Tanınmış riyaziyyatçı alim, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin 65 yaşı tamam olub. Alim 65 illik yubileyi münasibətilə Akademiyanın Rəyasət Heyətinin aprelin 1-də keçirilən iclasında AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov tərəfindən AMEA-nın Fəxri fərmanı ilə təltif edilib.
Azərbaycan elminin dünya səviyyəsində tanıdılması istiqamətində yorulmadan çalışan, dünya riyaziyyat elminə bir çox dəyərli töhfələr verən AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevlə müsahibəni təqdim edirik:
- Vaqif müəllim, sizi yubileyiniz münasibətilə təbrik edir, riyaziyyat elminin inkişafı yolunda yeni nailiyyətlər arzu edirik. Bu günlərdə 65 illik yubileyiniz münasibətilə AMEA-nın Fəxri fərmanı ilə təltif edilmisiniz. Bu barədə təəssüratlarınızı bizimlə bölüşərdiniz.
- Bildirmək istəyirəm ki, hansı sahədə çalışmağımdan, hansı vəzifəni tutmağımdan, dünyanın harasında olmağımdan asılı olmayaraq, Azərbaycan elminə layiqincə xidmət etmək və elmimizin dünya səviyyəsində tanıdılması istiqamətində yorulmadan çalışmaq mənim qarşıma qoyduğum ən mühüm vəzifələrdən biridir. Əsas məqsədimiz keçdiyimiz əvvəlki riyazi məktəblərin irsindən, bəhrələrindən yararlanaraq böyük bir alimlər qrupunu çəkib apararaq Azərbaycan riyaziyyat elminin inkişafı naminə günümüzün riyazi məktəbini yaratmaq və bu istiqamətdə yorulmadan çalışmaqdır. Təbii ki, bu yolda bizə göstərilən hər bir diqqət doğru yolda olduğumuza işarə verir və elmin dünya səviyyəsində tanıdılması istiqamətində yorulmadan, inamla, etimadla çalışmağımıza bir stimul yaradır.
- Vaqif müəllim, məlumdur ki, elmi fəaliyyətinizin böyük bir qismi Rusiya Elmlər Akademiyasının V.A.Steklov adına Riyaziyyat İnstitutu (Moskva) ilə bağlı olub. Hazırda bu əlaqələri necə davam etdirirsiniz?
- Elmi fəaliyyətimi 1983-cü ildən başlayaraq SSRİ EA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutunda davam etdirmiş, 1987 və 1991-ci illərdə həmin institutda elmi təcrübə keçmişəm. 1991-ci ildə V.A.Steklov adına Riyaziyyat İnstitutunda Heyzenberq qruplarında təyin olunmuş funksional fəzalarda daxilolma teoremləri və yaxınlaşmalar nəzəriyyəsi sahəsində aldığım fundamental nəticələrimə görə bu institutun elmi işçisi siması ilə Almaniya Federativ Respublikasının Yena şəhərində yerləşən Fridrix-Şiller Universitetinə elmi məzuniyyətə göndərilmiş və burada prof. H.Tribelin rəhbərlik etdiyi seminarda elmi mühazirələr oxumuşam.
Mütəmadi olaraq V.A.Steklov adına Riyaziyyat İnstitutu ilə əlaqələrimi davam etdirmişəm. 2005 və 2015-ci illərdə uyğun olaraq V.A.Steklov adına Riyaziyyat İnstitutunun akad. S.M.Nikolskinin 100 və 110 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfranslarda plenar məruzəçi qismində çıxış etmişəm. 2008 və 2018-ci illərdə Rusiya EA-nın müxbir üzvü, prof. L.D.Kudryavtsevin 85 və 95 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfranslarda plenar məruzəçi qismində çıxış etmişəm. 2008 və 2018-ci illərdə Rusiya EA-nın Sobolev adına Riyaziyyat İnstitutunda akad. S.L.Sobolevin 100 və 110 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfranslarda plenar məruzəçi qismində çıxış etmişəm. 2015-ci ildən isə Rusiya Xalqlar Dostluğu Universitetinin akad. S.M.Nikolski adına Riyaziyyat İnstitutunda xarici tədqiqatçı kimi baş elmi işçi qismində fəaliyyət göstərirəm.
- Elmi fəaliyyətinizin əsas istiqamətlərindən, riyaziyyat elmində əldə etdiyiniz uğurlardan bəhs etməyinizi istərdik.
- Bircins Li qruplarında təyin olunmuş yeni daxil etdiyim lokal Morri tipli fəzalarda daxiletmə teoremlərini araşdırmışam. Belə ki, ədəbiyyatda dünyanın məhşur riyaziyyatçıları tərəfindən artıq bu fəzalar Morri-Quliyev tipli fəzalar da adlandırılır. Elmi işlərim bircins tipli fəzalarda və bircins Li qruplarında təyin olunmuş funksional fəzalarda inteqral operatorlar nəzəriyyəsinə, çoхdəyişənli diferensiallanan funksiyalar fəzaları üçün daхilolma teoremləri nəzəriyyəsinə, Heyzenberq qruplarında təyin olunmuş funksional fəzalar üçün yaхınlaşmalar nəzəriyyəsinə, eləcə də banaхqiymətli funksional fəzalar nəzəriyyəsinə, çoхölçülü kompleks oblastlarda təyin olunmuş holomorf və harmonik funksiyalar fəzaları nəzəriyyəsinə, Morri tipli fəzalarda inteqral operatorların məhdudluğu və onların diferensial tənliklər nəzəriyyəsinin tətbiqi məsələlərinə həsr olunmuşdur. Sinqulyar və sinqulyar olmayan inteqrallar və onların kommutatorlarının çəkili və çəkisiz ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün meyarlar almışam. Elliptik və parabolik tipli diferensial tənliklərin həllərinin çəkili və çəkisiz ümumiləşmiş Orliç-Morri fəzalarında requlyarlığını araşdırmış və baxılan tənliklərin zəif həllərinin qradiyenti üçün qiymətləndirmələr almışam.
Son illərdə bircins qruplarda Kalderon-Ziqmund operatorlarının və kəsr inteqral operatorunun doğurduğu subxətti operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğunu göstərməklə bircins qruplarda bir sinif hipoelliptik operatorlar üçün ümumiləşmiş Sobolev-Morri qitmətləndirmələri almışam. Həmçinin ikinci tərtib divergent elliptik tənliklərin həllərinin birinci tərtib törəmələrinin modifit lokal ümumiləşmiş Morri fəzalarında requlyarlığı məsələsinə baxmışam, belə ki, tənliyin əmsalları Sarason VMO sinfindəndir. Əsas məqsədim ikinci tərtib divergent formalı elliptik tənliklərin həllərinin birinci tərtib törəmələrinin Kalderon-Ziqmund nüvəli sinqulyar operator və onların kommutatorları vasitəsilə ifadəsinin verilməsidir. Bu ifadələri birləşdirərək hər bir operator üçün Morri tip qiymətləndirmələrdən istifadə edərək baxılan tənliyin həllərinin qlobal requlyarlığı məsələsini araşdırmışam.
Sədrliyim ilə “Operators on Morrey-Type Spaces and Applications” adlı beynəlxalq elmi konfrans Türkiyənin Ahi Evran (2011, 2017) və Kütahya Dumlupinar (2019) universitetlərində keçirilmişdir.
Beş elmlər doktorunun elmi məsləhətçisi olmuş, riyaziyyat üzrə iyirmi elmlər namizədi hazırlamışam. 4 dəfə (2014, 2015, 2017, 2020) Padova Universitetində (İtaliya) fəlsəfə doktorluğu disertasiya işinin müdafiəsində komissiyanın üzvü (opponent) kimi iştirak etmişəm.
- Bildiyimiz kimi, “Web of Science” bazasına daxil olan impakt faktorlu jurnallarda çap olunmuş 180-dən çox məqalənin müəllifisiniz. “Clarivate Analytics” (Web of Science Awards 2018) agentliyi tərəfindən “Azərbaycanda Təbiət elmləri üzrə ən məhsuldar müəllif” nominasiyası üzrə qalib olmusunuz. Elmi əsərlərinizə 1600-dən çox istinad edilib. Beynəlxalq elm aləmində tanınmaq üçün alimlərimizə tövsiyələriniz nələrdir?
- Qeyd edim ki, 2 monoqrafiya və 250-dən çox elmi əsərin müəllifiyəm. Azərbaycanda və regionda “Clarivate Analytics” bazasında ən çox məqaləsi çap olunan və ən çox istinad alan (Clarivate Analytics-də 1600, Google Scholar-da 4250, MathSciNet Mathematical reviews-da 1450 istinad) tanınmış alimlərdənəm. H-indeksim isə 34-dür.
Əgər söhbət müstəqil bir dövlətin elmindən gedirsə, bu barədə danışmaq indi həmişəkindən daha çox önəmlidir. Alimlərimizin elmi-tədqiqat işlərini, müxtəlif sahələrdə aldıqları elmi nəticələri dünya miqyasına çıxarması onların həmin elm sahəsi üzrə dünyada tutduğu mövqeyinin və nüfuzunun elmi göstəricisi olur. Bu səbəbdən riyaziyyatın prioritet məsələlərinin müəyyən edilməsi, bu elm sahəsinin təbiət məsələlərinin həllinə tətbiqinin araşdırılması, innovativ istiqamətlərin müəyyənləşdirilməsi və alimlərimizin əldə olunan elmi-tədqiqat işlərinin nəzəri və praktik cəhətdən mühüm nəticələrinin yerli və beynəlxalq konfrans və seminarlarında müzakirə edilməsi görüləcək əsas işlərdəndir.
- Vaqif müəllim, məlumdur ki, uzun illərdir ki, AMEA-da fəaliyyət göstərirsiniz. Hazırda fəaliyyətinizi Bakı Dövlət Universiteti ilə yanaşı, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda da davam etdirirsiniz. AMEA-da elmimizin inkişafına yönəlmiş aparılan islahatlardan, bu istiqamətdə görülən işlərdən bəhs edərdiniz. Akademiyada aparılan bu islahatları qaneedici hesab edirsinizmi?
- Qeyd etdiyiniz kimi, uzun illərdir ki, AMEA-da fəaliyyət göstərirəm. 1978-1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasında Kibernetika İnstitutunda elmi işçi, 1983-2009-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Riyazi analiz kafedrasında assistent, baş müəllim, dosent, professor, 2009-2019-cu illərdə isə əvəzçiliklə professor vəzifəsində çalışmışam. 2009-cu ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi, 2015-2019-cu illərdə elmi işlər üzrə direktoru, 2014-cü ildən əvəzçiliklə Riyazi analiz şöbəsinin müdiri işləyirəm. 2019-cu ildən BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda baş elmi işçi, 2021-ci ildən isə elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıram.
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu elm məbədinin əsasını qoyan alimlər böyük şücaət göstərmişlər. Ötən dövrdən bu günədək Akademiyada gorülən işlər sayəsində Azərbaycan elmi çox inkişaf etmişdir. İnanıram ki, AMEA-da aparılan islahatlar davam edəcək, Elmlər Akademiyası və müvafiq institutlar bu istiqamətdə uğurla fəaliyyət göstərəcəklər. Azərbaycan elmi daima inkişaf etməlidir və bu istiqamətdə mən də daxil olmaqla, AMEA üzvlərinin üzərinə böyük məsuliyyət düşür.
Mənim bilavasitə iştirakım ilə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə Rusiya EA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutu və Rusiyanın Xalqlar Dostluğu Universiteti (РУДН) arasında müqavilə imzalanmışdır. Həmçinin Sobolev adına Riyaziyyat İnstitutu ilə AMEA Riyaziyyat və Mexanika İnstitutu arasında müqavilə anlaşması olmuş, 2017-ci ilin yanvar ayında artıq bu sənəd rəsmiləşdirilmişdir.
Ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı “Tədbirlər Planı” elmimizin genişmiqyaslı, hərtərəfli və köklü islahatlarını nəzərdə tutan mühüm sənəddir. Milli Strategiya Azərbaycan elmində mövcud problemləri qeyd etməklə yanaşı, onların həlli yollarını, müddət və icraçılarını göstərir, dövlət qurumları, AMEA və universitetlər qarşısında konkret vəzifələr qoyur. İslahatlar Azərbaycan elminin strukturunun və idarəedilməsinin, maliyyələşmə sxemlərinin, akademik institut və universitetlərdə aparılan tədqiqatların mövzu və səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur.
Elmimizin çoxsaylı problemlərinin həlli yollarının tapılması elmi ictimaiyyətin daim diqqət mərkəzində olmalıdır. İslahatlar nəticəsində elmi kadrların hazırlanması, alimlərin əmək şəraitinin və sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması kimi məsələlər öz həllini tapacaq. Aparılacaq islahatlar, gözlənilən yeniliklər alim əməyini maddi və mənəvi cəhətdən stimullaşdırmalı, onun məhsuldarlığını və keyfiyyətini yüksəltməlidir.
Azərbaycan Respublikasında elmi tədqiqatların prioritetləri, ilk növbədə, müasir dünya elminin inkişaf səviyyəsi və tələbləri əsasında müəyyənləşdirilməlidir. Bu məqsədlə fundamental elmlər üzrə tədqiqatların genişləndirilməsini, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının gücləndirilməsini vacib hesab edirəm.
Keyfiyyətli elmi nəticələr bir qayda olaraq yüksək səviyyəli jurnallarda çap olunur və bu məqalələr başqa tədqiqatçılar tərəfindən geniş şəkildə istifadə edilir. Məqalənin nəşr edildiyi jurnalın səviyyəsi onun təsir əmsalı ilə bağlıdır ki, bu parametr “Clarivate Analytics” beynəlxalq agentliyi tərəfindən hesablanır və hər il elmi ictimaiyyətin diqqətinə çatdırılır. Təsir əmsalı yüksək olan jurnallar istedadlı və fəal müəllif korpusuna arxalanaraq aid olduğu sahə və istiqamətlərin inkişafını müəyyənləşdirir. Belə jurnallarda məqalə çap etdirmək peşəkarlıq və özünütəsdiq baxımından hər bir alim üçün vacibdir. Elmi işin keyfiyyətinin ikinci göstəricisi məqaləyə başqa tədqiqatçılar tərəfindən verilmiş istinadların sayıdır. Elmi nəticəyə istinadın verilməsi, onun yeni tədqiqatlarda istifadə edilməsi həmin nəticənin əhəmiyyətinin, yüksək keyfiyyətinin təsdiqidir.
Beynəlxalq məlumat bazalarına əsaslanaraq apardığımız araşdırmalar Azərbaycan elmində kondensə olunmuş maddələr fizikası, fiziki və nəzəri kimya, elektron, optik və maqnit materialşünaslıq, üzvi kimya, elektrik və elektron mühəndisliyi, nəzarət və sistem mühəndisliyi, yanacaq texnologiyası, energetika, süni intellekt, nüvə və yüksək enerjilər fizikası, qeyri-üzvi kimya, tətbiqi və hesablama riyaziyyatı, geokimya və petrologiya, riyazi fizika kimi istiqamətlərində məhsuldarlığın yüksək olduğunu göstərir. Bu istiqamətlər üzrə beynəlxalq səviyyədə qəbul olunan elmi məktəblər formalaşıb və fəaliyyət göstərir. Tədqiqatların formalaşmış prioritetləri elmin, texnika və texnologiyaların müasir istiqamətlərindən ibarətdir. Onların çərçivəsində həm fundamental, həm də tətbiqi elmi tədqiqatlar aparılır. Cəmiyyətdə münbit şərait yarandıqca mövcud məktəblər onların hazırladıqları mütəxəssislərdən elmtutumlu istehsalın yaranmasında, müasir texnologiyaların mənimsənilməsində fəal şəkildə iştirak edə bilərlər. Öz növbəsində dövlət və cəmiyyət belə şəraitin yaradılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
- “AMEA-nın Xəbərləri (riyaziyyat buraxılışı)” jurnalının baş redaktoru, “Applied and Computational Mathematics” jurnalının baş redaktor müavini, “TWMS Journal Pure and Applied Mathematics” və “Eurasian Mathematical Journal” jurnalının isə beynəlxalq redaksiya heyətinin üzvüsünüz. AMEA-da nəşr olunan jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması üçün nə kimi tədbirlər görülməlidir?
- Məlumdur ki, aparılmış tədqiqatlar, alınmış elmi nəticələr ictimaiyyətə müxtəlif formalarda çatdırıla bilər. Mövcud üsullardan biri, bəlkə də birincisi elmi məqalədir. Müxtəlif sahələr üzrə ixtisaslaşmış jurnallarda çap edilmiş məqalələr müəlliflərlə yanaşı, onların çalışdıqları universitet və institutların, təmsil etdikləri ölkələrin elmi nüfuzunu birbaşa müəyyən edən və ölkənin elmi inkişaf səviyyəsini göstərən amillərdəndir. Bu səbəbdən jurnalların əhəmiyyətinə görə qiymətləndirilməsi müxtəlif qurumlar və ictimaiyyət qarşısında duran mühüm vəzifələrdən biridir.
Müasir dünyada minlərlə elmi jurnal nəşr olunur. Aydındır ki, bir jurnal üçün hər il eyni dərəcədə yüksək səviyyəli nəticələrin alınmasını və nəşrini gözləmək düzgün olmazdı. Dünya elmində yüksək səviyyəli, məqaləsi bir neçə ekspert tərəfindən diqqətlə yoxlanılan nəşrlər siyahısı formalaşır ki, bu jurnallarda əsər çap etdirmək hər bir mütəxəssis üçün peşəkarlıq, özünütəsdiq baxımından müstəsna məsuliyyət tələb edir. Jurnalın redaksiya heyətində və çap olunacaq işlərə rəy verən ekspertlər arasında dünya elmində kifayət qədər tanınmış simaların olması, nəşrin dövriliyinin ciddi şəkildə qorunması, məqalələrdəki istinadların müasir standartlara cavab verməsi və hər gün yenilənən saytının olması jurnal üçün əsas tələblərdəndir.
“ISI Web of Knowledge” bazası əsasında hazırlanan analoji siyahılar elmi potensialımızın əsas hissəsi - ölkənin institut və universitetlərində çalışan alimlər üçün də tərtib edilməlidir. Qeyd etmək yerinə düşər ki, MDB məkanında belə siyahılar artıq yaradılıb və internet saytında yerləşdirilib. Bu işin həyata keçirilməsi üçün ilk növbədə hər bir mütəxəssisin öz yaradıcılığı haqqında müstəqil araşdırma apara bilməsi üçün elmi təşkilatların beynəlxalq informasiya mənbələrinə abunə yazılışı təmin edilməlidir. Belə olduğu təqdirdə elmi kadrların sahələr və təşkilatlar üzrə paylanmasını formal parametrlərə görə deyil, həqiqi elmi göstəricilər əsasında müəyyən etmək, məhsuldar qüvvələr üçün daha əlverişli şərait yaratmaq, elmi infrastrukturu optimallaşdırmaq olar. Reytinq siyahılarından alim əməyinin qiymətləndirilməsində, attestasiya prosesində, doktoranturanın ikinci pilləsində, eləcə də müdafiələr və AMEA-ya seçkilər zamanı da istifadə etmək lazımdır.
- Vaqif müəllim, məlumdur ki, 1997-ci ildən fəaliyyətinizin bir qismi Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyası ilə bağlı olub. Bununla bağlı nə deyə bilərsiniz?
- 1995-1997-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvü olmuşam, 1997-ci ildən 2002-ci ilədək və 2009-cu ildən 2014-cü ilədək Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika ixtisası üzrə Ekspert Şurasının üzvü olmuşam. 2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyyası Rəyasət Heyətinin üzvü kimi fəaliyyətimi davam etdirirəm.
- Vaqif müəllim, son olaraq, riyaziyyat elmində addım-addım irəliləyən gənc tədqiqatçılara tövsiyələriniz nələrdir?
- Yaxşı nəticə almaq olar, lakin əsas amillərdən biri onu tanıtmaq, dünyanın tanınmış, nüfuzlu dərgilərində çap etdirməkdir ki, bu da həmin alınmış nəticələrin dünyaya təqdim edilməsi, dünyaya çıxışı deməkdir. Gənc tədqiqatçıların hansı sahədə çalışmasından, dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq hər zaman tək bir məqsədləri olmalıdır: Azərbaycan elminə layiqincə xidmət etmək.
Statistik araşdırmalar gənc nəsildə xüsusən fundamental və tətbiqi elmlərə marağın azaldığını, cəmiyyətdə elmin və alim nüfuzunun zəiflədiyini göstərir.
Bütün əziyyətlərə qatlaşaraq elmin yolunu tutan gənc alimlərin elmi dərəcə aldıqdan sonra da sosial problemləri həll olunmayaraq qalır. Əlbəttə, gəncləri belə “perspektivlərlə” elmi işə cəlb etmək mümkün deyil və vəziyyət dəyişməzsə, mümkün də olmayacaq. Ona görə də, “...elmlər doktorları və fəlsəfə doktorlarının yaş tərkibinin 40-45 olmasından, dünya elmi ilə müqayisədə, Azərbaycan elmində təhlükəli həddə gəlib çatan qocalma tendensiyasından...” təəccüblənmək lazım deyil.
Hesab edirəm ki, bu kimi ciddi problemlər dövlət səviyyəsində mümkün həllini tapmalıdır. Son olaraq, arzu edirəm ki, gənclərimiz yuxarıda qeyd olunan problemlərdən çəkinməyərək fundamental və tətbiqi elmi sahələrdə özlərini təsdiq etməyə maraq göstərsinlər.
Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin sektor müdiri
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.