Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.04.2022 16:39
  • A-
  • A
  • A+

“Türk dünyası mədəniyyəti kontekstində milli incəsənətin inkişafı problemləri” mövzusunda dəyirmi masa keçirilib

“Türk dünyası mədəniyyəti kontekstində milli incəsənətin inkişafı problemləri” mövzusunda dəyirmi masa keçirilib

Aprelin 4-də AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Elm gününə həsr olunmuş “Türk dünyası mədəniyyəti kontekstində milli incəsənətin inkişafı problemləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə ölkəmizdə elmə göstərilən dövlət qayğısından danışaraq, Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə respublikada “Elm günü”nün təsis edilməsinin bu diqqətin bariz nümunəsi olduğunu vurğulayıb. Hər il bu əlamətdar günün AMEA-da, eləcə də digər elmi müəssisələrdə qeyd edildiyini deyən baş direktor əməkdaşları Elm günü münasibətilə təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra institutun şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov 60, institutun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Tahir Bayramov isə 50 illik yubileyləri münasibətilə müəssisənin Fəxri fərmanı ilə təltif olunublar.

“Türk incəsənətinin dövrləşdirilməsi problemləri” mövzusunda məruzə ilə çıxış edən Ərtegin Salamzadə türk dünyası sənət tarixinin yaradılması yolunda əsas problemlərdən biri olan dövrləşmənin öyrənilən mədəniyyət haqqında obyektiv məlumat almağa imkan verən xronoloji sistem olduğunu diqqətə çatdırıb. Bildirib ki, türk ölkələri sənət tarixinin dövrləşdirilməsinin müqayisəli təhlili inkişafın müəyyən dövrlərinin xronoloji uyğunluğunu üzə çıxarmaqla yanaşı, eyni xronologiya hüdudlarında olan bəzi məzmunlu aspektlərin ümumiliyini, bəzən isə hətta eyniyyətini aşkar edir.

O, türk sənəti tarixində qədim dövr, XI-XII əsrlər, XV əsrin sonu – XVI əsr, XIX əsrin ikinci yarısı – XX əsrin əvvəli və müstəqillik dövrü kimi kontentin uyğunluğu dövrləri haqqında geniş məlumat verib. Baş direktor, həmçinin dövrləşmənin metodologiyasından, ikonoqrafiya və tipologiyadan danışıb, müasir sənətşünaslıqda bu problemə tətbiq olunan yanaşmalardan söz açıb.

Sonra institutun icraçı direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov “Bakı şəhəri rəssam Aleksandr Kuprinin yaradıcılığında” mövzusunda məruzə ilə çıxış edib. O, A.Kuprinin sənaye mənzərəsinin böyük ustası olduğunu bildirib. Məuzəçi qeyd edib ki, rəssamın əsərləri arasında ən məşhurları əzəmətli, səthi “reportaj”dan uzaq sənaye motivləridir.

Bir çox rəssamların köhnə Bakı obrazının ənənəvi mövzusuna müraciət etdiklərini deyən Xəzər Zeynalov şəhərin tarixi hissəsinin zərif Şərq üslubu ilə birləşdirilməsi ənənəsinin Kuprinin əsərlərində geniş yer aldığını, 1931-ci ildə Kuprinin “Köhnə şəhərdə axşam” əsərini ərsəyə gətirdiyini deyib.

“Türk xalqları rəssamlarının rəsmləri xalqlarımız arasında müxtəlif aspektlərdə əməkdaşlığın tarixi həqiqiliyini hiss etməyə imkan verir”, - deyən məruzəçi əlavə edib ki, bu gün də davam edən mədəni əməkdaşlıq xalqların bir-birinə və çiçəklənməsinə doğru birgə hərəkət etməsinə gətirib çıxarır.

Tədbirdə, həmçinin institutun elmi katibi, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Vüqar Kərimli “Müasir Qafqazda türk amilinin artan təsiri: konseptual yanaşma” mövzusunda məruzəsini təqdim edib.

“Qafqaz bölgəsində türk faktorunun rolu böyük tarixi-mədəni önəm kəsb edir”, - deyə bildirən alim Qafqazda türk faktorunun daha əhəmiyyətli amilə çevrilməsinin başlıca səbəbinin Azərbaycanın beynəlxalq müstəvidə böyük layihələr gerçəkləşdirməsi və Qarabağın artıq Qafqazın dünyaya açılan inkişaf və tərəqqi meydanına çevrilməsi ilə bağlı olduğunu qeyd edib

Sonda sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Tahir Bayramovun Adət-ənənələrin tipologiyası: ezoterik, etno-mədəni və bədii ənənələr adlı məruzəsi dinlənilib.

Məruzələr ətrafında geniş müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: