Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları artıq neçə illərdir ki, müxtəlif dillərdə Azərbaycan ədəbiyyatını, tarixini və mədəniyyətini dünyanın bir çox ölkəsindən müxtəlif məqsədlərlə şəhərimizə gələn qonaqlara, turistlərə təqdim edirlər.
Bu günlərdə Əlcəzairdən gələn bir qrup ziyalı muzeyin qonağı olub. Qonaqları ərəb dilində muzeyin ekspozisiyası ilə Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin elmi işçisi Natəvan Bağırova tanış edib.
Ekspozisiyasını maraqla izləyən əlcəzairli turistlər xüsusən xalqımızın şeirə, incəsənətə sevgisindən, həmçinin Azərbaycanın çoxəsrlik tarixinin, ictimai fikrinin, mədəniyyətinin Yaxın və Orta Şərq ölkələrilə, o cümlədən müsəlman dünyası ilə bağlılığından söz açıblar.
Muzeyin memarlıq və dizayn baxımından görünüşü, Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinə həsr olunmuş kompozisiya və repressiya zalı ziyalılar tərəfindən orijinallıq cəhətdən yüksək qiymətləndirilib. Əcnəbi qonaqlar muzeydən dolğun məlumat və xoş təəssüratlarla ayrılıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.