Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

11.04.2022 09:36
  • A-
  • A
  • A+

Azərbaycan arxeoloqlarının da iştirak etdiyi beynəlxalq elmi tədqiqatın nəticələri dərc edilib

Azərbaycan arxeoloqlarının da iştirak etdiyi beynəlxalq elmi tədqiqatın nəticələri dərc edilib

“Qafqazda və Avrasiya çöllərində südlük maldarlığın yaranması və intensivləşməsi” (Emergence and intensification of dairying in the Caucasus and Eurasian steppes) adlı məqalə yüksək impakt faktorlu “Nature Ecology and Evolution” jurnalında dərc olunub.

Məqalə Şimali Qafqaz, Oka-Volqa-Don çayları hövzəsi və Azərbaycan ərazisindəki abidələrin əsasında Cənubi Qafqazda neolitdən antik dövrə qədər qədim insan qalıqlarının izotop analizlərinin nəticələrini əks etdirir. Müasir standartlar üzrə məqalənin ümumi tutumu 11.298 geqabaytdır.

4 il ərzində davam edən beynəlxalq elmi tədqiqatlar Almaniyanın Maks Plank Cəmiyyəti, Avropa Birliyinin “Horizon 2020” Tədqiqat və İnnovasiya Proqramı çərçivəsində Avropa Tədqiqat Şurasının, ERA.Net RUS Plus təşəbbüsü və Rusiya Elm Fondunun birgə layihəsi əsasında apaılıb. Layihədə Azərbaycan, Almaniya, Rusiya, Fransa, ABŞ, İsveçrə, Finlandiyanın mötəbər 24 elm mərkəzlərini təmsil edən arxeologiya, arxeogenetika, paleozoologiya, paleobotanika, molekulyar biologiya, biofizika sahələri üzrə 34 alim iştirak edib.

Beynəlxalq tədqiqat layihəsində Azərbaycanı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Fərhad Quliyev, Pərviz Qasımov, Bəxtiyar Cəlilov, Ceyhun Eminli və Emil İskəndərov təmsil ediblər.

Məqalənin həmmüəllifləri sırasında yer alan Azərbaycan arxeoloqları beynəlxalq elmi layihə çərçivəsində aparılan radiokarbon və izotop tədqiqatlara neolit dövründən antik dövrə qədər müxtəlif  tipli abidələrdən nümunələr təqdim ediblər. Həmçinin onlar həmin tapıntılar, tapıntıların dövrünə aid arxeoloji mədəniyyətlər, mədəniyyətlərin regional və lokal xüsusiyyətləri barədə məlumatları hazırlayıblar. 

Qeyd edək ki, “Nature Ecology and Evolution” jurnalı “Springer/Nature” beynəlxalq elmi nəşriyyat sisteminə daxildir və “Web of Science” və “Scopus” elmmetrik bazalarında referatlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: