A-
  • A
  • A+

“Elm günü - beynəlxalq elmi əməkdaşlıq” mövzusunda seminar keçirilib

“Elm günü - beynəlxalq elmi əməkdaşlıq” mövzusunda seminar keçirilib

AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) təşkilatçılığı ilə 27 mart - Elm gününə həsr olunan “Elm günü - beynəlxalq elmi əməkdaşlıq” mövzusunda beynəlxalq elmi seminar keçirilib.

Seminar N.İ.Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin Pavlovsk filialının və K.Minina adına Nijni Novqorod Dövlət Pedaqoji Universitetinin iştirakı ilə baş tutub.   

Tədbirdə ETİ-nin baş direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli “AMEA Elm Tarixi İnstitutu: fəaliyyətinin formalaşması, əsas istiqamətləri və nailiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda elm tarixinin öyrənilməyə başlanılması və təşkilatlanması, ölkədə elm tarixinin və elmşünaslığın yeganə fundamental araşdırma mərkəzi olan Elm Tarixi İnstitutunun yaranma zərurəti, profili, fəaliyyət istiqamətləri, tədqiqat sahələri, strukturu, eləcə də əsas elmi nəticələri barədə statistik məlumatlar təqdim edilib.

2014-cü ildən təsis edilib 2016-cı ildən əməli fəaliyyətə başlayan ETİ-nin fəaliyyətinin bütün spektrləri üzrə təsəvvür yaradan çıxışda institutun ötən illərdə bir çox yeniliklərə və “ilk”lərə imza atması, spesifik profili, yeni tədqiqat sahələri, fərqli layihə və nəşrləri, intensiv və uğurlu beynəlxalq əlaqələri, respublika və beynəlxalq səviyyəli elmi konfrans və seminarlarından bəhs olunub. Qeyd olunub ki, bu müddət ərzində Elm Tarixi İnstitutu Rusiya, Çin, Ukrayna, Polşa və İtaliyada fəaliyyət göstərən müəssisələrlə fəal əlaqələr qurub, bir neçə xarici elmi qurum ilə əməkdaşlıq barədə razılıq əldə edib, müqavilələr imzalayıb, həmçinin Elm və Texnologiyanın Tarixi və Fəlsəfəsi üzrə Beynəlxalq İttifaqa (IUHPS) assosiativ üzv qəbul edilib.

Məruzədə bildirilib ki, institutun təşkilatçılığıyla Rusiya, Ukrayna, Çin və digər ölkələrdən 30-dan çox tanınmış alimin qatıldığı, elm tarixi və elmşünaslığa, fənlərarası əlaqələrə həsr olunmuş 2 beynəlxalq elmi konfrans keçirilib. Bundan əlavə, bu illər ərzində 2 beynəlxalq elmi seminar, 6 respublika səviyyəli konfrans, 10 elmi seminar və ümumilikdə müxtəlif mövzulara həsr olunmuş 100-dən çox tədbir həyata keçirilib. İnstitut əməkdaşlarının 2016-cı ildən bu günədək 40-dan çox kitabı, 200-dən çox məqalə və tezisi, o cümlədən indeksləşmiş və referativ bazalara daxil olan beynəlxalq elmi jurnallarda 70-ə yaxın məqaləsi çap edilib. İnstitutun “Elm tarixi və elmşünaslıq” adlı beynəlxalq elmi jurnalı müxtəlif ölkələrdə fəaliyyət göstərən 12 beynəlxalq nəşrdə indeksləşib.

Tədbir daha sonra öz işini ETİ-nin Təbiət və dəqiq elmlər şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent  Vüsalə Həsənovanın moderatorluğu ilə davam etdirib.

Seminarda hüquq elmləri doktoru Nadejda Biyuşkina və dosent Fedor Sosenkovun “SSRİ-nin yaranmasına doktrinal yanaşmalar”, professor Yevgeniya Kalininanın “Beynəlxalq elmi əməkdaşlıq: strategiyalar, prioritetlər və çağırışlar”, dosent Lyudmila Qnetovanın “1972-ci il RSFSR Əmək Məcəlləsinə və 2002-ci il Əmək Məcəlləsinə uyğun olaraq Rusiyada qadınların iş vaxtının hüquqi tənzimlənməsinin müqayisəli təhlili”, professor Sergey Kapterev və iqtisadiyyat üzrə fəlsəfə doktoru Nataliya Yagunovanın “Rusiya Federasiyasının Avropa Şurasından çıxması haqqında beynəlxalq müqavilənin denonsasiya prosesi və nəticələri”, dosent Mixail Şlyaxovun “Azadlığa gedən yol: P.A.Kropotkinin fəlsəfəsində tarixi prosesin xüsusiyyətləri”, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınskinin “Elm: nailiyyətlər və perspektivlər”, hüquq üzrə fəlsəfə doktoru Vüsalə Həsənovanın “Ekoloji mədəniyyət və təhsil – inkişaf və hüquqi tənzimləmə”, Aynur Nəzərovanın “Tərcüməşünaslığın bir elm kimi inkişaf tarixi və bəşəriyyətin həyatında tərcümə” və elmi işçi Novruz Nuriyevin “Mətn tənqidinin klassik üsulları: uyğunsuzluğun təhlili” mövzusunda məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: