AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim İmanovun sədrliyi ilə keçirilən tədbirə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin və bir sıra ali təhsil müəssisələrinin əməkdaşları qatılıblar.
Seminarda ADA Universitetinin prorektoru, sözügedən universitetin nəzdində yeni yaradılmış Diplomatiya və İnkişaf İnstitutunun direktoru Fariz İsmayılzadə “Diplomatiya və İnkişaf İnstitutu: aktual politoloji tədqiqatlar və əməkdaşlıq imkanları” adlı məruzə ilə çıxış edib. ADA Universitetinin İqtisadiyyat İnstitutu ilə birgə həyata keçirdiyi layihələr barədə məlumat verən məruzəçi bildirib ki, “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflər hazırlanması” layihəsi professor Nazim İmanovun rəhbərliyi ilə uğurla başa çatdırılıb, məcburi köçkünlər arasında keçirilmiş sorğular əsasında dövlət qurumlarında xidməti istifadə üçün 4 kitab nəşr olunub. Yeni birgə layihələrin həyata keçirilməsi üçün yaxşı imkanlar var və tərəflər bu istiqamətdə əməkdaşlığı genişləndirmək əzmindədirlər.
Rəhbərlik etdiyi yeni yaradılmış Diplomatiya və İnkişaf İnstitutu barədə danışarkən Fariz İsmayılzadə dünya səviyyəli universitetlərin yaradılması sahəsindəki beynəlxalq təcrübədən, bunu üçün tələb olunan resurslardan və ölkəmizdəki mövcud imkanlardan söz açıb. Qeyd edib ki, yeni yaradılan institutun nəzərdə tutulan əsas fəaliyyət istiqamətlərinə təlimlərin (dövlət və özəl sektor üçün), beynəlxalq qrantlar və layihələrin, konfransların və simpoziumların keçirilməsi, elmi-praktiki jurnalın nəşri, tədqiqat işlərinin, təhlillərin aparılması, analitik yazıların çap olunması daxildir. Hazırda dünyada baş verən mühüm hadisələrlə bağlı təhlillər və qiymətləndirmələr aparılır, xarici ekspertlərlə birgə müxtəlif aktual mövzularda müzakirələr təşkil olunur.
F.İsmayılzadə vurğulayıb ki, ADA Universitetinin nəzdində Diplomatiya və İnkişaf İnstitutunun əsas məqsədi siyasətə və gündəlik qərar vermə prosesinə yaxın olmaq, ona töhfə vermək, interdisiplinar tədqiqatlar aparmaq, beynəlxalq əməkdaşlıq əlaqələri qurmaq, proseslərə müstəqil baxış ortaya qoymaq, zamanın tələbinə uyğun analitik təhlillər aparmaq, real iş sektoru ilə sıx dialoq qurmaqdır.
Sonra seminarda regionda baş verən siyasi və iqtisadi proseslər, Ukrayna-Rusiya müharibəsi və onun beynəlxaq nəticələri, həmin proseslərin Azərbaycana təsirləri, Rusiya-Azərbaycan, Ukrayna-Azərbaycan münasibətləri, ərzaq təhlükəsizliyinin təmin edilməsinin aktuallaşması, Qarabağda bərpa və yenidənqurma işləri ilə bağlı məsələlər, İqtisadiyyat İnstitutu ilə ADA Universitetinin Diplomatiya və İnkişaf İnstitutu arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında geniş müzakirələr aparılıb.
Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvü, professor Akif Musayev, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi Mirəli Kazımov, professor İsa Alıyev və digərləri çıxış edərək qeyd edilən məsələlərlə bağlı öz fikirlərini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.