AMEA-nın Botanika İnstitutunda Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının III nəşrinin hazırlanması ilə əlaqədar “Nadir bitkilərin qiymətləndirilməsi” mövzusunda treninq-seminar keçirilib.
Seminara “Qırmızı Kitab”ın yeni nəşrinin hazırlanmasında iştirak edən Botanika və Zoologiya İnstitutlarında yaradılan işçi qrupun üzvləri cəlb olunub. Tədbiri Botanika İnstitutunun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, b.e.d., professor Aydın Əsgərov açaraq “Qırmızı Kitab”ın yeni nəşrinin hazırlanması üzrə yerinə yetirilən işlərdən danışıb. Alim nadir bitkilərin qiymətləndirilməsi üçün istifadə olunacaq meyarları ətraflı şərh edərək beynəlxalq kateqoriyalarla yanaşı, milli meyarlara da önəm verilməsinin zəruriliyini vurğulayıb.
Seminarda bioloq və zooloq alimlər seminarın mövzusuna uyğun olaraq hazırladıqları təqdimatlarla çıxış edib, qarşılıqlı fikir mübadiləsi aparıblar. Sonda “Qırmızı Kitab”ın III nəşrinə daxil ediləcək fauna və floraya aid növlərin qiymətləndirilməsi Ətraf Mühitin Qiymətləndirilməsi (İUCN) qaydalarına uyğun olaraq aparılması qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.