Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

09.04.2022 09:42
  • A-
  • A
  • A+

“Beşbarmaq” arxeoloji ekspedisiyasının 2021-ci ildəki tədqiqatlarının yekununa dair təqdimat keçirilib

“Beşbarmaq” arxeoloji ekspedisiyasının 2021-ci ildəki tədqiqatlarının yekununa dair təqdimat keçirilib

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda “Beşbarmaq” arxeoloji ekspedisiyasının 2021-ci il tədqiqatlarının yekununa dair təqdimat keçirilib.

Azərbaycan Respulikasının Prezidenti İlham Əliyevin 8 iyun 2020-ci il tarixli Sərəncamı ilə “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yaradılmış və idarə edilməsi Dövlət Turizm Agentliyinə həvalə olunmuşdur. Sərəncamın icrasına dair Dövlət Turizm Agentliyi və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu arasında müqavilə imzalanmış, Qoruq ərazisində arxeoloji tədqiqatlara başlanmışdır.

Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə t.ü.f.d., dosent Səfər Aşurov və elmi işçi Sevinc Hüseynovanın rəhbərlik etdiyi “Beşbarmaq” arxeoloji ekspedisiyası tərəfindən Qoruq ərazisində aparılmış tədqiqatların əsas məqsədi Beşbarmaq qalasının, onun yaxınlığında yerləşən qəbiristanlığın, müdafiə səddinin, digər tikililərin memarlıq xüsusiyyətlərini, dövrünü müəyyənləşdirmək, bölgənin gələcək turizm perspektivləri üçün təkliflər hazırlamaq olub.

Təqdimat mərasimində çıxış edənlər dosent S.Aşurov və Sevinc Hüseynova bildiriblər ki, arxeoloji qazıntılarla Beşbarmaq qalasının birinci terrasında qala divarları, 4 qala bürcü və 13 ev, ikinci terrasda isə qala divarı, 1 qala bürcü və 4 evin qalıqları təmizlənib.

Dördkünc planda olan tikililər sal qaya parçaları ilə hörülüb. Məlum  olub ki, 3x4 m ölçülərində olan tikililərin alt hissəsində, 4 qatdan sonra antiseysmik tədbir kimi divarın perimetri boyu tirlər düzülüb. Otaqların bir divarına bitişik oval formada kürsü qurulub. Kürsünün içərisi hisdən qaralıb. Əldə edilmiş arxeoloji materiallar əsasən orta əsrlərə aiddir.

2021-ci ilin ən mühüm nəticəsi birinci terrasda Erkən Tunc dövrü – Kür-Araz mədəniyyətinə aid maddi-mədəniyyət qalıqlarının tapılmasıdır. Bu təbəqədə Kür-Araz mədəniyyətinin Azərbaycanın şimal-şərq bölgələri üçün xarakterik lokal variantına məxsus saxsı qab qalıqları, daş əmək alətləri, daş büt əldə edilib. Bütün bunlar təsdiq edir ki, hələ e.ə. III minillikdən Beşbarmaq dağı bölgədə məskunlaşmış əhalinin sitayiş yeri – ibadətgah olub. Abidədə tədqiqatların davam etdirilməsi Azərbaycanın qədim tarixinin bir sıra problemlərinin həllinə yardımçı olacaq.

İnstitutun baş direktoru, professor Abbas Seyidov çıxışında vurğulayıb ki, Beşbarmaq dağında arxeoloji tədqiqatlar səmərəli olub. Onun sözlərinə görə, Azərbaycanın bir neçə bölgəsində qədim ziyarətgahlardan sonrakı dövrlərdə də inanc yeri kimi istifadə olunması təcrübəsinə rast gəlinir.

Tədbirdə t.ü.f.d., dosent Bəhlul İbrahimli çıxış edərək tədqiqatlar haqqında fikirlərini bölüşüb.

Sonda tədqiqatların bu il də davam etdirilməsinə dair rəylər söylənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: